Fillər bir-birinə siqnalları təkcə hava vasitəsilə deyil, həm də torpaq üzərindən ötürə bilir. Yeni araşdırma göstərib ki, onların qulaq quruluşu və eşitmə kanallarının xüsusiyyətləri bu titrəyişləri kilometrlərlə uzaq məsafədən qəbul etməyə imkan verir.
Lent.az fillərlə bağlı maraqlı məlumatları təqdim edir:
Fillər yalnız məşhur boru səsinə bənzər çağırışlar və dərin uğultular çıxarmırlar. Onlar həmçinin torpaqda titrəyiş yaradan aşağı tezlikli – infrazəs siqnalları da yayırlar. Digər fillər bu seysmik dalğaları bir neçə kilometr uzaqlıqdan qəbul edə bilir. Titrəyişlər ayaqlar və pəncələr vasitəsilə kəllə sümüyünə, daha sonra isə daxili qulağa ötürülür. Beləliklə, fillər sözün əsl mənasında bütün bədənləri ilə "eşidirlər". Alimlər bu xüsusiyyət haqqında əvvəllər də məlumatlı olsalar da, onun dəqiq mexanizmi tam aydın deyildi. Yeni tədqiqat göstərib ki, burada əsas rolu orta qulağın böyük ölçüsü və fillərin eşitmə kanallarını istədikləri zaman bağlama bacarığı oynayır. Tədqiqatın aparıcı müəllifi, Harvard Tibb Məktəbinin otolarinqologiya kafedrasının dosenti Sunil Puriya bildirib ki, insanlarda qulaq kanalının bağlanması – məsələn, qulaqdaxili qulaqlıqdan istifadə zamanı addım səsləri və ya çeynəmə kimi bədənin yaratdığı səsləri daha güclü hiss etməyə səbəb olur. Onun sözlərinə görə, fillər də eyni prinsipdən istifadə edərək torpaq vasitəsilə yayılan titrəyişləri daha yaxşı qəbul edirlər. Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar ölmüş fillərin və donor insanların gicgah sümüklərini araşdırıblar. Məhz bu nahiyədə orta və daxili qulaq yerləşir. Nümunələr bədən vasitəsilə yayılan səsi təqlid edən titrəyişlərə məruz qoyulub, lazer vasitəsilə isə orta qulağın sümükcüklərinin aşağı və yüksək tezliklərə reaksiyası ölçülüb. Təcrübə zamanı eşitmə kanalları xüsusi yumşaq tıxaclarla tam bağlanıb. Nəticələr insanlar və fillər arasında ciddi fərqlərin olduğunu göstərib. Fillərin orta qulaq sümükcükləri ən yaxşı şəkildə təxminən 400 hers tezliyinə reaksiya verib. İnsanlarda isə ən yüksək həssaslıq təxminən 1,2 kilohers səviyyəsində müşahidə olunub. Bundan başqa, aşağı tezliklərdə orta qulağın sümükcüklərindən biri olan üzəngi sümüyü fillərdə insanlarla müqayisədə üç-dörd dəfə daha fəal hərəkət edib. Tədqiqatçılar vurğulayırlar ki, daha böyük hərəkətlilik mütləq daha yaxşı eşitmə demək deyil. Lakin bu xüsusiyyət daxili qulağın ilbizinə daha çox titrəyiş ötürülməsinə imkan yaradır. İlbiz isə mexaniki titrəyişləri beyinə ötürülən sinir impulslarına çevirən əsas strukturdur. Alimlər həmçinin fillərin anatomik xüsusiyyətlərinə də diqqət çəkiblər. Onların orta qulaq sümükcükləri insanınkından təxminən 9 dəfə ağır, qulaq pərdəsi isə 7 dəfə böyükdür. Məhz bu xüsusiyyətlər aşağı tezlikli səslərin daxili qulağa daha səmərəli ötürülməsini təmin edir. Araşdırma müəllifləri hesab edirlər ki, fillər eşitmə kanalını bağlayan əzələni öz istəkləri ilə yığa bilirlər. Bu isə infrazəs siqnallarını qəbul edərkən sümük keçiriciliyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Onların hesablamalarına görə, ən aşağı tezliklərdə bu xüsusiyyət fillərin sümük vasitəsilə eşitmə qabiliyyətini 30 dəfəyədək artırmaq potensialına malikdir. Bununla belə, alimlər bildirirlər ki, tədqiqatın müəyyən məhdudiyyətləri də var. Toxuma nümunələrinin əldə edilməsi və hazırlanmasının çətinliyi səbəbindən araşdırmada istifadə olunan materialın sayı az olub. Bundan əlavə, toxumaların qorunma vəziyyəti də nəticələrə müəyyən təsir göstərə bilər.
Heyvanlar heyvanlar aləmi fillər
Mənbə: lent.az