Qarpızın düzgün saxlanılmaması onun dadına, teksturasına və şirəliliyinə mənfi təsir göstərə bilər. Mütəxəssislər meyvənin daha uzun müddət təzə və şirin qalması üçün onu hansı şəraitdə saxlamağın daha doğru olduğunu açıqlayıblar.
Lent.az xəbər verir ki, isti havada yaxşı yetişən meyvə və tərəvəzlər adətən aşağı temperaturu sevmir. Fermer İnqrid Abraham buna nümunə olaraq pomidoru göstərib. Onun sözlərinə görə, eyni qayda qarpıza da aiddir. Bütöv qarpızı otaq temperaturunda və birbaşa günəş şüalarından qorunan yerdə saxlamaq daha məqsədəuyğundur. Dietoloq Culi Stefanski də bütöv qarpızı dərhal soyuducuya qoymağı məsləhət görmür. Çünki soyuq onun dadını, teksturasını və bəzi faydalı xüsusiyyətlərini zəiflədə bilər.
Qarpızın tərkibində likopin adlı karotinoid, yəni bitki piqmenti var. Bu maddə orqanizm hüceyrələrinin zədələnmədən qorunmasına kömək edir. Qarpızların 21, 13 və 5 dərəcə temperaturda saxlanıldığı araşdırmada likopinin ən çox otaq temperaturunda saxlanılan meyvələrdə olduğu müəyyənləşdirilib.
Bütöv qarpız nə qədər saxlanıla bilər?
Bütöv qarpız sərin, quru və günəş işığı düşməyən yerdə saxlanıldıqda təxminən bir həftə təzə qala bilər. Soyuducuda isə iki-üç həftəyə qədər istifadəyə yararlı olması mümkündür. Lakin mütəxəssislər bu üsulu əsas seçim kimi tövsiyə etmirlər. Qarpızı mümkün qədər tez yemək daha yaxşıdır. Çünki məhsulun yığılmasından nə qədər az vaxt keçərsə, onun dadı bir o qədər yaxşı qalar. Soyuq qarpız sevənlər isə meyvəni yeməzdən bir neçə saat əvvəl soyuducuya qoya bilərlər.
Doğranmış qarpız necə saxlanılmalıdır?
Mütəxəssislər qarpızın təbii qoruyucu təbəqəsi olan qabığından istifadə etməyi məsləhət görürlər. Bütün meyvəni birdən doğramaq əvəzinə yalnız lazım olan hissəni kəsmək daha doğrudur. Bu üsul su itkisinin qarşısını alır və qarpızın iç hissəsinin daha uzun müddət təzə qalmasına kömək edir. Qarpız artıq kub formasında doğranıbsa, onu hava keçirməyən qabda soyuducuda saxlamaq lazımdır. Belə şəraitdə qarpız üç-dörd gün təzə qala bilər.
Qarpızın üzərində kif yaranıbsa, səthi sürüşkənləşibsə və ya yeyərkən qeyri-adi qazlı dad hiss olunursa, onu istifadə etmək olmaz. Belə meyvəni atmaq daha təhlükəsizdir. Mütəxəssislər həmçinin bildirirlər ki, mağazada və ya bazarda soyuducu və buz olmadan saxlanılan doğranmış qarpızı almaq məsləhət deyil.
Maraq qarpızMənbə: lent.az