IMG-LOGO

18 ilin Lent.az-ı – Hər günü bir HEKAYƏ

25 Jun 2026 11:26 5 baxış
IMG
5 0

Səhər tezdəndi, işi axşam növbəsindən təhvil almalıyam, tələsirəm. Hövləng kartı turniketə uzadıram açılmır ki, açılmır. Kartı sağa-sola çevirirəm, çalışmır. Tez gedib APA GROUP-un İT şöbəsinin müdirini çağırıblar ki, bəs Lent.az-ın redaktoru içəri girə bilmir. Hamımızın çox sevdiyi Emil gəlib əlimdəki kartı alıb turniketə tutur yenə eyni vəziyyət. Aparatı söküblər, şunurları filan qurdalayırlar. Bir də gördüm, Emil üzümə tərs-tərs baxır: “Ay Səbinə xanım, siz qaz kartı ilə turniketdən necə keçəcəksiniz ki?”.

 

O vaxt qaz sayğaclarının mavi kartı var idi. Bizim Lent.az-ın da vəsiqələri eyni ölçüdə və mavi rəngdə. Sən demə kartları dəyişik salmışam, lal-dinməz vəsiqəni çıxarıb vurub keçirəm. Necə pərtəmsə Emilə baxıram, ağlıma bir söz gəlmir, gözlərim hər şeyi deyirdi amma.

Lent.az-dakı hər gün bir yazının mövzusudur. Kaş texniki imkanlar olardı bu 18- ilin hamısını yaza biləydim. Bəlkə nə vaxtsa...

Lent.az təzə açılıb, mənim də övladım çox kiçikdir deyə uzaqdan işləyirəm. Baş redaktorumuz Qabil Abbasoğlunu hamınız mülayim, insanı yola verən, qəlbi çox böyük  biri kimi tanıyırsız. Buna bir sözüm yoxdur. Elə bu cürdür. Amma mövzu məsələsində o qədər kaprizli və zalımdır ki, adamı mütləq “yoxuşa sürəcək”. Reportaj mövzusu bəyəndirə bilmirik. Dediklərini edəndə də demək olar ki, ora son gedişin olur. Necə ki, 2008-ci ildən bəri mən “Azərbaycan Nəşriyyatı”na gedə bilmirəm. Dedi orada dövlətin otaqlarını axmaq, adı olub özü olmayan qəzetlərə veriblər, piləkkənindən tutumuş çardağına kimi oranı elə araşdırırsan ki, zibil qutusundakı bütün çirkablar görünsün. Nə başınızı ağrıdım, dəliyə yer ver, əlinə bel. Döymədiyim, içini görmədəiyim, yaxşı mənada təftiş etmədim otaq, künc-bucaq qalmadı. O illərdə mediada olanların Nəşriyyatdakı vəziyyət yaxşı yadında olar. Bircə kəlmə deyəcəm o yazıdan, məncə kifayət edəcək – Qapını döyürəm, işıqlı, romantik, pəncərəsində al qırmızı qalın pərdələr asılan bir otaqdır. Elə bilirsən otellərin bal ayı üçün ayrılmış suit qatındasan. Divanın önündəki alçaq masanın üzərində ləb-ləbidən, “şərbət”dən, mer-meyvədən (sulusu və qurusu) barmaq basmağa yer yoxdur. Amma iş masası, qəzet dərc etmək üçün heç olmasa bir kompüter, printer, skayner kimi əsas məsələlər yoxdur. Deyirəm siz burda nə iş görürsüz, qarını yupyumuru, çayı qarşısında buğlanan bir kişi deyir ki, qəzet çıxarırıq da...

