IMG-LOGO

Psixopatlar bu peşələri seçirlər - "qaranlıq üçlük"

17 Apr 2026 17:49 3 baxış
IMG
6 0

İllinoys Universitetinin Urbana-Şampeyn kampusunun alimləri tərəfindən aparılan yeni tədqiqat göstərir ki, insanın xarakter xüsusiyyətləri onun gələcək peşə seçiminə birbaşa təsir edir. Araşdırmaya görə, psixopatik meyilləri olan şəxslər daha çox fiziki əmək və texniki sahələrə üstünlük verir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat çərçivəsində yaşı 17-32 arasında olan 600-dən çox tələbə arasında sorğu keçirilib.

Nəticələr iştirakçıların karyera maraqları ilə “qaranlıq üçlük” adlanan psixoloji xüsusiyyətlər kompleksi arasında əlaqəni ortaya qoyub. Bu kompleksə psixopatiya, makiavellizm və narsisizm daxildir.

Məlum olub ki, psixopatik xüsusiyyətləri daha güclü olan şəxslər insanlarla ünsiyyətin az olduğu, daha çox alətlərlə işləməyi tələb edən sahələrə yönəlirlər. Bu kateqoriyada ən populyar peşə mexaniklik hesab olunur. Bundan əlavə, mühəndislik və digər texniki ixtisaslara da maraq yüksəkdir.

Araşdırmaya əsasən, makiavellist xüsusiyyətlərə malik şəxslər sosial sahələrdən uzaq durmağa çalışır. Onlar başqalarına kömək, empatiya və sıx ünsiyyət tələb edən peşələrdən çəkinirlər.

Narsisizmə meyilli şəxslər isə əksinə, diqqət və tanınma əldə edə biləcəkləri sahələrə üstünlük verirlər. Bu kateqoriyaya yaradıcılıq, biznes, hüquq və siyasət kimi sahələr daxildir. Bu peşələr onlara həm özlərini nümayiş etdirmək, həm də dominant mövqe tutmaq imkanı yaradır.

Tədqiqatda maraqlı məqamlardan biri səhiyyə sahəsi ilə bağlı olub. Məlum olub ki, bu sahədə çalışanlarda psixopatiyaya xas olan “cəsarət” xüsusiyyəti yüksək olsa da, onlarda qəddarlıq və nəzarətsizlik müşahidə olunmur. Bu isə kritik vəziyyətlərdə soyuqqanlı qərarvermə ilə izah olunur.

Alimlər həmçinin “uğurlu psixopatlar” və “uğurlu narsistlər” fenomeninə diqqət çəkir. Bu tip insanlar iş mühitində cazibədar və ünsiyyətcil görünərək sürətlə yüksələ bilir. Lakin yüksək vəzifə əldə etdikdən sonra onların idarəetmə üsulları kollektiv üçün zərərli və toksik ola bilər.

Tədqiqat müəllifləri şirkət rəhbərlərinə belə şəxslərin yüksək vəzifələrə təyin olunması zamanı daha diqqətli olmağı tövsiyə edir. Qeyd olunur ki, bu cür əməkdaşlar hakimiyyət əldə etdikdən sonra çətin idarə olunan və riskli liderlərə çevrilə bilər.

Mütəxəssislər vurğulayır ki, bu nəticələr insanların həm iş mühitində, həm də şəxsi münasibətlərdə davranışlarını daha yaxşı anlamağa kömək edə bilər.

peşələr peşələrin psixologiya ilə əlaqəsi

Xəbər lenti