IMG-LOGO

Mətin Məmmədli: Ermənistanda səsləndirilən ziddiyyətli ritorika Bakı ilə İrəvan arasında etimadı sarsıdır

29 Apr 2026 11:27 3 baxış
IMG

Bakı ilə İrəvan arasında sülh prosesində irəliləyişin əldə olunmasına baxmayaraq, mənfi amillər də mövcuddur: Ermənistanda hələ də revanşist qüvvələrin fəallığı müşahidə olunur, əvvəlki münaqişə ritorikası geri qayıdıb ki, bu da ciddi risklər yaradır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli "EUreporter" üçün yazdığı "Azərbaycan və Ermənistan arasında sülhə gedən yol: davam edən risklər və çağırışlar" adlı məqaləsində qeyd edib.

"Müsbət siqnallarla yanaşı, sülh prosesinə mənfi təsir göstərməyə davam edən bir sıra amillər də mövcuddur. Xüsusilə Ermənistanda revanşist qüvvələrin fəallaşması və əvvəlki münaqişə ilə bağlı ritorikanın geri qayıtması ciddi risklər yaradır. Bu dairələr mövcud reallıqları qəbul etmək istəmədiklərini nümayiş etdirir və cəmiyyətdə qeyri-real gözləntilər formalaşdırmağa çalışırlar", - M.Məmmədli yazıb.

Bununla yanaşı o vurğulayıb ki, tərəflər təxminən 30 il davam edən münaqişənin yekun həllinə yaxındırlar.

"2020-ci ildən sonra (Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi – red.) regionda yeni geosiyasi reallıqlar formalaşıb ki, bu da sülh sazişinin bağlanmasına zəmin yaradıb", - ekspert bəyan edib.

O, həmçinin ayrı-ayrı erməni rəsmi şəxslərin səsləndirdikləri ziddiyyətli bəyanatlara diqqət çəkərək bunun tərəflər arasında etimadı sarsıtdığını vurğulayıb.

"Ağır cinayətlərdə ittiham olunan və Bakıda həbsdə olan şəxslərin azad edilməsi il bağlı çağırışlar beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və siyasi manipulyasiya xarakteri daşıyır", - müəllif yazıb.

Onun fikrincə, revanşizm ideologiyası regional inteqrasiyaya deyil, əvvəlki status-kvonun bərpasına yönəlib, bu isə həm regionun sabitliyinə, həm də Ermənistanın özünün inkişaf perspektivlərinə təhdid yaradır.

Bununla yanaşı, ekspert qeyd edib ki, ayrı-ayrı destruktiv bəyanatlara baxmayaraq, Azərbaycan sülh prosesinin dəstəklənməsinə yönəlmiş praqmatik və təmkinli mövqeyini qoruyub saxlayır.

"Bu yanaşma ilk növbədə, yeni eskalasiyanın qarşısının alınmasına yönəlib. Eyni zamanda, Azərbaycan bir dövlət kimi həm Ermənistana, həm də ayrı-ayrı siyasi və hərbi liderlərə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq üçün kifayət qədər hüquqi, siyasi və mənəvi əsaslara malikdir", - məqalədə qeyd olunub.

"Yaxşı məlumdur ki, işğal dövründə yaşayış məntəqələri dağıdılıb, maddi və mədəni irs talan edilib, azərbaycanlı əhali isə etnik təmizləməyə məruz qalıb", - o bildirib.

Müəllif qeyd edib ki, bu faktlarla bağlı beynəlxalq məhkəmə araşdırmalarının aparılmaması Azərbaycan cəmiyyətində hələ də sual doğurur. Onun sözlərinə görə, belə əhval-ruhiyyə tarixi ədalətin təmin edilməsi istəyi ilə bağlıdır.

"Azərbaycan rəhbərliyi hesab edir ki, uzunmüddətli sülhü yalnız hüquqi mexanizmlərlə təmin etmək mümkün deyil – siyasi dialoq və etimadın tədricən möhkəmləndirilməsi də zəruridir. Bununla belə, Azərbaycanın təmkininin də müəyyən həddi var: Ermənistanın qeyri-konstruktiv ritorikanı davam etdirəcəyi təqdirdə sülh prosesi ciddi şəkildə sarsıla bilər və o zaman Bakı daha qətiyyətli hüquqi və siyasi addımlar ata bilər", - ekspert əlavə edib.

O, həmçinin qeyd edib ki, Ermənistanda hazırkı daxili siyasi proseslər, o cümlədən seçki dövrü populist bəyanatların güclənməsinə səbəb ola bilər. Lakin daxili siyasət naminə sülh prosesini təhlükə altına qoymaq ağılsızlıqdır və uzunmüddətli perspektivdə Ermənistanın özünün milli maraqlarına ziyan vura bilər.

M.Məmmədli qeyd edib ki, sülh prosesinin uğuru hər iki tərəfin məsuliyyətli və konstruktiv yanaşmasından asılıdır.

"Yaranmış tarixi fürsətdən istifadə edə bilməmək regionun təhlükəsizliyi üçün yeni risklər yarada bilər", - məqalədə deyilib.

"Azərbaycan isə regional sabitliyə üstünlük verərək beynəlxalq hüquqa əsaslanan siyasət yürütməyə davam edir. Lakin bu siyasətin davamlılığı Ermənistanın qarşılıqlı və adekvat davranışından asılıdır", - müəllif sonda vurğulayıb.

Xəbər lenti