Mərkəzi Asiya və Qafqazda müasir turizm yerli marşrutlardan qlobal qonaqpərvərlik ekosisteminə keçid edərək dərin inteqrasiya dövrünü yaşayır. Bu prosesin mərkəzində dayanan Özbəkistan-Azərbaycan strateji ittifaqı bu gün vahid rəqəmsal həllər, transsərhəd marşrutlar və hava əlaqəsinin genişləndirilməsi vasitəsilə Böyük İpək Yolunun yeni simasını formalaşdırır.
Özbəkistanın Turizm Komitəsinin sədri Əbdüləziz Akkqulov "Report"a müsahibəsində Daşkənd və Bakı arasında əməkdaşlığın klassik turist axını mübadiləsindən kənara çıxaraq Çin, Hindistan və Avropa bazarları üçün birgə məhsulların yaradılmasını, süni intellekt texnologiyalarının tətbiqini və irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini əhatə etməsi barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Özbəkistan və Azərbaycan qarşılıqlı turist axınının artırılması istiqamətində iddialı hədəflər müəyyən edirlər. Cari ilin sonuna hədəfləriniz nələrdir?
- Biz ənənəvi tərəfdaşlarıq. Hər iki ölkənin turizm qurumları ötən ildən etibarən birgə təşviqat və marketinq kampaniyaları üzərində işləyir. Bu işə Avropada start verilib.
Bu il biz həmin istiqamətdə əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlmişik. Bundan başqa, biz bir-birimizdən öyrənirik. Məsələn, Azərbaycanın Hindistandan turist cəlb etmək sahəsində çox yaxşı təcrübəsi var. Öz növbəmizdə, biz dostlarımıza Çindən qonaqların cəlb edilməsi ilə bağlı öz təcrübələrimizi təklif edirik. Bu, həmişə qarşılıqlı faydalı tərəfdaşlıq olub. Biz artıq həmkarlarımızla bu işi Avropada davam etdirmək, Hindistan və Çindən ölkələrimizə birgə turist cəlb etməklə bağlı razılığa gəlmişik.
- Bu gün biz həm Bakı ilə Daşkənd, həm də Səmərqənd arasında birbaşa reyslərin sayının artdığını görürük. Azərbaycandan digər tarixi şəhərlərə - Buxara və ya Xivəyə birbaşa reyslərin açılması nəzərdən keçirilirmi?
- Turizm sahəsinin inkişafına görə məsul orqanlar olaraq, biz aviaşirkətlərin gələcəkdə yeni reyslərin açılması barədə qərar qəbul etməsi üçün biznesə lazımi şərait yaratmağa kömək edirik. Kombinə olunmuş turların təşkili və belə proqramlar çərçivəsində turist axınının artırılması digər şəhərlərə birbaşa reyslərin açılması üçün təbii ilkin şərtlər yaradacaq.
- Artıq uzun illərdir tarixi Böyük İpək Yolu boyunca vahid transsərhəd turizm marşrutunun yaradılması barədə müzakirələr aparılır. Konsepsiya Azərbaycan və Özbəkistanın Çin, Yaponiya və Avropa ölkələrindən olan səyahətçiləri əhatə edən vahid turizm paketi çərçivəsində birləşdirilməsini nəzərdə tutur. Bu təşəbbüsün həyata keçirilməsi məsələsi aktuallığını qoruyurmu?
- Ötən ay biz Səmərqənddə Ümumdünya Turizm Təşkilatının (UN Tourism) tematik ofisini açdıq. Onun əsas məqsədi İpək Yolu boyunca layihələrin inkişaf etdirilməsidir. Asiya İnkişaf Bankının 59-cu illik iclası çərçivəsində biz UN Tourism, ADB və bu ofislə birlikdə biznesə səmərəli dəstək və kombinə edilmiş turların inkişafı üçün infrastrukturun yaradılması yollarını müzakirə edirik.
Bu, gələcəkdə kəmiyyət və keyfiyyət artımı üçün zəmin yaradacaq.
- Özbəkistan Azərbaycan investorlarına Çarvak və ya "İpək Yolu Səmərqənd" kimi yerlərdə otellərin tikilməsi və ya istirahət zonalarının yaradılması üçün güzəştli şərtlər təklif etməyə hazırdırmı?
- Prezidentimizin həyata keçirdiyi siyasət çərçivəsində bu gün turizm biznesinə 20-dən çox növdə güzəşt və imtiyazlar təqdim edilir. Azərbaycandan olan investorlar da daxil olmaqla bütün investorlar bu subsidiya və güzəştli şərtlərdən tam şəkildə yararlana bilərlər.
- Özbəkistan turizmdə süni intellekt həllərini (ağıllı bələdçilər, axın analitikası) fəal şəkildə tətbiq edir. Azərbaycanlı həmkarlarla bu sahənin rəqəmsallaşdırılması üzrə təcrübə mübadiləsi planlaşdırılırmı?
- Hazırkı mərhələdə biz turları düzgün seçməkdə və Özbəkistanda yaradılmış bütün şərtlərdən rahatlıqla istifadə etməkdə turistlərə kömək edəcək müxtəlif sistemləri birləşdirən genişmiqyaslı platforma yaradırıq. Biz qazandığımız və praktikada sınaqdan keçirdiyimiz təcrübəni dostlarımızla bölüşməyə həmişə hazırıq.