IMG-LOGO

Azərbaycan və Ermənistan ekspertləri bir il əvvəl əldə olunan razılaşmaları necə qiymətləndirir? - ŞƏRH

08 Aug 2026 14:59 8 baxış
IMG
1 0

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan bir il ötür. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və tərəflərin üzərinə götürdüyü siyasi öhdəliklər Cənubi Qafqazda postmünaqişə dövrünün əsas diplomatik hadisələrindən birinə çevrildi.

Ötən bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində bir sıra dəyişikliklər baş verib. Siyasi və diplomatik təmaslar intensivləşib, sərhədlərin delimitasiyası prosesi davam etdirilib, keçmiş münaqişə ilə bağlı beynəlxalq mexanizmlərin aradan qaldırılması istiqamətində addımlar atılıb, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində konkret işlər görülür.

Bəs, Azərbaycan və Ermənistan ekspertləri Vaşinqton razılaşmalarını necə qiymətləndirir?

Vaşinqton görüşü nəyi dəyişdi?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Mətin Məmmədli hesab edir ki, 8 avqust 2025-ci il Vaşinqton görüşü Azərbaycan diplomatiyasının postmünaqişə mərhələsində əldə etdiyi ən mühüm siyasi-diplomatik nəticələrdən biridir.

“8 avqust 2025-ci il Vaşinqton görüşü Azərbaycan diplomatiyasının postmünaqişə mərhələsində əldə etdiyi ən mühüm siyasi-diplomatik nəticələrdən biri kimi qiymətləndirilməlidir. Bu görüşün əhəmiyyəti yalnız sülh sazişinin razılaşdırılmış mətninin paraflanması ilə məhdudlaşmır. Əslində, Vaşinqton görüşü 2020-ci ildən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi və geosiyasi reallığın beynəlxalq səviyyədə qəbulunun mühüm ifadəsi oldu”, - ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra qarşıdurmanın davam etdirilməsi əvəzinə, münasibətlərin, ilk növbədə, dövlətlərarası müstəviyə keçirilməsini və beynəlxalq hüququn prinsipləri əsasında sülhün yaradılmasını təklif edib: “Burada vacib bir məqamı nəzərə almaq lazımdır. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra qarşıdurmanın davam etdirilməsi əvəzinə münasibətlərin ilk növbədə dövlətlərarası müstəviyə keçirilməsini, beynəlxalq hüququn prinsipləri əsasında sülhün yaradılmasını təklif etdi. 8 avqust görüşünün yekun sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və güc yolu ilə ərazi əldə edilməsinin qəbuledilməzliyi əsas prinsiplər kimi təsbit edildi”.

M. Məmmədlinin fikrincə, bu səbəbdən Vaşinqton sammitinə, sadəcə, danışıqlar prosesinin növbəti mərhələsi kimi deyil, Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni reallığın beynəlxalq hüquqi və diplomatik müstəvidə möhkəmləndirilməsi kimi baxmaq lazımdır.

“Vaşinqton sammitini Azərbaycanın hərbi-siyasi müstəvidə yaratdığı yeni reallığın diplomatik və hüquqi müstəvidə möhkəmləndirilməsi mərhələsi adlandırmaq daha düzgün olar. Son bir ildə baş verən proseslər də bunu təsdiq edir. ATƏT-in Minsk prosesi və onunla bağlı strukturlar tərəflərin birgə müraciəti əsasında bağlandı. Sərhədlərin delimitasiyası üzrə danışıqlar davam etdirilir. Kommunikasiyaların açılması istiqamətində artıq konkret institusional mexanizmlər formalaşdırılıb”, – o vurğulayıb.

Politoloq hesab edir ki, bütün bunlar Vaşinqton görüşünü münaqişənin idarə olunması diplomatiyasından postmünaqişə və sülh diplomatiyasına keçidin institusionallaşdırıldığı mərhələ kimi qiymətləndirməyə əsas verir.

Ermənistandan olan siyasi şərhçi Artur Ağacanov da 2025-ci il avqustun 8-də Vaşinqtonda baş verənləri iki ölkə münasibətlərində prinsipial dönüş nöqtəsi hesab edir.

