Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) əsas tövsiyələrindən biri informasiya texnologiyaları (İT) auditi aparılması olsa da, Hesablama Palatası bunu tətbiq etmir, halbuki ondan istifadə nəzarətin miqyasının genişləndirilməsinə imkan yarada bilər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Bundan başqa, onun sözlərinə görə, Palatanın ötən il apardığı 43 auditin 70 %-i uyğunluq auditidir: "Səmərəlilik və maliyyə auditindən çox uyğunluq auditi aparılıb".
Deputat əlavə edib ki, xüsusilə rəqabətli tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər müşahidə olunur: "Hesabatda rəqabətli satınalmaların 43 %-dən çoxunda bu fərqin 20 %-dən artıq olduğu göstərilir. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir, dövlət satınalamlarında süni intelektdən istifadəni aktuallaşdırır".
"Hesabatda qeyd olunduğu kimi, 2025-ci ildə audit və analtik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntularda büdcə qanunvericiliyinin pozulması halları 51,6 % olub. 2024-cü ildə bu rəqəm 45,1 % idi. Sual olunur, büdcə qanunvericiliyin təkmilləşdirildiyi, rəqəmsallaşmanın genişləndirildiyi şəraitdə bunun səbəbləri nədir?", - deyə V.Bayramov vurğulayıb.
O, Palatanın həyata keçirdiyi 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 5-də büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlindiyini söyləyib: "Eynilə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin payı 75 %-dir. Keçirilən auditlərin 74 %-dən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır.
2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərər məbləği 2024-cü illə müqayisədə 50 %-dən çox artaraq 170,4 milyon manat olub. Bir il ərzində büdcəyə zərəri 50 % artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınmasına dair nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 %-nin bərpası ilə bağlı qərar qəbul etsə də bu göstərici 2025-ci ildə 60 % olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?"