Hər səhər demək olar ki, eyni başlayır: gözlər açılır və beyin sanki bir neçə saniyə ərzində işləməyə başlayır.
Amma bundan əvvəl baş verən proseslər düşündüyümüzdən daha maraqlıdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, nevroloqlar yuxunun son dəqiqələri beynin çox mürəkkəb və incə fəaliyyəti ilə müşayiət olunduğunu bildirir. Bu nəticələr beynin elektrik aktivliyi üzərində aparılan araşdırmalara əsaslanır.
Oyanmazdan təxminən beş dəqiqə əvvəl beyin kortizol səviyyəsini tədricən artırmağa başlayır. Kortizol oyanıqlıq hormonu hesab olunur və bədəni aktivliyə hazırlayır. Eyni zamanda yuxunun dərinliyi azalır. İnsan yüngül yuxu fazasına keçir və bu mərhələdə beyin artıq xarici səslərə reaksiya verməyə başlayır.
Bu anda məkan orientasiyasına cavabdeh olan beyin bölgələri aktivləşir. Orqanizm oyandıqdan dərhal sonra ətraf mühiti qiymətləndirməyə hazırlaşır.
Nevroloqlar qeyd edirlər ki, beyin həmin vaxt bədəni sanki “skan” edir. Əzələlərin tonusu və daxili orqanların fəaliyyəti yoxlanılır.
Yaddaş sistemi də əvvəlcədən işə düşür. Beyin gecə ərzində toplanmış məlumatları çeşidləyir və yeni informasiyalar üçün yer hazırlayır.
Bəzi insanlar məhz bu anda çox parlaq və canlı yuxular görürlər. Bu isə beyin qabığının artıq oyanıqlığa yaxın aktiv vəziyyətə keçməsi ilə əlaqədardır.
Oyanmazdan bir neçə dəqiqə əvvəl diqqət sistemi də aktivləşir. Bu, insanın daha tez şəkildə iş rejiminə keçməsinə kömək edir.
Bəzi insanlar zəngli saat çalmadan əvvəl məhz bu mexanizm sayəsində oyanırlar. Beyin bədəni əvvəlcədən ayağa qalxmağa hazırlayır.
Əgər yuxu qəfil pozularsa, insan özünü halsız və yorğun hiss edir. Bu, oyanmanın uyğun olmayan yuxu fazasında baş verdiyini göstərir.
Amma orqanizm təbii şəkildə oyandıqda keçid daha rahat olur. Çünki beyin artıq hazırlıq prosesini tamamlamış və yeni günə hazır vəziyyətə gəlmiş olur.
yuxu beyində baş verən proseslər