“2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhlə bağlı sənədlər imzalandı. Bu hadisə uzun illər davam edən danışıqların kulminasiya nöqtəsi oldu. Trampın təşəbbüsünün reallaşması üçüncü tərəfin sülh gündəliyində iştirakının yeni formasını ifadə edir”, – deyə Ağacanov bildirib.

Onun fikrincə, Vaşinqton görüşündən sonra tərəflər arasında yalnız siyasi bəyanatlar deyil, daha praktik və institusional əlaqələr formalaşıb: “Hər iki tərəf konkret istiqamətlər üzrə razılığa gəldi. Administrasiyalar arasında daimi operativ əlaqə mövcuddur. Diplomatik qurumlar artıq qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq təşkilatlarda gərginlik nəzərəçarpacaq dərəcədə azalıb. Bir neçə il əvvəl normal münasibətlərin mümkün olmadığı barədə təsəvvür formalaşmışdı, hazırda isə baş nazir müavinlərinin rəhbərlik etdiyi hökumətlərarası komissiya mütəmadi olaraq görüşür. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana səfər edib, Ermənistan və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri arasında görüşlər keçirilib”.

Ağacanov vətəndaş cəmiyyəti səviyyəsində də təmasların artdığını vacib amil hesab edir.

“Bundan əlavə, iki ölkənin vətəndaş cəmiyyətləri dialoq üçün “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində platforma yaradıb. İctimai təşkilatların nümayəndələri həm Ermənistanda, həm də Azərbaycanda görüşlər keçiriblər. Bu görüşlər və onların son bir il ərzində sülh prosesinə təsiri müsbət dinamikanın göstəricisidir. Münasibətlərin gələcək normallaşması üçün yaxşı potensial formalaşıb”, – Ağacanov əlavə edib.

Paraflanmış sülh sazişinin siyasi və hüquqi əhəmiyyəti nədir?

Mətin Məmmədli hesab edir ki, paraflanma ilə imzalanma hüquqi baxımdan fərqli anlayışlardır və bu fərq prosesin hazırkı mərhələsini düzgün qiymətləndirmək üçün mühüm əhəmiyyət daşıyır.

“İlk növbədə paraflanma ilə imzalanma anlayışlarını hüquqi baxımdan fərqləndirmək lazımdır. Paraflanma müqavilənin artıq tərəflər arasında razılaşdırılmış mətninin mövcud olduğunu və mətn üzərində aparılan danışıqların əsas mərhələsinin faktiki olaraq başa çatdığını göstərir. Ancaq paraflanma özlüyündə hələ müqavilənin qüvvəyə minməsi demək deyil”, - ekspert bildirib.

O xatırladıb ki, 8 avqust 2025-ci ildə xarici işlər nazirləri razılaşdırılmış sülh sazişinin mətnini paraflayıb və Vaşinqton Bəyannaməsində sənədin imzalanması və ratifikasiyası üçün müvafiq addımların davam etdirilməli olduğu göstərilib: “Hüquqi baxımdan sənədin məzmunu da kifayət qədər əhəmiyyətlidir. Razılaşdırılmış saziş qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyin tanınmasını, tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddiaların irəli sürülməyəcəyini nəzərdə tutur. Sənəd BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və 1991-ci il Almatı Bəyannaməsinə istinad edir”.

M. Məmmədli hesab edir ki, paraflanmanın siyasi mənası da kifayət qədər genişdir.

“Tərəflər ilk dəfə münaqişənin mahiyyətinə dair deyil, daha dəqiq desək, iki suveren dövlət arasında gələcək münasibətlərin necə qurulacağına dair razılaşdırılmış sənədə gəlib çıxıblar”, – o vurğulayıb.

Artur Ağacanov isə paraflanmış sülh sazişinə Ermənistanın xarici siyasətində dəyişiklik prizmasından yanaşır.

“Sülh sazişinin paraflanmasının Ermənistan üçün siyasi əhəmiyyəti ondan ibarətdir ki, bu addımı dönüş nöqtəsi hesab etmək olar. Ermənistan uzun illər, əsasən, bir istiqamətə yönəlmişdi: ATƏT-in Minsk qrupu, Rusiya, İran və ya digər xarici aktorlar”, – Ağacanov bildirib.

