Afrika mağaralarında aparılan arxeoloji araşdırmalar göstərir ki, ibtidai insanlar tonqallar ətrafında ünsiyyət qura bilirdilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən, insanın nitq üçün bioloji qabiliyyəti ən azı 135 min il əvvəl mövcud olub.
Alimlər bildirirlər ki, bütün insan populyasiyaları tam dil potensialına malikdir. Bu isə o deməkdir ki, dilin əsası insanların müxtəlif qruplara bölünməsindən əvvəl yaranmalı idi. Əks halda, bu gün mövcud olan təxminən 7000 dil arasında köklü fərqlər müşahidə olunardı.
Tədqiqatçılar 2007–2023-cü illər arasında aparılmış 15 genom araşdırmasını təhlil ediblər. Bu işlərdə tam genom məlumatları, Y-xromosom markerləri və mitoxondrial DNT istifadə olunub. Hesablamalar nəticəsində dil qabiliyyətinin yaranması üçün ən gec mümkün tarix kimi 135 min il əvvəlki dövr müəyyən edilib.
Araşdırmada dil üçün zəruri olan bioloji-kognitiv mexanizmlərlə simvolik ünsiyyəti göstərən arxeoloji tapıntılar arasında fərq qoyulur. Yəni tədqiqat yalnız insanın danışıq üçün bioloji hazırlığını qiymətləndirir.
Məqalədə qeyd olunur ki, heç bir digər heyvan növü məhdud sayda səsləri birləşdirərək sonsuz sayda yeni məna yarada bilmir. Bu xüsusiyyət yalnız insanlara xasdır və onların ümumi irsi xüsusiyyəti kimi dəyərləndirilir.
Tədqiqatçılar nitqin konkret olaraq nə vaxt və necə meydana gəldiyini müəyyənləşdirmir. Sadəcə göstərir ki, bu qabiliyyət 135 min ildən daha əvvəl mövcud olub. Nitqin tədricənmi, yoxsa sürətli şəkildəmi formalaşdığı isə hələ də elmi mübahisə mövzusudur.
Alimlərin fikrincə, artıq mövcud olan nitq qabiliyyəti simvolik davranışların sürətlənməsinə və inkişafına təsir göstərə bilərdi. Onların sözlərinə görə, nitq “insan həyatının bütün sahələrinə birbaşa və böyük təsir göstərib”.
Qeyd edək ki, insanlar min illər boyu ünsiyyət qursalar da, yazını yalnız e.ə. təxminən 3200–3500-cü illərdə ixtira ediblər. İlk yazı nümunəsi isə gil lövhələr üzərində qeyd olunan mixi yazı hesab olunur.
qədim insanlarnə zaman danışıblar?