Ucarda iri tonnajlı yük avtomobili yanıb.
Lent.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Ramal kəndindən keçən hissəsində baş verib.
Belə ki, Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü Marif Muxtar oğlu Bayramovun idarə etdiyi pomidorla yüklənmiş "Mercedes" markalı yük avtomobili anidən alışıb.
Hadisə yerinə FHN-in Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hadisə zamanı avtomobildə olan 21 ton pomidorun 4 tonu yanaraq yararsız hala düşüb. Yükün qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Məlumata görə, pomidorla yüklənmiş "TIR" Şəmkirdən Rusiyaya gedirmiş. İlkin ehtimala görə, hadisəyə kondisionerdə baş verən nasazlıq səbəb olub.