Ermənistanda seçkilərə hazırlıq fonunda daxili siyasi mühitdə ciddi dalğalanmalar baş verir. Müxalifətin planına əsasən, seçkilərdə qələbə qazanmaq üçün Robert Köçəryan, Qaqik Tsarukyan, Samvel Karapetyan və Andranik Tevanyan kimi fiqurlar xırda və orta ölçülü müxalif qrupları ətraflarında birləşdirərək, seçkidə iştirak etməyi planlaşdırır. Ehtimal etmək olar ki, bu fiqurlar seçkidən sonra vahid koalisiya halında birləşərək "parçalanmış iştirak-vahid hakimiyyət hədəfi" modelini reallaşdırmaq əsas hədəflərdən biri ola bilər. Bu fiqurların seçkilərdə ayrı-ayrı siyasi bloklar və ittifaqlarla iştirakı müxtəlif, xüsusən də Baş nazir Nikol Paşinyan hakimiyyətindən narazı elektoratı qazanmaq, müxtəlif seçici qruplarını itirməmək və parlamentə düşmə ehtimalını artırmaq niyyətindən xəbər verir.
Əslində belə bir model Gümrüdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə sınaqdan keçirilib və qismən müxalifətin uğur qazanmasına kömək edib. Hakim komanda isə baş verənləri diqqətlə izləyir, öz planlarına uyğun hərəkət edir. Son dövrlər hakim partiya müxalifəti haqlı olaraq köhnə siyasi elitanın revanşı kimi təqdim edir. Bu isə revanşist qüvvələrin ictimai rəydə legitimliyini zəiflətmək, öz mövqelərini gücləndirmək məqsədini güdür. Çünki 2020-ci il müharibəsini unutmayan erməni seçicisi üçün revanşistlərin hakimiyyətə gəlməsi hələlik arzuolunan görünmür. Bunu keçirilən sorğular da sübut edir və "Vətəndaş müqaviləsi"nin ideoloqları belə bir faktdan düzgün formada istifadə edirlər.
Erməni müxalifətinin Paşinyana qarşı planlar qurub təşkilatlandığı bir dövrdə Baş nazirə qarşı kilsədə hücumun edilməsi də daxili siyasətdə hakimiyyət-kilsə qarşıdurmasının pik həddə çatmasından xəbər verir. Hökumət başçısında hücumun ayindən sonra baş verməsi də Paşinyanla Apostol kilsəsi arasında son dövrlər artan gərginliyin artıq sosial səviyyəyə keçdiyini sübut edir. Kilsə Ermənistanda milli kimlik mənbəyi olduğu üçün Baş nazirin məhz ibadətgahda hücuma məruz qalması ilə ruhani təbəqə sübut etməyə çalışır ki, Paşinyan cəmiyyətin ən həssas seqmentində də müqavimətlə üzləşir. Bundan əlavə, bu hücum aktı seçkiöncəsi atmosferin radikallaşdığını da göstərir. Siyasi rəqabətin artıq bu müstəviyə keçməsi əslində müxalifət üçün əlverişli şəraitdir. Çünki bu yolla müxalifət Baş naziri ənənəvi dəyərlərlə münaqişəyə girən lider kimi təqdim etməyə çalışır. Baş verən insidentdən hakim komanda da faydalanmağa çalışır. Bu hücumu radikal və nəzarətdən çıxmış müxalif mühit kimi təqdim edən hakimiyyət öz elektoratına da mesaj ötürür. Yəni, biz sabitlik gətiririk, onlar isə sizə xaos vəd edirlər. Həm də qeyd etmək yerinə düşər ki, bu insident müxalifətin kilsə ilə koordinasiyalı hərəkət etdiyinə də işarə edir. Robert Köçəryan və digər revanşist qüvvələr hələ də erməni kilsəsi ilə planlar quraraq, Paşinyana qarşı arxa planda birləşdiklərini göstərmiş sayıldılar.
Bundan əlavə, Baş nazir Nikol Paşinyanın dəmir yolu şəbəkəsinin Rusiyadan alınaraq Qazaxıstana verilməsi ilə bağlı açıqlaması da seçki öncəsi Kremlə bir mesaj kimi oxunmalıdır. Birincisi, bu açıq qarşıdurma yox, daha çox manipulyativ balans siqnalıdır. Yəni, Paşinyan Rusiyanın Ermənistanın dəmir yolları üzərindəki monopoliyasını alternativ tərəfdaşlar vasitəsilə zəiflədə bilər. Amma bu məsələdə Rusiyanın açıq-aşkar münasibətlərinin pis olduğu Qərb dövlətlərindən birini yox, daha çox postsovet məkanından olan bir aktor, yəni Qazaxıstan vasitəsilə etmək istəyir. Bu, Kremlə yumşaq xəbərdarlıq kimi səslənir. Yəni, İrəvan Moskvadan tam qopmur, amma asılılığı azaltmaq niyyətini ortaya qoyur. Qazaxıstanın adının hallanması da təsadüfi deyil, çünki rəsmi Astana Moskva ilə xoş münasibət saxlayır, Avrasiya İqtisadi İttifaqının üzvüdür. Açıqcası, Paşinyan Putinə faktiki olaraq "alternativlərim var və onları aktivləşdirə bilərəm" mesajını ötürür və bununla da Kremlin Ermənistandakı seçkilərə ciddi müdaxiləsinin qarşısını almaq istəyir.
