IMG-LOGO

Damyan Yoviç: Azərbaycanı Serbiya üçün ən mühüm strateji tərəfdaşlardan biri kimi qiymətləndiririk - MÜSAHİBƏ

03 Apr 2026 11:11 4 baxış
IMG

Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç "Report"un Balkan bürosuna müsahibəsində Azərbaycan-Serbiya münasibətlərinin mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

O, strateji tərəfdaşlıq çərçivəsində enerji sahəsində əməkdaşlığın prioritet olsa da, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi, mədəniyyət və digər sahələrdə də əlaqələrin son illər inkişaf etdiyini vurğulayıb.

Müsahibədə enerji təhlükəsizliyi məsələsi, Azərbaycanın Serbiyanın enerji təchizatında rolu, SOCAR-ın layihələri, eləcə də qarşılıqlı investisiyaların səviyyəsi, may ayında açılacaq birbaşa aviareysin əməkdaşlığa təsiri müzakirə olunub.

- Cənab Yoviç, Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq son illərdə xeyli güclənib. Maraqlıdır, bu əməkdaşlığın gələcək inkişaf istiqamətləri, sizcə, hansılardır?

- Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyanın Dövlətçilik Günü münasibətilə qəbul etdik. Bu, bizim üçün böyük şərəf və Azərbaycan lideri tərəfindən xalqımıza və dövlətimizə göstərilən yüksək hörmətin bariz nümunəsi idi. Sözügedən səfər yalnız dost münasibətinə deyil, həm də ən yaxın strateji tərəfdaşlıq səviyyəsinə malik olan iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə əlavə töhfə verdi.

Strateji Tərəfdaşlıq Şurasının ilk iclası çərçivəsində bir sıra yeni saziş və memorandumlar imzalandı. Bu sənədlər qarşıdakı illər üçün əməkdaşlığımızın hər iki tərəf üçün müəyyən edilmiş strateji inkişaf trayektoriyasını aydın şəkildə müəyyən edir.

Önəmli məqam odur ki, həmin razılaşmalar yalnız enerji sektorunu deyil, eyni zamanda iqtisadiyyat, ticarət, sənaye, media, idman, mədəniyyət və ölkələrimiz arasında əməkdaşlıq üçün perspektiv vəd edən digər sahələri də əhatə edir. Yəni əməkdaşlığımız ildən-ilə inkişaf etməkdədir və biz Azərbaycanı Serbiya üçün həm əsas dost ölkələrdən, həm də ən mühüm strateji tərəfdaşlardan biri kimi qiymətləndiririk.

- Bu gün enerji təhlükəsizliyi Avropa üçün vacib məsələyə çevrilib. Bu çərçivədə Serbiyanın Azərbaycanla əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Azərbaycanla əməkdaşlıq, xüsusilə enerji sektoru baxımından bizim üçün, şübhəsiz ki, mühüm və strateji əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Ukraynada baş verən müharibə fonunda Avropa ölkələrinin enerji təchizatında ciddi çətinliklər meydana çıxıb. Məhz belə bir şəraitdə ölkələrimiz arasında mövcud olan çox yaxın münasibətlər hesabına biz enerji tələbatımızın təmin edilməsində Azərbaycana güvəndik. Hazırda bu əməkdaşlıq uğurla inkişaf edir.

Bu gün təxminən 500 milyon kubmetr həcmində təbii qaz idxal edirik və bu göstəricinin 1 milyard kubmetrə qədər artırılması perspektivi mövcuddur. Eyni zamanda, Niş şəhəri yaxınlığında qazla işləyən elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq idxalın həcmi 1,5 milyard kubmetrə qədər yüksələ bilər. Bu isə bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki Serbiyanın enerji portfelinin və təchizat mənbələrinin diversifikasiyasını təmin edir.

Biz bu əməkdaşlığın gələcək inkişafına böyük ümid bəsləyirik.

- Niş şəhəri yaxınlığında qeyd etdiyiniz qazla işləyən istilik elektrik stansiyası layihəsi SOCAR-ın Serbiyadakı ilk böyük birgə layihəsi olacaq. Ümumiyyətlə, Serbiyada SOCAR-ın fəaliyyətini və Azərbaycan investisiyalarının səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu, şübhəsiz ki, iki ölkə arasında ən mühüm birgə layihədir. Çünki söhbət yalnız Serbiyaya təbii qazın tədarükündən getmir, bu, bizim baxışımıza görə uzunmüddətli investisiyadır və gələcək perspektivdə iki ölkənin maraqlarını daha da uzlaşdıracaq bir təşəbbüsdür. Eyni zamanda, bu layihə iki ölkə arasında mövcud olan strateji münasibətlərin mühüm göstəricilərindən biri olacaq.

- Necə düşünürsünüz, yaxın gələcəkdə Azərbaycan-Serbiya münasibətlərinin əsas hərəkətverici qüvvəsi kimi enerji olaraq qalacaq, yoxsa əməkdaşlıq son səfər çərçivəsində imzalanan sənədlər əsasında digər sahələrə doğru transformasiya olunacaq?