Onun sözlərinə görə, Vaşinqton formatı Ermənistanın regional siyasi aktor kimi daha müstəqil qərar vermə imkanlarının olduğu ortaya çıxardı: “Sülh sazişinin paraflandığı Vaşinqton formatı Ermənistanın regional siyasi aktor kimi müstəqilliyini nümayiş etdirdi. Azərbaycanın uzun müddətdir müstəqil siyasi kursu mövcud idi, Ermənistanda isə belə bir kurs formalaşmamışdı. Buna görə Ermənistanın Azərbaycanla razılaşmanı müstəqil şəkildə bağlamaq qərarı böyük siyasi əhəmiyyət daşıyır. Vasitəçilərin kimliyindən asılı olmayaraq, qərarı Ermənistan və Azərbaycan qəbul etdi”.

Ağacanovun fikrincə, məhz bu baxımdan paraflanmış saziş Ermənistan və Azərbaycan üçün mühüm siyasi məna daşıyır.

Vaşinqton zirvəsi Azərbaycanın sülh strategiyasının nəticəsidir

Mətin Məmmədli hesab edir ki, Vaşinqton görüşünü Azərbaycanın 2020-ci ildən sonra ardıcıl şəkildə irəli sürdüyü sülh strategiyasının siyasi-diplomatik nəticəsi kimi qiymətləndirmək mümkündür.

“Vaşinqton görüşünü Azərbaycanın 2020-ci ildən sonra ardıcıl şəkildə irəli sürdüyü sülh strategiyasının siyasi-diplomatik nəticəsi hesab etmək olar. Azərbaycanın yanaşmasının əsas mahiyyəti və fəlsəfəsi ondan ibarət idi ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra Bakı və İrəvan münasibətlərini keçmiş münaqişə terminologiyası əsasında deyil, iki suveren dövlət arasında normal münasibətlərin universal prinsipləri əsasında qurmalıdır”, – politoloq bildirib.

Onun sözlərinə görə, bu prinsiplərin əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, bir-birinə qarşı ərazi iddialarından imtina və gücdən istifadə etməmək dayanır.

“Vaşinqtonda paraflanmış sazişə baxdıqda görürük ki, məhz bu prinsiplər sənədin hüquqi əsasını təşkil edir”, – Məmmədli qeyd edib.

O hesab edir ki, burada söhbət yalnız Azərbaycanın ayrı-ayrı diplomatik tələblərinin qəbul edilməsindən getmir.

“Burada söhbət yalnız Azərbaycanın müəyyən diplomatik tələblərinin qəbul olunmasından deyil, Bakının ümumilikdə postmünaqişə dövrü üçün təklif etdiyi konsepsiyanın qəbul edilməsindən gedir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə və dövlətlərin suverenliyinə əsaslanır”, – Məmmədli vurğulayıb.

Politoloqun fikrincə, bu yanaşmanın Ermənistan və digər aktorlar tərəfindən qəbul olunması İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi ardıcıl xarici siyasətin nəticələrindən biridir.

“Bu baxımdan Vaşinqton görüşünün Azərbaycan üçün əhəmiyyətli tərəfi ondadır ki, Azərbaycan artıq yalnız müharibənin qalibi kimi deyil, postmünaqişə regional nizamının və sülh gündəliyinin təşəbbüskarlarından biri kimi çıxış edir”, – o bildirib.

Artur Ağacanov da iki ölkənin tədricən sülh sazişinə doğru irəlilədiyini düşünür.

“Ölkələr sülh sazişinə doğru irəliləyir, münaqişənin və gərginliyin davam etdirilməsinin mənasız olduğu tədricən anlaşılırdı. Bu proses təbii olaraq sülh nizamlanmasına gətirib çıxardı”, – Ağacanov deyib.

Onun sözlərinə görə, əvvəllər müxtəlif danışıq platformaları mövcud olsa da, onlar effektiv nəticə verməyib.

“Ermənistanda və Azərbaycanda hər kəs bu prosesə tam hazır olmasa da, insanların əksəriyyəti münasibətlərin normallaşmasını dəstəkləyir. Müxtəlif danışıq platformaları, o cümlədən ATƏT-in Minsk qrupu mövcud idi, lakin onlar effektiv olmadı. Məhz buna görə Vaşinqton formatı prinsipial şəkildə yeni mərhələ sayılır”, – siyasi şərhçi bildirib.

Ağacanov Vaşinqton formatının əsas fərqini tərəflərin yekun qərarları özlərinin qəbul etməsində görür.

