Yerdən baxanda buludlar yüngül və demək olar ki, çəkisiz görünür. Əslində isə başımızın üzərində nəhəng su kütlələri hərəkət edir. Orta ölçülü bir buludun çəkisi 500 tona çata bilər, ən iri tufan buludlarında isə 25 milyon tona qədər su ola bilər.
Buludlar necə yaranır?
Lent.az xəbər verir ki, buludlar okeanların, çayların, göllərin və quru səthinin üzərindən buxarlanan sudan yaranır. Su buxarı yuxarı qalxdıqca soyuyur. Atmosferdəki toz zərrəcikləri və digər mikroskopik hissəciklərin üzərində toplanaraq çox kiçik su damcılarına yaxud buz kristallarına çevrilir.
Məhz bu xırda damcılardan bizə tanış olan topa, lələkvari və yağış buludları əmələ gəlir.
Buludun çəkisi nə qədərdir?
Alimlərin hesablamalarına görə, orta ölçülü bir buludun çəkisi təxminən 500 min kiloqram, yəni 500 ton təşkil edir. Müqayisə üçün, bu, təxminən 100 yetkin filin çəkisinə bərabərdir.
Buludun çəkisi onun ölçüsündən və növündən ciddi şəkildə asılıdır. Məsələn, tufan yaradan topa-yağış buludlarında 25 milyon tona qədər su ola bilər. Buludun daxilindəki havanın kütləsi də nəzərə alınsa, ümumi çəki daha da böyük olur.
Bu qədər böyük kütləyə malik olmasına baxmayaraq, buludlar yerə düşmür. Bunun səbəbi suyun onların daxilində diametri cəmi 2-10 mikrometr olan trilyonlarla xırda damcı şəklində qalmasıdır. Bu damcılar insan saçından onlarla dəfə nazikdir.
Belə mikroskopik damcılar yuxarı istiqamətli hava axınları və buludun çox böyük həcmində bərabər paylanmaları sayəsində havada qala bilir.
Maraqlı faktlar
Buludların ağ görünməsinin səbəbi onların daxilindəki xırda su damcılarının günəş işığını yaxşı əks etdirməsidir. Yağışdan əvvəl damcılar böyüyüb birləşməyə başlayanda isə işıq daha az əks olunur. Buna görə də tufan buludları daha tünd görünür.
Mütəxəssislər konkret bir buludun kütləsinin meteoroloqlar tərəfindən necə hesablandığını da açıqlayıblar. Bunun üçün buludun sıxlığı və ölçüləri əsasında riyazi hesablamalar aparılır.
Müxtəlif bulud növləri üçün orta göstəricilər əsas götürülür. Buludun fiziki həcmi isə peyk görüntüləri, meteoroloji cihazlardan əldə edilən məlumatlar və ya birbaşa müşahidələr vasitəsilə müəyyənləşdirilir.
maraq maraqlı xəbərlər dünyadan xəbərlərMənbə: lent.az