IMG-LOGO

Zeytun yağını necə saxlamaq lazımdır? - Qorumağın yolları

21 Jul 2026 09:55 3 baxış
IMG
0 0

Bəzən insanlar böyük həcmdə zeytun yağı alır və uzun müddət istifadə etmədən şkafda saxlayırlar. Çoxları bitki yağlarının uzunömürlü olduğunu düşünsə də, zeytun yağının da müəyyən saxlama müddəti var. Bununla belə, düzgün saxlanma qaydalarına əməl etməklə onun təravətini daha uzun müddət qorumaq mümkündür. Massaçusets Universitetinin qida elmləri üzrə professoru Erik Deker bildirib ki, bütün növ yağlar zaman keçdikcə xarab olur və acılaşır.

Lent.az xəbər verir ki, zeytun yağını qorumağın ən yaxşı yolu onu işıqdan uzaq saxlamaqdır. Mütəxəssis yağı işıq keçirməyən qaba, məsələn, keramika qrafa tökməyi tövsiyə edir. Bu, tünd rəngli şüşə butulkadan daha etibarlı hesab olunur, çünki tünd şüşə də müəyyən qədər işığı keçirə bilir. Professor vurğulayıb ki, yeni yağı yalnız tam təmiz və tamamilə quru qaba tökmək lazımdır. Əvvəlki yağdan qalan cəmi bir neçə damcı belə yeni yağın daha tez oksidləşməsinə səbəb ola bilər.

Xarab olmuş zeytun yağı niyə təhlükəlidir?

Mütəxəssisin sözlərinə görə, acımış zeytun yağından istifadə etmək məsləhət görülmür. Belə yağ təkcə dadını itirmir, həm də bağırsaqlar üçün zərərli birləşmələr əmələ gətirir. Bitki yağlarının oksidləşməsi ilə bağlı elmi araşdırmalara əsasən, xarab olmuş yağın qəbulu orqanizmdə uzunmüddətli oksidləşdirici stress yarada bilər. Bu isə ürək-damar xəstəlikləri, allergik reaksiyalar, geniş iltihabi proseslər və hətta bəzi xərçəng növlərinin yaranma riskini artıra bilər.

Zeytun yağını necə təzə saxlamaq olar?

Mütəxəssislər bildirirlər ki, zeytun yağı təkcə işıqdan deyil, həm də istilik və oksigendən qorunmalıdır. Buna görə də onu soba, qaz plitəsi və digər istilik mənbələrinin yaxınlığında saxlamaq olmaz. Bununla yanaşı, yağı uzun müddət saxlamamaq üçün onu kiçik həcmli qablaşdırmalarda almaq daha məqsədəuyğundur.

Zeytun yağının xarab olduğunu necə anlamaq olar?

Xarab olmanın ilk əlaməti qoxudur. Acımış zeytun yağı xoşagəlməz qoxu verir. Bəzi insanlar onun qoxusunu mum karandaşlarının qoxusuna bənzədir. Əgər qoxu ilə bunu müəyyən etmək mümkün olmursa, yağı dadmaq olar. Güclü acı dad da zeytun yağının xarab olduğunun əsas göstəricilərindən biridir.

Maraq zeytun zeytun yağı

Mənbə: lent.az

Xəbər lenti