Bir çox insan duşdan sonra saçını dərhal dəsmalla sürtür və ya onu bərk şəkildə dəsmala bükür. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş saçın zədələnməsinin, nazilməsinin və qırılmasının əsas səbəblərindən biridir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yaş saçın kobud şəkildə dəsmalla sürtülməsi uzun müddətdə saç tellərinin qırılmasına, seyrəkləşməsinə və qeyri-bərabər görünməsinə səbəb ola bilər.
Ekspertlər qeyd edirlər ki, yaş saç ən həssas vəziyyətdə olur. Su saçın daxili hidrogen bağlarını zəiflətdiyi üçün tellər daha elastik, eyni zamanda daha kövrək hala gəlir. Sağlam saç teli uzunluğunun təxminən 30 faizi qədər uzana bilər, lakin yaş olduqda onu qırmaq üçün daha az güc tələb olunur. Bundan əlavə, saçın dəsmalla bərk şəkildə türban formasında bağlanması da saç köklərinə əlavə gərginlik yaradır. Xüsusilə alın nahiyəsində yerləşən saç telləri bu zaman daha çox zədələnə bilər. Dermatoloqlar bildirirlər ki, saçın ən çox zədələndiyi mərhələ yuyulma deyil, məhz qurudulma prosesidir.
Saçı düzgün necə qurutmaq lazımdır?
Mütəxəssislər qalın pambıq dəsmallar əvəzinə mikrofiber materialdan hazırlanmış yumşaq dəsmallardan istifadə etməyi tövsiyə edirlər. Bu, saçın qoruyucu qatına düşən sürtünməni əhəmiyyətli dərəcədə azaldır.
Onların tövsiyələri bunlardır:
Saçı sürtmək əvəzinə, suyu yumşaq hərəkətlərlə sıxaraq və dəsmalla ehtiyatla hopduraraq qurudun. Saçı çox bərk şəkildə dəsmala bükməyin. Yaş saçla yatmaqdan çəkinin. Pambıq üzlüklər əvəzinə ipək yastıq üzlüklərindən istifadə edin. İpək saç üçün daha yumşaq hesab olunur və sürtünməni azaldır.
Saçın qırıldığını, yoxsa töküldüyünü necə anlamaq olar?
Mütəxəssislər bildirirlər ki, saçın təbii şəkildə tökülməsi ilə qırılması arasında fərq var. Əgər saç təbii yolla tökülübsə, onun ucunda kiçik ağ rəngli kök (soğanaq) görünür. Əgər saç qırılıbsa, ucunda kök olmur və saç teli ortadan qopmuş vəziyyətdə olur. Əgər daraqda əsasən qısa və köksüz saç parçaları görürsünüzsə, bu, saçın yanlış qulluq nəticəsində qırıldığını göstərə bilər. Lakin qəfil saç tökülməsi, ayrıcın nəzərəçarpacaq dərəcədə genişlənməsi və ya alın xəttinin geriyə çəkilməsi müşahidə olunarsa, mütləq həkim-trixoloqa müraciət etmək tövsiyə olunur.
Mütəxəssislər onu da qeyd edirlər ki, saçın hansı vaxt yuyulması da görünüşünə təsir göstərə bilər. Səhər yuyulan saçlar adətən daha həcmli görünür. Axşam saç yuyulduqda isə yatmazdan əvvəl fenlə tam qurudulması məsləhətdir.
Saçın daha uzun müddət təmiz qalması üçün şampundan bir yuma zamanı iki dəfə istifadə etmək, saç tipinə uyğun məhsul seçmək, kondisioneri saç diblərinə çəkməmək və daraqları mütəmadi təmizləmək tövsiyə edilir.
Maraq saç baxımı saç qurutmaq saç sağlamlığıMənbə: lent.az