IMG-LOGO

Virtual məkandan real təhlükəyə: Təhsil müəssisələrində artan silahlı insidentlər

23 Apr 2026 18:19 6 baxış
IMG

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində təhsil ocaqlarında qeydə alınan silahlı insidentlər cəmiyyətdə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Müşahidə olunan zorakılıq halları çox vaxt görünməyən, lakin təsir gücü yüksək olan rəqəmsal mühitdə formalaşan aqressiyanın bu gün də təzahürü kimi ortaya çıxır.

Aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi yeni qanuna əsasən, sosial şəbəkə platformaları 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərə bilməyəcək və bunun üçün yaş təsdiqi mexanizmləri tətbiq etməli olacaq. Qanuna əsasən, 15 yaşdan yuxarı uşaqlar üçün ayrıca, təhlükəsiz və nəzarət olunan xidmətlər təqdim olunmalıdır. Eyni zamanda, platformalar valideyn nəzarəti alətləri yaratmağa, istifadə müddətinin izlənməsi və məhdudlaşdırılması imkanlarını təmin etməyə borcludur.

Bildirilib ki, sosial şəbəkələrdə şirkətləri aldadıcı reklamların qarşısını almaq üçün də əlavə tədbirlər görülməlidir.

Yeni tələblərə əməl etməyən platformalara qarşı ciddi sanksiyalar nəzərdə tutulur. Bu çərçivədə reklam qadağası tətbiq oluna, eləcə də internet axını mərhələli şəkildə 50 faizdən 90 faizə qədər məhdudlaşdırıla bilər.

Qanunun qəbul edilməsini zəruri edən amil odur ki, sosial şəbəkələrdə yayılan zorakılıq məzmunu, nifrət dili və aqressiv davranışların normallaşdırılması xüsusilə yeniyetmələrin psixologiyasına ciddi təsir edir. Nəticədə virtual mühitdə qəbul edilən davranış modelləri real həyata daşınır və bu da məktəb kimi həssas məkanlarda təhlükəli halların yaranmasına zəmin yaradır. Buna görə də məsələni yalnız təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə deyil, eyni zamanda rəqəmsal mühitdə sağlam kommunikasiya və davranış mədəniyyətinin formalaşdırılması kontekstində də nəzərdən keçirmək vacibdir.

Əgər əvvəllər bu sahə daha çox texnologiya və kommunikasiya məsələsi kimi qəbul olunurdusa, indi açıq şəkildə milli təhlükəsizlik komponenti kimi dəyərləndirilməyə başlayır. Çünki virtual məkanda formalaşan davranış modelləri gec-tez real həyatda özünü göstərir və bu təsir artıq nəzəri deyil, konkret hadisələrlə sübut olunur.

Virtual "təhlükə"nin bir addımlığında

Uşaqlar və yeniyetmələrin gündəlik həyatında rəqəmsal dünyanın payı sürətlə artır. Onların dost çevrəsi, ünsiyyət forması, hətta özünüifadə vasitələri getdikcə daha çox virtual mühit üzərindən qurulur. "Rəqəmsal dostluq" anlayışı isə ilk baxışda zərərsiz görünsə də, real sosial bacarıqların zəifləməsi, emosional bağlılıqların səthiləşməsi və manipulyasiyaya açıq psixoloji mühitin formalaşması kimi risklər yaradır. Bu isə gələcək nəsillərin davranış modelinə birbaşa təsir edən amildir.

Ən narahatedici məqamlardan biri isə nəzarətsiz alqoritmlərin təsiridir. Sosial media platformaları istifadəçini platformada daha uzun saxlamaq üçün aqressiv, şokedici və emosional yüklü məzmunu daha çox önə çıxarır. Bu isə xüsusilə uşaqlar üçün təhlükəli bir informasiya dövriyyəsi yaradır. Onlar fərqinə varmadan zorakılıq, nifrət dili, qeyri-etik davranışlar və hətta intihara təşviq edən kontentlə qarşılaşır və bu məzmun zamanla normallaşmağa başlayır.