“Vaşinqton görüşü göstərdi ki, Ermənistan və Azərbaycan xarici təzyiq olmadan da razılığa gələ bilirlər. Vaşinqton platforma təqdim etdi, ABŞ Prezidenti prosesdə iştirak etdi, lakin yekun qərarları yalnız Ermənistan və Azərbaycan qəbul etdi. Vaşinqton formatını əvvəlki cəhdlərdən fərqləndirən əsas məqam da budur. ABŞ nə Ermənistana, nə də Azərbaycana təzyiq göstərdi. İki ölkənin liderləri razılaşmaları özləri əldə etdilər”, – o əlavə edib.

Son bir ildə hansı nəticələr əldə olunub?

Mətin Məmmədli ötən bir ilin nəticələrini qiymətləndirərkən bir neçə mühüm istiqaməti ayırır.

“Ötən bir ili qiymətləndirərkən bir neçə mühüm nəticəni ayırmalıyıq. Birincisi, sülh sazişinin tam mətninin razılaşdırılması və paraflanmasından sonra yaranmış vəziyyətdir. Hesab edirəm ki, bu, fundamental siyasi nəticədir”, – politoloq bildirib.

Onun sözlərinə görə, ikinci əsas nəticə keçmiş münaqişənin beynəlxalq vasitəçilik formatını təşkil edən ATƏT-in Minsk prosesinin və ona bağlı strukturların fəaliyyətinə rəsmən son qoyulmasıdır.

“Nəhayət, üçüncü istiqamət kimi sərhədlərin delimitasiyası prosesi son bir ildə davam etdirilib. 2026-cı ilin aprelində sərhəd komissiyalarının növbəti görüşündə ekspert qruplarının işi, delimitasiya xəritələrinin hazırlanması və digər sənədlərin tərtibinə dair prosedurlar üzrə layihələr razılaşdırılıb”, – Məmmədli bildirib.

O hesab edir ki, bu istiqamətlərdə müsbət dinamika müşahidə olunsa da, bir sıra problemlər və açıq məsələlər qalır.

“Bu əsas istiqamətlərdə müəyyən irəliləyiş və müsbət dinamika müşahidə etmişik. Ancaq təbii ki, bir sıra problemlər hələ də qalmaqdadır. Açıq məsələlər mövcuddur”, – politoloq qeyd edib.

Artur Ağacanov isə son bir ilin nəticələrini yalnız siyasi təmaslarla deyil, iqtisadi və praktik addımlarla da əlaqələndirir.

“Azərbaycan və Ermənistan münasibətlərində nəzərəçarpan dəyişikliklər diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində keçirilən görüşlərdə özünü göstərir. Bununla yanaşı, tarixi Vaşinqton razılaşmalarından sonra real sülhün təmin olunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb”, – Ağacanov deyib.

Onun sözlərinə görə, bu addımlara yüklərin Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana daşınmasına icazə verilməsi, Azərbaycandan Ermənistana yanacaq tədarükünün başlanması daxildir: “Yerevan və Bakı qaz ticarətini və elektrik şəbəkələrinin birləşdirilməsini də müzakirə edirlər. Bu, həm Azərbaycan, həm də, ilk növbədə, Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan isə Ermənistanın hava məkanı üzərindən aviareyslər həyata keçirir. Həmçinin Azərbaycanla Naxçıvan arasında uçuşlar həyata keçirilir. Azərbaycan bununla mehriban qonşuluq münasibətlərinə üstünlük verən dövlət kimi çıxış edir. Bütün bunlar böyük irəliləyişdir”.

İqtisadiyyat sülhün əsas dayaqlarından birinə çevrilə bilərmi?

Mətin Məmmədli hesab edir ki, uzun illər Cənubi Qafqazın iqtisadi potensialının tam reallaşmasına mane olan əsas amillərdən biri məhz münaqişə və bağlı kommunikasiyalar olub.

“Uzun illər Cənubi Qafqazın iqtisadi potensialının tam reallaşmasına mane olan əsas amillərdən biri məhz münaqişə və münaqişə səbəbindən bağlı qalan kommunikasiyalar idi. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanarsa və dayanıqlı sülh formalaşarsa, bu, bütövlükdə regionun iqtisadi coğrafiyasını əhəmiyyətli şəkildə dəyişə bilər”, – politoloq bildirib.