- Enerji sektoru olduqca önəmlidir, ancaq digər sahələrdə də müzakirələr aparılır. Məsələn, imzalanmış qida təhlükəsizliyi üzrə memorandum Serbiyadan Azərbaycana ərzaq məhsullarının ixracı üçün yeni imkanlar açıb. Bununla belə, ticarətin digər istiqamətlərində də münasibətlərimizin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir və bu sahədə əməkdaşlıqdan tam məmnunuq.

Əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan böyük potensial, eyni zamanda, insanlararası əlaqələrin və mədəni mübadilələrin inkişafını da əhatə edir. Bu gün iki ölkə arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrləri münasibətlərimizin inkişafına xüsusi diqqət yetirən şəxslərdir.

Ümid edirik ki, xüsusilə "Air Serbia" tərəfindən Bakı istiqamətində birbaşa uçuşların açılması ilə həm Belqradda, həm də Bakıda işgüzar dairələrin fəallığı artacaq və bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına yeni müsbət təkan verəcək. Birbaşa aviareysin açılması iş adamlarının daha tez-tez səfər etməsinə və hər iki ölkədə bizneslərini daha rahat idarə etmələrinə imkan verəcək.

- Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında bu il ərzində siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılırmı?

- Düşünürəm ki, ən sıx siyasi məsləhətləşmə məhz bizim nazirliklərimiz arasında aparılır. Nazir Marko Curiç vəzifəyə gəldikdən, mən isə nazirlikdə dövlət katibi olaraq fəaliyyətə başladıqdan sonra ölkələrimiz arasında hər il siyasi məsləhətləşmələr keçirilib. 2024-cü ildə Azərbaycan nümayəndə heyəti Belqradda, keçən il isə mən Bakıda olmuşam. Bu il isə artıq həmkarım, ikinci dövlət katibi Nevena Yovanoviç çoxtərəfli məsləhətləşmələr üçün Bakıya səfər edib. İlin sonunadək növbəti ikitərəfli siyasi məsləhətləşmələr üçün Azərbaycan nümayəndə heyətini Belqradda qəbul etməyi gözləyirəm.

Bu mexanizm iki ölkə arasında ikitərəfli əməkdaşlıq çərçivəsində baş verən bütün proseslərin ümumi icmalını dəyərləndirmək üçün yaxşı vasitədir. Nazirliklərimiz arasında yüksək səviyyədə qarşılıqlı anlayış mövcuddur. Bildiyiniz kimi, biz ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birimizi qətiyyətlə dəstəkləyirik. Bunlar hər iki ölkə üçün çox mühüm prinsiplərdir. Bu səviyyədə anlaşma yalnız ölkələrimiz arasındakı tərəfdaşlıq kimi deyil, həm də bir-birini çox yaxşı tanıyan şəxslərin dostcasına görüşləri kimi dəyərləndirilir. Yəni belə konsultasiyalar ən yaxın dostlarla görüşmək kimidir.

- Bir az da Serbiyanın gündəmində olan digər mövzular barədə məlumat almaq istərdik. Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlük üzrə danışıqlar prosesində iştirak təcrübənizi nəzərə alaraq bilmək istərdik ki, hazırda Serbiyanın Avropa İttifaqına inteqrasiya prosesi hansı mərhələdədir və Belqrad bu istiqamətdə əsas prioritetlərini necə müəyyən edir?

- Məlum olduğu kimi, Serbiya Avropa İttifaqına üzvlük üçün namizəd ölkə statusundadır. Bu inteqrasiya prosesi bəzən sürətli, bəzən isə ləng gedir. Lakin son bir neçə il ərzində bu proses Serbiya üçün bir qədər məyusedici hal alıb, çünki Ukraynada müharibənin başlamasından sonra bu inteqrasiya prosesi artıq tam olaraq ədalət prinsiplərinə əsaslanmır, daha çox siyasi meyarlarla ölçülür. Serbiyanın isə həm Ukrayna, həm də Rusiya ilə dostluq və qardaşlıq münasibətləri var və biz hər iki ölkə ilə yaxşı münasibətləri qorumağa çalışırıq.

Müharibə fonunda biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik, lakin eyni zamanda Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq etməyən yeganə Avropa ölkəsiyik. Bu, Brüsseldə bir çox şəxslərin xoşuna gəlmir və Aİ-yə inteqrasiya prosesimizdə müəyyən çətinliklərə səbəb olur.

Qərb tərəfdaşlarında müəyyən ikili standartlar mövcuddur, çünki onların investorları Serbiyaya investisiya qoyub və burada istehsal müəssisələrini qurublar, buna əsas səbəb isə Rusiyadan Serbiyaya gələn ucuz xammal və ya daha ucuz enerji olub. Yəni onlar Serbiyanın Rusiya ilə razılaşmalarından mənfəət əldə ediblər.

