IMG-LOGO

Xaricdə həbs olunmağınıza səbəb ola biləcək beş zərərsiz suvenir

17 Jul 2026 15:48 2 baxış
IMG
0 0

Xaricə səyahət zamanı alınan suvenirlər və hədiyyələr bəzən gömrükdə ciddi problemlərə səbəb ola bilər. İlk baxışdan zərərsiz görünən bəzi əşyalar müxtəlif ölkələrin qanunvericiliyinə görə qadağan olunmuş məhsullar hesab edilir və onların ölkəyə gətirilməsi müsadirə, iri məbləğdə cərimə, hətta cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, nəqliyyat şirkəti olan Karqo Forsun direktoru Əsəd Mirzanın sözlərinə görə, bir çox turist xaricdə sərbəst satılan hər bir məhsulun öz ölkəsinə də maneəsiz gətirilə biləcəyini düşünür. 

Mütəxəssis bildirib ki, zərərsiz görünən bir suvenir belə gömrükdə bahalı səhvə çevrilə bilər. Ən çox problem yaradan məhsullar bunlardır:

Saxta brend məhsulları

Bəzi ölkələrdə tanınmış markaların saxta çantaları, saatları və digər məhsulları açıq şəkildə satılır. Ancaq Böyük Britaniya kimi sərt qanunvericiliyə malik ölkələrdə onların ölkəyə gətirilməsi qanun pozuntusu hesab olunur. Gömrük əməkdaşları bu məhsulları müsadirə edə bilər və alıcı həm aldığı əşyadan, həm də ödədiyi puldan məhrum ola bilər.

Vəhşi təbiətdən götürülən əşyalar

Dəniz balıqqulaqları, mərcanlar, eləcə də nəsli kəsilməkdə olan bitki və heyvan növlərindən hazırlanan məhsullar beynəlxalq qanunlarla qorunur. Xüsusi icazə olmadan bu əşyaların daşınması əksər hallarda müsadirə ilə nəticələnir. Xüsusilə Misirdən adi dəniz balıqqulağının belə ölkədən çıxarılması ciddi problemlər yarada bilər.

Bibər qazı balonları

ABŞ və bəzi Şərqi Avropa ölkələrində sərbəst satılan bibər qazı balonları Böyük Britaniyada qadağan olunmuş hücum silahı kimi qiymətləndirilə bilər. Turistlər bəzən çantalarında belə vasitənin olduğunu unudurlar. Bu isə ciddi hüquqi məsuliyyətə, hətta 10 ilədək azadlıqdan məhrumetmə cəzasına səbəb ola bilər.

Ət və süd məhsulları

İstirahət etdikləri ölkədən jamon, kolbasa, pendir və digər delikatesləri gətirmək istəyən turistlər də risklə üzləşə bilərlər. Bir çox ölkədə fitosanitar qaydalara əsasən ət, süd məhsulları və bəzi meyvələrin idxalına məhdudiyyət tətbiq edilir. Məsələn, Polşa ət məhsulları ilə yanaşı, bəzi ekzotik meyvələrin də ölkəyə gətirilməsinə ciddi nəzarət edir.

Dərman bitkiləri və ayurveda vasitələri

Hindistan kimi ölkələrdə satılan təbii əlavələr və ayurveda məhsulları bəzi dövlətlərdə qadağan edilmiş maddələr ehtiva edə bilər. Onlar "təbii məhsul" sayılsa da, tərkibindəki komponentlərə görə gömrükdə müsadirə edilə bilər. Mütəxəssislər belə vasitələri almamışdan əvvəl onların tərkibini diqqətlə öyrənməyi tövsiyə edirlər.

Ekspertlər bildirirlər ki, səyahət zamanı xoşagəlməz hallarla qarşılaşmamaq üçün gedilən və qayıdılan ölkələrin gömrük qaydaları əvvəlcədən araşdırılmalıdır. Bu, həm əlavə xərclərin, həm də hüquqi problemlərin qarşısını almağın ən etibarlı yoludur.

suvenir əşya

Mənbə: lent.az

Xəbər lenti