IMG-LOGO

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

09.07.2025 03:25 6 baxış
IMG

Kornell Universiteti, Şanxay Jiao Tonq Universiteti və digər aparıcı tədqiqat qurumlarının alimlərinin iştirakı ilə aparılmış yeni astrofizika araşdırması Kainatın son taleyi ilə bağlı uzun müddətdir davam edən müzakirələrə yeni bir perspektiv gətirir. Tədqiqatçılar bir sıra qabaqcıl astronomik müşahidələrə əsaslanaraq, Kainatın təxminən 33,3 milyard il sonra “Böyük Böhran” (Big Crunch) adlı ssenari ilə sona çatacağını proqnozlaşdıran model təklif ediblər.

Lent.az “sciencealert.com” saytına istinadla xəbər verir ki, hazırda 13,8 milyard il yaşında olan Kainatın təxminən 7 milyard il ərzində maksimum genişlənmə nöqtəsinə çataraq daha sonra tədricən büzülməyə başlayacağı bildirilir. Bu müddət ərzində kainat hazırkı ölçüsündən təxminən 69 faiz daha böyük olacaq. Model genişlənməni dayandıran və əks prosesə keçidi təşviq edən əsas mexanizm kimi mənfi kosmoloji sabitə əsaslanan aksion adlı ultra yüngül hissəciyi önə çıxarır. Qaranlıq enerjinin təbiətinə dair bu yeni yanaşma onun sabit bir qüvvə deyil, zamanla dəyişə bilən dinamik bir fenomen ola biləcəyini irəli sürür. Bu, kainatın gələcəyini müəyyən edən əsas amillərdən biridir. Əvvəllər qaranlıq enerji kosmoloji sabit olaraq qəbul edilirdi və kainatın daimi genişlənməsini təmin etdiyi düşünülürdü. Lakin yeni müşahidələr bu enerjinin zamanla dəyişən və büzülməyə səbəb ola biləcək bir potensial daşıdığını göstərir. Alimlərin “rezin bant” metaforası ilə izah etdiyi bu modelə görə, Kainat əvvəlcə genişlənir, lakin nəticədə elastik qüvvə bu genişlənməyə qarşı üstün gəlir və hər şeyin yenidən bir nöqtəyə çökməsinə səbəb olur. Bu isə Böyük Böhran ssenarisinin əsasını təşkil edir.

Tədqiqatçılar bu proqnozun hələ ki, yüksək qeyri-müəyyənlik daşıdığını və mənfi kosmoloji sabitin spekulyativ xarakter daşıdığını vurğulayırlar. Eyni zamanda, alternativ ssenarilər, məsələn, əbədi genişlənmə hələ də elmi cəhətdən mümkündür. Maraqlı cəhətlərdən biri isə odur ki, yaxın illərdə işə salınacaq yeni nəsil astronomik layihələr qaranlıq enerjinin dəqiq təhlilini mümkün edəcək. Bu isə təklif olunan modelin doğruluğunu yoxlamaq, onu təkmilləşdirmək və ya tamamilə istisna etmək imkanı verəcək. Hətta bu ssenari təsdiqlənsə belə kainatın çöküşünə təxminən 20 milyard il qaldığı üçün bu hadisə insan sivilizasiyası üçün aktual təhlükə təşkil etmir. Müqayisə üçün qeyd edək ki, Yer üzərində mürəkkəb həyat formaları təxminən 600 milyon il əvvəl yaranıb və Günəşin ömrünün sonu, Andromeda qalaktikası ilə toqquşma kimi hadisələr, kosmik çöküşdən əvvəl baş verəcək.

Bu araşdırma kosmologiya sahəsində mühüm elmi addım kimi qiymətləndirilir. İlk dəfə olaraq alimlər kainatın mümkün sonu ilə bağlı həm dəqiq, həm də empirik yollarla sınaqdan keçirilə biləcək bir model təqdim ediblər. Bu model kainatın necə və nə vaxt sona çatacağına dair konkret vaxt çərçivəsi ortaya qoyur.

Xəbər lenti