Onun fikrincə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması yalnız ölkə deyil, daha geniş Şərq-Qərb nəqliyyat şəbəkəsi üçün də əhəmiyyət daşıyacaq.

“TRIPP layihəsinin Vaşinqton görüşündən sonra institusional mərhələyə keçməsi də bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bütövlükdə bu proses Orta Dəhlizin funksional imkanlarını genişləndirə bilər”, – Məmmədli qeyd edib.

O vurğulayıb ki, Azərbaycan artıq Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən əsas tranzit ölkələrindən biridir: “Ermənistan üzərindən əlavə nəqliyyat xəttinin açılması regionda alternativ marşrutların sayını artırar, logistikanın dayanıqlılığını gücləndirər və tranzit xərclərinin optimallaşdırılmasına imkan yarada bilər”.

M. Məmmədlinin fikrincə, iqtisadi əməkdaşlığın dayanıqlı sülhə təsiri uzunmüddətli perspektivdə daha da əhəmiyyətli ola bilər.

“Ən vacibi odur ki, sülhün iqtisadi dividendləri zamanla qarşılıqlı asılılıq yarada bilər. Beynəlxalq münasibətlər nəzəriyyəsində iqtisadi qarşılıqlı asılılığın münaqişənin siyasi qiymətini artırdığı məlumdur. Daha dəqiq desək, qarşılıqlı iqtisadi asılılıq ölkələr arasında münaqişəli vəziyyətin aradan qaldırılmasına töhfə verir”, – o əlavə edib.

Artur Ağacanov da iqtisadiyyatı Azərbaycan-Ermənistan normallaşmasının əsas hərəkətverici qüvvələrindən biri hesab edir.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi, ilk növbədə, iqtisadiyyatla bağlıdır. İqtisadiyyat ölkələri siyasətdən heç də az olmayan dərəcədə bir-birinə yaxınlaşdırır”, – siyasi şərhçi bildirib.

Onun fikrincə, qaz ticarəti, elektrik şəbəkələrinin birləşdirilməsi, tranzit və digər iqtisadi əlaqələr gələcək normallaşmanın sosial və siyasi bazasını da möhkəmləndirə bilər.

Sülh sazişinin imzalanmasına nə mane olur?

Mətin Məmmədli əsas açıq məsələlərdən birinin sülh sazişinin hələ yekun şəkildə imzalanmaması olduğunu bildirir.

“Əsas məsələlərdən biri sülh sazişinin hələ də yekun şəkildə imzalanmamasıdır. Azərbaycan tərəfi, məlum olduğu kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi şərh olunan müddəaların aradan qaldırılmasını yekun imza üçün prinsipial məsələ hesab edir. Bizim mövqeyimizdə dəyişiklik baş verməyib”, – politoloq deyib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyası dəyişdirildikdən sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması mümkün olacaq.

“Bu məsələ həll olunduqdan, Ermənistan Konstitusiyası dəyişdirildikdən sonra Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalana bilər. Bu, Azərbaycan dövlətinin dəyişməyən prinsipial mövqeyidir”, – Məmmədli vurğulayıb.

O, hüquqi bazanın sülhün dayanıqlılığı baxımından prinsipial əhəmiyyət daşıdığını bildirir: “Azərbaycan üçün sülh yalnız siyasi bəyanatlar səviyyəsində deyil, qarşılıqlı ərazi iddialarını istisna edən möhkəm hüquqi baza üzərində qurulmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir”.

M. Məmmədlinin fikrincə, buna görə Ermənistanın daxili hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilən müddəaların aradan qaldırılması strateji əhəmiyyət daşıyır.

“Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri də qeyd edib ki, yekun sazişin imzalanması qarşısında duran əsas məsələ məhz Ermənistan Konstitusiyasıdır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması prosesini sürətləndirə bilər”, – o bildirib.

Artur Ağacanov da Ermənistan Konstitusiyasını yekun sazişin imzalanması qarşısında əsas maneələrdən biri kimi göstərir.

“Sülh sazişinin yekun imzalanmasına mane olan əsas məsələlərdən biri Ermənistan Konstitusiyasıdır. Azərbaycan daim bildirib ki, Azərbaycana və Türkiyəyə qarşı hər hansı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Bu, təbii tələbdir və həyata keçirilməsi mümkündür”, – erməni siyasi şərhçi bildirib.