Kənardan işlədiyim vaxtlar redaksiyadakıları görmürdüm. Başım qarışmışdı sabiq Ali Məhkəmənin sədri Südabə Həsənovanın, Xəzər Rayonun keçmiş Prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun “Ekstazi” işinə. Həmin zaman Lent.az-ın idman yazarı, hazırda İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov imiş. Onun başı öz sahəsinə necə qarışırmışsa, 3 gün bundan əvvəl baş verən hadisə ilə bağlı sual verəndə, hamı birdən “yenə başladın” deyirmiş. Düz 18 ildir ki, redaksiyada köhnə xəbər verənə “Elşən” deyib çağırırıq. Lent.az-dan keçən imzaların hamısının adını çəksəm, çox-çox uzun bir siyahı olar. Lent.az-a işıq verən və eyni zamanda bu məkandan güc alan, populyarlaşan əməkdaşlarımızın hamısını sevirəm. Bəzi məqamları unutmaq isə, sadəcə mümkün deyil...

Bir Ləmanımız var idi, Mustafaqızı... Əyninə xalat geyinib əlinə süpürgə alıb, səhər saat 5-də düşürdü təmizliyikçilərlə birlikdə küçələrin zibilini toplamağa. Sonra gedib çarəsiz insanlar tapardı, şirkət rəhbərinin dəstəyi, dövlət orqanlarını işləməyə məcbur etməsi, xeyirxah insanların köməyi ilə ona ev tikidirirdi, bütün işin üstündə nəzarət edirdi. Lent.az-ın 18- ildir ki, hadisə müxbirlərinə təəccüb edirəm. Sanki cinayətkarlar qətli törədə-törədə onlara xəbər yollayır, hakimlər ha qaçsa da bizim uşaqların gözündən yayınmır. Müəllimlərin, həkimlərin, sənət adamlarının, adi sakinlərin dərdi-tasası ilk Lent.az-dan ölkəyə yayılır.

Səbuhi Məmmədlidən danışmağa başlasam,bu yazı bitməz. Özü gedib fotosunu qoyub yerin, sanki gözüm üzərinizdədir deyir.

Burda çoxu işkolikdir. Əsasən, ölkəmiz, dövlətimiz, milli maraqlarımız üçün, fövqəladə hallar baş verdiyi zamanlar kimi önəmli məqamlarda heç kim saata, yəni iş vaxtının bitib-bitməməsinə baxmaz. Baxırıq ki, APA GROUP-un rəhbəri Vüsalə Mahirqızı hələ işdə. O, müxbirlərlə birlikdə xəbər yazır, informasiya verir. İnformasiya almaqda hər birimizə kömək olur. Onu işdə qoyub getmək ən yumşaq mənada “ayıb” olar. Gecə saat 3-də iş qrupumuza yazır, xəbər göndərir, məlumat verir, sabah tezdən 8-də görürsən yazıb ki, filan məqalədə vergül səhvi var. Qalırsan belə...

Eyni sözləri APA GROUP-un baş redaktoru Nurşən Quliyev barəsində də demək olar. Ondan danışsam onsuz da inanmayacaqsınız. 6-cı gün də işləyir. Bazarlar hərdən mən növbətçi redaktor oluram, nəfəs almağa imkan vermir. Deyirəm ay müəllim, 4-cü çay stəkanım soyuyub içə bilməmişəm, arada bir nəfəs al. Hara alır... Allah onların bu gücünə güc qatsın. Onların işə bu münasibəti bütün şirkətə yoluxur. Bu tempə ayaq uydurmayanlar da özləri sakitcə gedir. Uşaqlar bir səhv görən kimi tez əl-ayağa düşürlər ki, bu saat Nurşən müəlim irad edəcək.

Hər səhər işə gələndə mühafizədən, xadimədən, evə getməyə hazırlaşan axşam redaktorumuzdan tutmuş hamı səni xoş üzlə qarşılayır. Keçirsən yerinə, budur sənin üzərində işlədiyin, övlad yerinə qoyduğun işçilər gəlir. Qapı bir daha açılır baş redaktorumuz Hafiz Heydərov, 90-cı illərin əvvəlindən birlikdə “külüng” döydüyümüz Əməkdar jurnalistimiz Azər Hüseynbala gəlir. Bu doğma insanlarla birlikdə ailədə, evdə olduğumdan bir də əminəm.

Deməli belə, şükür ki, köhnə sayğacımızı ləğv ediblər. Daha çantamda bircə dənə mavi kart var...

Lent.az 18 il

Mənbə: lent.az

Xəbər lenti