Anonimlik uzun müddət internetin "azadlıq zonası" kimi təqdim olunsa da, bu gün eyni anonimlik məsuliyyətsizliyin və aqressiyanın əsas qidalandırıcı mənbələrindən birinə çevrilib. VPN vasitəsilə məhdudiyyətlərin aşılması, saxta hesablar, kimliyi bəlli olmayan istifadəçilərin yaratdığı təzyiq mühiti artıq tək-tək fərdlərin yox, bütövlükdə cəmiyyətin psixoloji sağlamlığına təsir edir. Bu baxımdan texniki nəzarət mexanizmlərinin gücləndirilməsi artıq seçim deyil, zərurət kimi görünür.

Məhz buna görə rəqəmsal məzmunun daha sərt monitorinqi məsələsi artıq təkcə etik deyil, sosial təhlükəsizlik məsələsinə çevrilib. Uşaqların intihara sürüklənməsi, cinsi istismar riskləri, aqressiv davranışların təşviqi kimi hallar birbaşa rəqəmsal mühitlə əlaqələndirilir və bu əlaqə getdikcə daha açıq görünür. Bu fonda dövlətlərin passiv müşahidəçi mövqeyində qalması real risklər yaradır.

Sözügedən məsələ aprelin 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Prezident Kabinetinin iclasında da qaldırılıb. Belə ki, Ərdoğan zorakılığın artmasına səbəb kimi televiziya seriallarının, filmlərin, xəbər təqdimatlarının və populyar mədəniyyət məhsullarının uşaqlara təsirinin olduğunu vurğulayıb:

"Zorakılığı təşviq edən, qeyri-sağlam münasibətləri normallaşdıran məzmun əvəzinə, ailə dəyərlərini ön plana çıxaran və müsbət davranışları təşviq edən layihələrə üstünlük verilməlidir. Xəbər buraxılışlarında cinayət törətmə üsullarının detallı şəkildə təqdim edilməsi, hücum görüntülərinin dəfələrlə yayımlanması uşaqlarda təqlid riskini artırır. Sosial şəbəkə platformalarında şəxsiyyətin təsdiqlənməsi və məlumat paylaşımı ilə bağlı öhdəliklərin tətbiqi nəzərdə tutulur".

Türkiyə Prezidenti onu da qeyd edib ki, cinayət və zorakılıq mövzulu istehsallarda cinayətkarların güclü, nüfuzlu, cəzadan azad və ya hətta hörmətli kimi təsvir edilməsi gənclərimizin reallıqla əlaqəsinə xələl gətirir:

"Eynilə, cinayətkarın metodlarının xəbər verilişlərində ətraflı təqdim edilməsi və son hadisələrdə göründüyü kimi hücum görüntülərinin təkrar yayımlanması uşaqlarımız arasında təqlid riskini artırır. Bunu nəzərə alın: tariximiz boyunca biz insan münasibətlərində həmrəyliyə dəyər verən, xeyirxah və xeyriyyəçi olan şəfqətli, mərhəmətli bir millət olmuşuq. Millətimizin böyüklüyündən təkcə insanlar deyil, bütün canlılar faydalanıb. Lakin son illərdə populyar mədəniyyətin təsiri altında təməl dəyərlərimizi qorumaqda bir qədər səhlənkar və laqeyd olmuşuq.

Reytinq axtarışı zorakılıq mədəniyyətinin yayılması üçün bəhanə ola bilməz. Şübhəsiz ki, bu məsələdə ən böyük məsuliyyət medianın üzərinə düşür. Zorakılığı təşviq edən, təhrif olunmuş münasibətləri qanuniləşdirən və pisliyi normallaşdıran istehsallar əvəzinə, ailəni mərkəzləşdirən və yaxşılığı, şəfqəti və xeyirxahlığı təbliğ edən istehsallara daha çox yer verilməlidir".