Ağacanov ikinci mühüm məsələ kimi Zəngəzur dəhlizinin açılmasını göstərir.

“İkinci məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Tərəflər arasında münasibətlər və dialoq inkişaf etdikcə bu dəhlizin açılması daha da vacib olacaq. Ermənistan bunu anlamalıdır və Paşinyan hökuməti də bunu anlayır”, – o deyib.

Erməni siyasi şərhçinin fikrincə, müxalifətin müəyyən maneələr yaratması mümkün olsa da, bu məsələlər ictimai siyasi mexanizmlərlə həll edilə bilər: “Müxalifətin müəyyən maneələr yaratmağa cəhd etməsi mümkündür. Lakin bu məsələ üzrə referendum keçirilməsi lazım gələrsə, bu yol da mümkündür. Ermənistan cəmiyyəti həm Konstitusiyaya dəyişikliklərə, həm də Zəngəzur dəhlizinin açılmasına hazırdır. Bunlar həll edilməli olan iki əsas məsələdir və onların həllini tapacağı gözlənilir”.

Yeni regional təhlükəsizlik arxitekturası necə formalaşır?

Mətin Məmmədlinin fikrincə, Vaşinqton görüşünün geosiyasi əhəmiyyətini yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşdırmaq olmaz.

“Vaşinqton görüşünün geosiyasi əhəmiyyətini regional miqyasda daha geniş kontekstdə qiymətləndirmək mümkündür. Cənubi Qafqaz uzun müddət böyük güclərin və keçmiş münaqişənin yaratdığı təhlükəsizlik mexanizmlərinin təsiri altında olub. Son illərdə isə regionun siyasi və təhlükəsizlik, daha dəqiq desək, geosiyasi konfiqurasiyası əhəmiyyətli dərəcədə dəyişib”, – politoloq bildirib.

Onun sözlərinə görə, Vaşinqton sammitinin mühüm nəticələrindən biri ABŞ-ın Cənubi Qafqaza daha fəal və institusional formada daxil olmasıdır.

“Xüsusilə TRIPP layihəsinin gündəmə gəlməsi göstərdi ki, Vaşinqton artıq regiona təkcə münaqişə vasitəçiliyi prizmasından deyil, həm də təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi bağlantılar kontekstində yanaşır”, - M. Məmmədli qeyd edib.

O xatırladıb ki, 2026-cı ilin iyununda Ermənistanla ABŞ arasında TRIPP üzrə çərçivə sazişi imzalanıb və ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfəri çərçivəsində layihənin həyata keçirilməsi praktik mərhələyə daxil olub.

“ATƏT-in Minsk prosesinin bağlanması da köhnə təhlükəsizlik arxitekturasının mühüm elementlərindən birinin aradan qalxması deməkdir. Keçmiş münaqişə ilə əlaqəli olan bir çox proses və struktur artıq tarixin arxivinə gedib. Bunu da yeni təhlükəsizlik arxitekturasının elementlərindən biri kimi qəbul etmək olar”, – politoloq deyib.

M. Məmmədli bildirib ki, Azərbaycan bölgədə təhlükəsizliyin xarici hərbi-siyasi qarşıdurma üzərində deyil, regional əməkdaşlıq prinsipləri üzərində qurulmasında maraqlıdır: “Azərbaycanın marağı ondan ibarətdir ki, Cənubi Qafqazda təhlükəsizlik xarici hərbi-siyasi qarşıdurma üzərində deyil, dövlətlərin suverenliyi, qarşılıqlı ərazi bütövlüyünün tanınması, iqtisadi qarşılıqlı asılılıq və regional əməkdaşlıq prinsipləri üzərində qurulsun. Məhz buna görə sülh prosesi təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi funksiyasının dəyişməsi prosesidir”.

Artur Ağacanov da sülh sazişinin həyata keçirilməsinin bütün Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıdığını düşünür.

“Sülh sazişinin həyata keçirilməsi bütün Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə İran ətrafında qeyri-sabitliyin davam etdiyi şəraitdə Cənubi Qafqaz mürəkkəb region olaraq qalır. Yekun sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Ermənistan regional sabitliyin təmin edilməsində mühüm rol oynaya bilər”, - Ağacanov deyib.

