IMG-LOGO

İnsan ölümdən öncə nələr görür?

25.06.2025 03:47 7 baxış
IMG

"Ölümdən əvvəl insanda baş verən prosesləri anlamaq, ağır xəstə yaxınlarına qulluq edən qohumlar üçün mühüm dəstək ola bilər".

Lent.az "Medscape Medical News"a istinadla verdiyi məlumata görə, bu barədə İtaliya Palliativ Yardım Cəmiyyətinin mütəxəssisləri bəyan ediblər.

Araşdırmalara əsasən, ölüm səbəbindən asılı olmayaraq, insanların əksəriyyəti həyatlarının son mərhələsində oxşar simptomlarla qarşılaşırlar. Bunlardan birincisi yuxu rejiminin dəyişməsidir: xəstələr daha çox yatmağa başlayır, gecələr oyaq qalır, gündüzlər isə yatırlar, bu isə bioloji ritmin pozulmasına səbəb olur.

Psixoloji vəziyyətdə də dəyişikliklər müşahidə edilir. Çox zaman ölümə yaxın insanlarda narahatlıq, təşviş, bəzən isə əminlik və daxili rahatlıq hissi yaranır. Araşdırma göstərib ki, bəzi insanlar ölümün yaxınlaşdığını intuitiv olaraq hiss edirlər.

Xüsusi diqqət çəkən fenomen isə "ölümqabağı görüntülər"dir. Elm adamlarının müşahidələrinə görə, bu dövrdə bir çox xəstələr ətrafdakı yaxınlarını tanımasalar da, dünyasını dəyişmiş qohumlarının görünməsi barədə məlumat verirlər. Mütəxəssislər bildirirlər ki, belə hallarda həmin görüntülərin illüziya olduğunu izah etməyə ehtiyac yoxdur. Əksinə, empatiya göstərmək, onların hisslərinə hörmətlə yanaşmaq və dəstək atmosferi yaratmaq daha vacibdir.

Həyatın son mərhələlərində insan ətraf aləmdən uzaqlaşır, qida və maye qəbulundan imtina edir. Bəzi hallarda bədən temperaturu yüksəlir, tərləmə artır, insan sərin su istəyir. Digər hallarda isə əzalarda temperaturun əhəmiyyətli dərəcədə aşağı düşməsi baş verir.

Bundan başqa, ölümdən əvvəl "terminal tənəffüs" deyilən hal baş verir: xırıltılı ilə müşayiət olunan nəfəs bu mərhələdə normaya çevrilir. Bu, qohumlarda narahatlıq yaratsa da, həkimlər bildirirlər ki, bu proseslər ölümlə bağlı fizioloji və təbii haldır.

Xəbər lenti