IMG-LOGO

Ürək formasında çəhrayı göl: rəngi niyə belədir?

09 May 2026 11:03 20 baxış
IMG
0 0

NASA qeyri-adi bir kosmik foto yayıb: Argentinanın Buenos-Ayres əyalətində Salinas-Las-Barrancas adlı eni təxminən 10 kilometr olan, demək olar ki, ideal ürək formasında çəhrayı göl qeydə alınıb.

Şəkil 2024-cü il yanvarın 16-da Beynəlxalq Kosmik Stansiyanın 70-ci ekspedisiyasının üzvü tərəfindən Nikon D5 kamerası və 500 millimetrlik obyektivlə çəkilib. Daha sonra NASA bu görüntünü Earth Observatory platformasında ürək formasında göllər haqqında materialda yayımlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu təbiət möcüzəsinin romantik rəngi heç də romantik səbəbdən yaranmır.

Bu ərazi Bahia-Blanka şəhərindən təxminən 53 kilometr qərbdə yerləşir. Hövzə dəniz səviyyəsindən təxminən 40 metr aşağıdadır və yalnız yağıntılar hesabına qidalanır. Yağışlardan sonra su hövzədə toplanır, yağıntı dayandıqda isə tədricən buxarlanaraq getdikcə daha konsentrasiyalı duz məhlulu yaradır.

Məhz bu səbəbdən göldə birhüceyrəli yaşıl yosun - Dunaliella salina aktivləşir. Yüksək duzluluq və güclü günəş işığı şəraitində bu yosun hüceyrələri qorumaq üçün karotinoidlər - qırmızımtıl-çəhrayı piqmentlər istehsal edir. Alimlər bunu mikroorqanizmlərin “stress reaksiyası” kimi izah edirlər və bu effekt təxminən 400 kilometr hündürlükdən belə görünə bilir.

Daha sonra duzluluq artdıqca yosunların bir hissəsi məhv olur və suda halofil arxeyalar və bakteriyalar sürətlə çoxalmağa başlayır. Onlar da qırmızı piqmentlər istehsal etdiyinə görə gölün rəngi daha da tündləşir.  

duz gölü ürək formasında göl NASA

Xəbər lenti