Onun fikrincə, yekun sazişin imzalanması regionda sabitliyə, iqtisadi əməkdaşlığa və logistika əlaqələrinin genişlənməsinə təkan verəcək: “Sülh müqaviləsinin bu il və ya gələn ilin əvvəlində imzalanacağı gözlənilir. Bu, regionda sabitliyə, iqtisadi əməkdaşlığın inkişafına və logistika əlaqələrinin möhkəmlənməsinə gətirib çıxaracaq. Tərəfləri bir-birinə yaxınlaşdıracaq əsas amil iqtisadiyyat olacaq. Ən vacib məsələ isə Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsidir”.

Ağacanov hər iki ölkənin İranla yaxşı münasibətlərinin və ABŞ-la əlaqələrinin inkişafının da regional baxımdan müsbət rol oynaya biləcəyini düşünür.

“Hər iki ölkənin İranla yaxşı münasibətləri var və bu da müsbət rol oynaya bilər. Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycan ABŞ-la münasibətlərini inkişaf etdirir. Otuz ildən artıq diplomatik münasibətləri olmayan iki dövlətin yaxınlaşması bütövlükdə Cənubi Qafqazın inkişafına ciddi təkan verə bilər. Ölkələr arasında siyasi və iqtisadi yaxınlaşma baş verərsə, bu, regionun bütün dövlətlərinə müsbət təsir göstərəcək”, – Ağacanov əlavə edib.

Sülh prosesinin qarşısında hansı risklər qalır?

Mətin Məmmədli hazırkı mərhələdə sülh prosesi üçün əsas risklərin bir neçə istiqamət təşkil etdiyini bildirir.

“Hazırkı mərhələdə sülh prosesi üçün əsas riskləri bir neçə qrupa bölə bilərik. Birinci risk Ermənistan daxilindəki siyasi proseslərlə bağlıdır. Ümumiyyətlə, Ermənistanda keçmiş münaqişə narrativlərinin və revanşist yanaşmaların yenidən siyasi gündəmə gətirilməsini əsas risklərdən biri hesab edirəm”, – politoloq bildirib.

Onun sözlərinə görə, Ermənistanda revanşist meyllər və onların tərəfdarı hələ də mövcuddur.

“Düşünürəm ki, Ermənistan daxilindəki bu revanşizm meyllərini və gələcəkdə onların hakimiyyətin siyasətinə mümkün təsirini sülhə ən ciddi təhdidlərdən biri kimi dəyərləndirmək olar”, – Məmmədli deyib.

İkinci risk hüquqi xarakter daşıyır və Ermənistanın daxili hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilə biləcək müddəalarla bağlıdır.

Üçüncü risk kimi isə politoloq böyük güclər arasında regional rəqabətin sülh prosesinə mümkün neqativ təsirini göstərir.

“Cənubi Qafqaz hər zaman müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi məkan olub. Ona görə də Azərbaycanın diplomatik xətti sülh prosesinin geosiyasi qarşıdurmanın alətinə çevrilməməsindən ibarətdir. Bizim mövqeyimiz bundan ibarətdir”, - M. Məmmədli bildirib.

O, Ermənistanın da bölgəni geosiyasi qarşıdurma meydanına çevirmək cəhdlərindən çəkinməli olduğunu düşünür: “Ermənistana da təklifimiz və yanaşmamız ondan ibarətdir ki, bölgəni geosiyasi qarşıdurma meydanına çevirməyə cəhd etməməlidir. Düşünürəm ki, bu kimi hallar iki ölkə arasında sülh prosesinə neqativ təsir göstərir”.

Artur Ağacanov da Ermənistan daxilində ictimai rəyin və siyasi mövqelərin birmənalı olmadığını etiraf edir.

“İctimai rəy birmənalı deyil. Hamı sülh sazişinin paraflanmasını və gələcəkdə imzalanmasını dəstəkləmir. Ekspertlər və cəmiyyət daxilində müxtəlif mövqelər mövcuddur”, – erməni siyasi şərhçi bildirib.

Bununla belə, onun fikrincə, Ermənistan cəmiyyəti son illər nəzərəçarpacaq dərəcədə dəyişib.