Digər tərəfdən isə onların hökumətləri bizə Rusiyaya qarşı enerji əməkdaşlığını dayandırmaq üçün təzyiq göstərirlər. Lakin bunun fonunda heç kim etibarlı alternativ təklif etməyib. Yaxın Şərqdəki proseslərlə birlikdə vəziyyət Avropada və digər yerlərdə getdikcə çətinləşir. Bu kontekstdə təbii olaraq biz Serbiyanın milli maraqlarını üstün tuturuq və dost ölkələrlə dostluqları qorumağa, həmçinin faydalı münasibətlər qurmağa çalışırıq.

Avropa İttifaqına inteqrasiya baxımından bizim üçün ikinci ən mürəkkəb və çətin siyasi məsələ Kosovanın qeyri-qanuni və birtərəfli müstəqillik istəyinə qarşı qəti mövqeyimizdir. Kosovo bizim cənub əyalətimizdir. Bu məsələdə bəzi əsas Avropa ölkələri ilə maraqlarımız ziddiyyət təşkil edir. Nəticə etibarilə Rusiya Federasiyası ilə münasibətlərimiz və Kosova məsələsində mövqeyimiz Aİ-yə inteqrasiya prosesimizin sürətlənməsinə mane olur.

Biz inteqrasiya prosesini Serbiyanın strateji marağı kimi qiymətləndiririk. Bu, yalnız Avropa İttifaqının fəaliyyətindən təsirlənməyimizlə deyil, həm də coğrafi mövqeyimiz və xarici investisiyaların təxminən 70%-nin Aİ ölkələrindən gəlməsi ilə əlaqədardır. İxracımızın isə 65%-i Avropa İttifaqına yönəlir. Biz bunu diversifikasiya etməyə çalışırıq, lakin hazırda real vəziyyət belədir.

Ən böyük çağırış ölkəmizi iqtisadi baxımdan inkişaf etdirmək və bütün əsas Avropa ölkələri ilə yaxşı münasibətləri, eyni zamanda tanımadığımız və gələcəkdə də tanımayacağımız Kosovonun qanunsuz və birtərəfli şəkildə elan edilmiş müstəqilliyi ilə bağlı mövqeyimizi qorumaqla bağlıdır. Çünki bunları balanslı şəkildə etmək lazımdır.

Kosovo və Metoxiya ərazisində yaşayan serb xalqının vəziyyəti çox çətindir. Ümid edirik ki, gələcəkdə vəziyyət dəyişəcək, əsas Avropa tərəfdaşlarından daha çox dəstək görəcəyik, çünki Kosovo və Metoxiyadakı mövcud vəziyyət insan hüquqlarının qorunması baxımından Avropa standartlarına qətiyyən uyğun deyil.

- Əgər düz xatırlayıramsa, martın 18-də Albaniya, Kosovo və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında birgə bəyannamə imzalandı.

- Bəli, biz bu razılaşmanın, şübhəsiz, Serbiyaya qarşı yönəldiyini düşünürük. Bölgədə belə hərbi ittifaqa ehtiyac yoxdur. Bu əməkdaşlıq bölgənin sabitliyini artırmır. Serbiya bu addımı, əlbəttə, çox ciddi qəbul edir, ona görə də serb xalqının təhlükəsizliyinə yönələn hər hansı təhdidə cavab verməyə hazır olmağa çalışacağıq.

- Ümumiyyətlə, Qərbi Balkanlarda artan geosiyasi rəqabət fonunda Serbiya regional sabitliyin qorunmasına necə töhfə verir?

- İlk növbədə qeyd etmək lazımdır ki, biz region ölkələri və bazarlarını birləşdirməyə yönəlmiş əsas iqtisadi platformaların təşəbbüskarlarından biri olmuşuq. Yəqin ki, Serbiya, Şimali Makedoniya və Albaniya arasında ortaq bazarın yaradılmasını, işçi qüvvəsinin, investisiyaların, kapitalın və xidmətlərin sərbəst hərəkətini nəzərdə tutan "Açıq Balkan" təşəbbüsünü xatırlayırsınız. Bu təşəbbüs müəyyən müddət ərzində kifayət qədər uğurla fəaliyyət göstərdi.

Lakin Avropa İttifaqı Albaniya və Monteneqronu Aİ-yə inteqrasiya yolunda liderlər kimi təqdim etdikdən sonra Albaniya artıq özünü potensial Aİ üzvü kimi gördüyü üçün "Açıq Balkan" təşəbbüsünə marağı azalmaqdadır.

Bundan əlavə, əlaqələndirmə məsələsi də xüsusi əhəmiyyət daşıyır. Magistral yollar və digər infrastruktur layihələri olmadan biznesin inkişafı üçün əlverişli şərait yaratmaq mümkün deyil. Bu sahədə biz, o cümlədən Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə Serbiyada müxtəlif layihələr həyata keçiririk. Hesab edirik ki, bu yanaşmanı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya və digər qonşularımıza da izah etmək vacibdir.

- Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

Xəbər lenti