Rəqəmsal mühitdə nəzarətin qaçılmazlığı

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq yalnız Türkiyənin gündəmində deyil. Avropa İttifaqı çərçivəsində qəbul edilən rəqəmsal tənzimləmə mexanizmləri, Fransa və Böyük Britaniya kimi ölkələrdə tətbiq olunan yaş məhdudiyyətləri və platforma məsuliyyəti ilə bağlı qanunlar bu istiqamətdə qlobal trendin formalaşdığını göstərir. Hər bir ölkə öz ictimai və siyasi reallıqlarına uyğun model seçsə də, ümumi yanaşma eynidir: rəqəmsal mühit artıq nəzarətsiz qala bilməz.

Azərbaycan üçün isə əsas məsələ bu prosesləri kənardan izləmək yox, proaktiv mövqe tutmaqdır. Çünki məsələ təkcə texnologiya deyil - bu, gələcək nəsillərin düşüncə tərzi, davranış modeli və ümumilikdə cəmiyyətin təhlükəsizlik arxitekturası ilə bağlıdır. Rəqəmsal azadlıqların qorunması ilə təhlükəsizliyin təmin olunması arasında balans tapmaq çətin olsa da, artıq bu balansı axtarmaq yox, qurmaq vaxtıdır.

Azərbaycanda da rəqəmsal mühitin tənzimlənməsi artıq nəzəri müzakirə mərhələsini geridə qoyaraq konkret addımlar müstəvisinə keçir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən fevralın 27-də imzalanmış sərəncamda uşaqların rəqəmsal mühitdə qorunması, zərərli məzmunun təsirinin minimuma endirilməsi və sosial şəbəkələrdə davranış qaydalarının müəyyən çərçivəyə salınması kimi məsələlər ön plana çıxarılır.

Sənəddə xüsusilə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı təşəbbüs diqqət çəkir. Bu addım uzun illərdir müzakirə olunsa da, praktik tətbiq mexanizmlərinin olmaması səbəbindən real nəticə vermirdi. Halbuki uşaqların yaşına uyğun olmayan məzmunla erkən yaşda qarşılaşması onların psixoloji formalaşmasına birbaşa təsir edir. Yaş təsdiqlənməsi mexanizmlərinin tətbiqi bu baxımdan sadəcə texniki filtr deyil, daha çox qoruyucu baryer funksiyası daşıyır.

Sərəncamda əksini tapan digər məqamlar isə rəqəmsal mühitdə təhlükəsizliyin kompleks yanaşma tələb etdiyini göstərir. Burada təkcə məhdudiyyətlərdən deyil, eyni zamanda maarifləndirmə, valideyn nəzarəti və platformaların məsuliyyətinin artırılması kimi elementlərdən söhbət gedir. Çünki rəqəmsal risklər yalnız bir istiqamətdən idarə olunmur - bu, həm texnoloji, həm sosial, həm də davranış məsələsidir.

Beləliklə, rəqəmsal platformaların təsir imkanları genişləndikcə, dövlətlərin bu sahəyə müdaxiləsi də qaçılmaz olur. Əsas məsələ isə bu müdaxilənin balanslı və məqsədyönlü şəkildə həyata keçirilməsidir - həm uşaqların qorunması təmin olunmalı, həm də rəqəmsal mühitin funksionallığı və açıq xarakteri qorunmalıdır.

Bu mənada fevralın 27-də imzalanmış sənəd yalnız cari vəziyyətə reaksiya deyil, həm də gələcək üçün çərçivə rolunu oynayır. Rəqəmsal təhlükəsizliyin artıq fərdi məsuliyyət məsələsi olmaqdan çıxaraq ictimai və institusional səviyyəyə yüksəldiyi bir dövrdə belə addımların davamlı və sistemli olması əsas şərt kimi qalır.

Xəbər lenti