İkincisi, Paşinyanın bu açıqlaması həm də seçkiöncəsi daxili auditoriya üçün də hesablanıb. Yəni, "Robert Köçəryan və onun təmsil etdiyi köhnə hakimiyyət strateji aktivləri Moskvaya peşkəş verib, mən isə geri alıram" mesajı erməni seçici üçün hesablanıb və revanşistlərin iç üzünü ortaya qoymağı hədəfləyib. Bu isə o deməkdir ki, erməni seçici seçki qutusunda fikirləşməlidir: Revanşistlər asılılıq və peşkəş siyasətini güdəcək, Paşinyan komandası isə suverenliyi bərpa edərək, milli maraqların müdafiəçisi olacaq. Eyni zamanda bu ritorika həm də müxalifətin indiki birləşmə cəhdlərinə qarşı preventiv zərbədir. Çünki müxalif blokların əsas hissəsi məhz köhnə sistem fiqurlarından ibarətdir və Paşinyan onların legitimliyini seçkiyə qədər zəiflətmək istəyir. İnfrastruktur kimi həssas mövzu seçilməsi təsadüfi deyil, bu, həm iqtisadi, həm də simvolik suverenlik məsələsidir.
Amma Paşinyanın bu cavabına Moskvadan cavab gəlib və Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Rusiya Ermənistan dəmir yollarının idarəetmə konsessiyasının Qazaxıstana verilməsi ilə bağlı danışıqlar aparmır: "Birincisi, biz kiməsə hər hansı güzəşt verməyi planlaşdırmırıq. İkincisi, Ermənistandakı tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər". Bu da özlüyündə İrəvana hüquqi və institusional mesaj kimi qiymətləndirilməlidir. Yəni, Moskva dəmir yolları üzərində konsessiya hüququnun dəyişməz olduğunu bildirir. Eyni zamanda belə bir hüququnun üçüncü dövlətə ötürülməsi sadəcə Rusiyanın razılığı ilə ola bilər. Rusiyalı nazir həm də qeyd edib ki, erməni tərəfdaşları ilə bu məsələ müzakirə edilməyib. Bu da özlüyündə Paşinyana mesajdır ki, bu ideyanın daxili auditoriyaya yönəlmiş ritorika kimi qəbul edir və belə bir məsələnin birtərəfli qaydada gündəmə gətirilməsini qəbul etmir.
Bu qarşılıqlı açıqlamalar fonunda Baş nazirin 1 aprel tarixində Moskvaya səfəri də təsadüfi sayıla bilməz. Paşinyanın seçkiöncəsi Rusiyaya səfəri həm Qərbə, həm də Kremlə mesajdır. Qərbə mesaj ondan ibarətdir ki, Ermənistan balanslaşdırılmış xarici siyasət aparır, müstəqil addımlar ata bilər. Kremlə isə bu səfərlə münasibətləri normallaşdırmaq, sərt ritorikanı yumşaltmaq, dialoq və koordinasiyanın saxlanılması mesajı sayıla bilər. Çünki Ermənistanın Rusiyadan asılılığı davan edir və xüsusən də iqtisadiyyat və infrastruktur sahələrini görməzdən gəlmək mümkün deyil. Ehtimal etmək olar ki, Ermənistanın dəmir yolları məsələsi də əsas müzakirə mövzularından biri olacaq. Bundan əlavə, Paşinyanın energetika, iqtisadi qarşılıqlı asılılıq logistika və nəqliyyat dəhlizlərini də müzakirə edəcəyi də istisna edilmir.
Əsas siyasi kontrast budur ki, Paşinyan ölkə daxilində Rusiyanı problemli tərəf kimi təqdim edir, amma praktikada Moskvaya gedərək məsələləri müzakirə etməyə məcburdur. O özü də Rusiyanı "dost və tərəfdaş" hesab edir və ondan uzaqlaşmaq mümkün deyil. Beləliklə, səfər güc nümayişi deyil, məhdudiyyətlərin qəbuludur və Ermənistanın Rusiyanın iqtisadi, energetik və infrastruktur sistemlərinə inteqrasiyasını nəzərə alaraq siyasətini reallıqla uyğunlaşdırmaq cəhdidir. Paşinyan həm Rusiya ilə dialoq aparır, həm də Moskvaya implisit şəkildə deyir ki, daxili siyasi manevrlər və seçkilər Ermənistanın suveren hüququdur. Bu, həm də müxalifət üçün strateji siqnaldır ki, xarici təsirləri Paşinyan öz nəzarəti altında saxlayır. Belə bir siqnal Paşinyanın seçki kampaniyasında onun "müstəqil, lakin region siyasətində balanslı" lider kimi imicini gücləndirir. Qısacası, Paşinyanın Moskva səfəri həm strateji məsələləri həll etmək, həm də seçkiöncəsi daxili auditoriyaya mesaj göndərməkdir.
Baş verən hadisələr göstərir ki, Ermənistanda seçkiöncəsi siyasi mənzərə çox mürəkkəbdir. Müxalifətin planları, hakim komandanın addımları, kilsənin açıq qarşıdurmaya getməsi göstərir ki, 7 iyun Ermənistanda çox gərgin keçəcək. Baş nazir həm daxili, həm də xarici siyasətdə manevrlərə məcburdur.
Kamil Məmmədov