“Beş-altı il əvvəl, hətta dörd il əvvəl bir çoxu bu prosesə skeptik və ya inamsız yanaşırdısa, hazırda vəziyyət dəyişib. Hazırda həm ekspertlər, həm də cəmiyyət bu razılaşmaya daha böyük nikbinlik və etimadla yanaşır”, – Ağacanov deyib.

Onun sözlərinə görə, bu dəyişiklikdə iqtisadi faktor xüsusi rol oynayır: “İnsanlar iqtisadi münasibətlərin Ermənistan iqtisadiyyatı və vətəndaşlarının rifahı üçün nə qədər vacib olduğunu anlayırlar. İqtisadiyyat faktiki olaraq bütün sahələrə təsir edir. Buna görə ictimai rəy tədricən dəyişir. Ekspert ictimaiyyətinin mövqeyi də dəyişir”.

Ağacanov prosesin əleyhinə çıxan qüvvələrin mövcudluğunu da qeyd edir.

“Bu prosesi dəstəkləməyənlər də var. Onlar ayrı-ayrı siyasi partiyaların və digər qüvvələrin nümayəndələri ola bilərlər və müəyyən təsir imkanlarına malikdirlər. Lakin bu qüvvələrin Ermənistanın etdiyi seçimi ciddi şəkildə dəyişə biləcəyi gözlənilmir”, – o deyib.

Siyasi şərhçinin fikrincə, Ermənistanın əsas seçimi Azərbaycanla münasibətlərin normallaşdırılması və yekun sülh sazişinin imzalanmasına doğru irəliləməkdir.

“Bu seçim Azərbaycanla münasibətlərin normallaşdırılması və yekun sülh sazişinin imzalanmasına doğru irəliləməkdir”, – Ağacanov vurğulayıb.

Vaşinqton görüşünün tarixi əhəmiyyəti

Beləliklə, Azərbaycanlı və erməni şərhçinin yanaşmalarında prosesin ayrı-ayrı elementlərinin qiymətləndirilməsində fərqlər olsa da, hər iki mövqedə Vaşinqton görüşündən sonrakı bir ilin Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ yaratdığı qənaəti ön plana çıxır.

Mətin Məmmədli Vaşinqton görüşünü Azərbaycanın 2020-ci ildən sonra yaratdığı postmünaqişə reallığının siyasi, diplomatik və hüquqi müstəvidə möhkəmləndirilməsi, eyni zamanda Bakının irəli sürdüyü sülh konsepsiyasının daha geniş qəbul edilməsi kimi qiymətləndirir.

Artur Ağacanov isə Vaşinqton formatında Azərbaycan və Ermənistanın yekun qərarları özlərinin qəbul etməsini, ikitərəfli təmasların genişlənməsini və iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasını əsas nəticələr sırasında göstərir.

Hər iki ekspertin fikirlərində iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının açılmasının, birbaşa dövlətlərarası dialoqun və hüquqi təminatların davamlı sülhün formalaşmasında xüsusi rol oynayacağı vurğulanır.

Bununla yanaşı, yekun sülh müqaviləsinin imzalanması, Ermənistan Konstitusiyası ilə bağlı məsələ, kommunikasiyaların açılması, daxili siyasi risklər və regionda böyük güclər arasındakı rəqabət qarşıdakı mərhələnin əsas sınaqları olaraq qalır.

Vaşinqton razılaşmalarından bir il sonra əsas dəyişiklik ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında gündəlik artıq yalnız keçmiş münaqişənin nəticələrinin müzakirəsi ilə məhdudlaşmır. Sərhədlərin delimitasiyası, nəqliyyat, enerji, ticarət, diplomatik təmaslar, vətəndaş cəmiyyətləri arasında əlaqələr və regional əməkdaşlıq kimi məsələlərin ön plana çıxması iki ölkə münasibətlərində münaqişənin idarə olunması modelindən dövlətlərarası normallaşma mərhələsinə keçidin əsas göstəricilərindən biri kimi çıxış edir.

Məhz bu baxımdan Vaşinqton görüşünü həm Azərbaycanla Ermənistan arasında sülh əldə olunması, həm də ümumilikdə bölgədə və Avropa məkanında sabitlik və inkişafa yol açılması baxımından tarixi əhəmiyyətli hesab etmək olar.

Prezident İlham Əliyev siyasi xəbərlər siyasət

Mənbə: lent.az

Xəbər lenti