IMG-LOGO

Türk birliyinin Azərbaycan nümunəsi: milli kimliyə söykənən ortaq platforma - ŞƏRH

15 May 2026 20:52 4 baxış
IMG

Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və bütün sahələri əhatə edən əməkdaşlıq formatı beynəlxalq münasibətlər sistemində strateji müttəfiqliyin unikal modeli sayılır. "Bir millət, iki dövlət" prinsipinə əsaslanan bu münasibətlər eyni zamanda qarşılıqlı etimad və praqmatik tərəfdaşlıq modeli kimi də çıxış edir.

Bu mənada, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən may ayının 15-də Ankara şəhərində Müstəqillik Günü münasibətilə təşkil olunan tədbir də iki ölkə arasındakı sıx əlaqələrin təzahürü kimi qiymətləndirilməlidir. Lakin tədbirin əhəmiyyəti yalnız bununla bitmir. Bu, həmçinin türk dünyasında gedən inteqrasiya proseslərində Azərbaycanın aparıcı rolunun daha bir təsdiqi idi.

Diqqətçəkən məqamlardan biri səfirliyin təşkil etdiyi tədbirdə iştirakçı kontingentinin geniş coğrafi və etnik rəngarəngliyidir. Mərasimdə Krım tatarlarının, Dağıstanın türk xalqlarının, qaraçay-balkar, çərkəz, noqay türklərinin və saxaların (yakutların) görkəmli nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin, elm və mədəniyyət elitasının, eləcə də nüfuzlu diaspora təşkilat rəhbərlərinin geniş tərkibdə təmsil olunması tədbirin beynəlxalq əhəmiyyətini vurğulayan məqamlardan biridir. Tədbirin iştirakçı tərkibi, həmçinin göstərir ki, Azərbaycan təkcə özünün Müstəqillik Gününü qeyd etmir, paralel olaraq Avrasiya məkanında yaşayan müxtəlif türk və digər qardaş xalqlar üçün mənəvi-siyasi cazibə mərkəzinə çevrilib. Bu mənzərə Azərbaycanın regional müstəvidə həyata keçirdiyi inklüziv siyasətin və tarixi köklərə dayanan həmrəylik kursunun bariz nümunəsidir.

Belə formatda həyata keçirilən təmaslar xalqlararası yaxınlaşmaya, etimadın möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, həm də gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri üçün əlverişli platforma formalaşdırır. Bu baxımdan, sözügedən görüşlər Azərbaycanın geniş türk coğrafiyasında oynadığı birləşdirici rolu bir daha təsdiq edir və müasir geosiyasi şəraitdə xalqlarımızın vahid dəyərlər ətrafında konsolidasiyasının mühüm amilinə çevrilir. İctimai xadimlərin, elm və mədəniyyət nümayəndələrinin bir araya gəlməsi, bürokratik maneələri aşaraq, qarşılıqlı etimada əsaslanan mənəvi bir körpü inşa edir. Bu cür platformalar, ortaq maraqlar əsasında qurulan əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də regional sabitliyin dayanıqlı olmasını təmin edən insan faktorunu proseslərin mərkəzinə gətirir.

Beləliklə, Azərbaycanın təşəbbüsü ilə formalaşan bu dialoq mühiti, müasir diplomatiyanın ən mütərəqqi tendensiyalarına uyğun olaraq, gələcəyin konseptual tərəfdaşlıq modelini bu gündən sınaqdan keçirir.

Tədbir çərçivəsində qurulan dialoqlar, verilən açıqlamalar, fikir mübadilələri gələcəkdə birgə həyata keçiriləcək layihələr, digər təşəbbüslər üçün real imkanlar yaradır və bünövrə rolunu oynayır. Ortaq köklərə və tarixi irsə malik müxtəlif xalqlar arasında təmas və müzakirələrin sistemli xarakter alması üçün belə təmasların böyük əhəmiyyəti var.

Yuxarıda da qeyd edildiyi kimi, tədbirdə təkcə türkdilli dövlətlərin nümayəndələri yox, digər qardaş xalqların da nümayəndələri iştirak edib. Xüsusi diqqəti isə tarix boyu deportasiyalardan əziyyət çəkmiş Şimali Qafqaz xalqları və Krım tatarlarına ayırmaq lazımdır. Çünki bu gün dünyada baş verən proseslər, sürətli qloballaşma, mürəkkəb geosiyasi çalxalanmalar fonunda milli kimliyin, ana dili və tarixi yaddaş kimi vacib məsələlərin qorunub saxlanılması bəzi xalqlar üçün mədəni məsələ olmaqdan çıxaraq mövcudluq mübarizəsinə çevrilib. Qeyd etdiyimiz Şimali Qafqaz xalqları və Krım tatarları üçün isə tarix boyu yaşanılan deportasiya, assimilyasiya təhlükələri, demoqrafik dəyişikliklərin fəsadlarını aradan qaldırmaq, mədəni iris gələcək nəsillərə ötürmək həyati əhəmiyyət kəsb edir. Bu baxımdan məhz belə həssas məqamların humanitar müstəvidə beynəlxalq gündəmə gətirilməsi müstəsna əhəmiyyət kəsb edir. Beynəlxalq platformalarda dost və qardaş xalqların səsinə çevrilmək, onların daha geniş auditoriya tərəfindən eşidilməsini təmin etmək beynəlxalq həmrəyliyin ən ali formasıdır.

Azərbaycanın Türkiyədəki səfirliyinin keçirdiyi tədbir göstərib ki, rəsmi Bakı özünün dövlət maraqlarının təmin edilməsi ilə yanaşı geniş bir coğrafiyanın tarixi yaddaşını və mənəvi bütövlüyünün qorunmasını da xarici siyasətdə prioritet hesab edir.

Belə formatlarda ünsiyyət türk xalqları və toplumları arasında sistemli və məqsədyönlü əlaqələrin qurulması, humanitar diplomatiya və strateji kommunikasiya baxımından da böyük əhəmiyyət təşkil edir.

Bu iştirakçılıq, ilk növbədə, ortaq tarixi-mədəni bağların yenidən canlandırılmasına, milli kimliyin qorunmasına və xalqların fundamental mədəni hüquqlarının beynəlxalq müstəvidə təşviqinə xidmət edir.

Türk Dünyasında bir çox təşəbbüs və əməkdaşlıq layihələrində lokomotiv rolunu oynayan Azərbaycanın ardıcıl və sistemli yanaşması Türk Dünyası ölkələrinin ortaq gələcək, vahid platforma ətrafında birləşməsi üçün böyük əhəmiyyət kəsb edir.

Kamil Məmmədov

Xəbər lenti