Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir.
Lent.az xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur. Lakin meyvənin teksturası əvvəlki kimi qalmır. Mütəxəssislər bunu qarpızın tərkibinin 90 faizdən çoxunun sudan ibarət olması ilə izah edirlər. Mənfi temperaturda su donaraq genişlənir və hüceyrələrin zərif liflərini zədələyir. Nəticədə qarpız əridildikdən sonra əvvəlki xırtıldayan quruluşunu itirir, daha yumşaq və sulu olur. Qida texnologiyaları üzrə mütəxəssis Ebbi Til bildirir ki, buz kristalları hüceyrələri mikrosəviyyədə zədələyir. Buna görə də əridilən qarpız formasını və sərtliyini qoruya bilmir. Bununla belə, dondurma vitaminlərin və antioksidantların böyük hissəsini qoruyub saxlayır. Aşağı temperatur onların parçalanmasını ləngidir. Maraqlıdır ki, qarpızın dadı demək olar ki, dəyişmir, əsas fərq yalnız teksturasında hiss olunur.
Qarpızı necə düzgün dondurmaq olar?
Mütəxəssislər əvvəlcə qarpızın qabığını yaxşıca yumağı, sonra qabığını və mümkün qədər tumlarını təmizləməyi tövsiyə edirlər. Daha sonra qarpız kub, kürəcik və ya istənilən ölçüdə doğranmalı, perqament kağızı sərilmiş sininin üzərinə bir qat düzülərək əvvəlcədən dondurulmalıdır. Tikələr tam donduqdan sonra onlar hava keçirməyən qab və ya zip paketə yerləşdirilməlidir.
Bu üsul tikələrin bir-birinə yapışmasının qarşısını alır.
Mütəxəssislər qarpızın mümkün qədər tez dondurulmasının vacib olduğunu vurğulayırlar. Sürətli dondurma zamanı daha kiçik buz kristalları əmələ gəlir və onlar hüceyrələrə daha az zərər verir. Paket və ya qabın içindəki havanın maksimum çıxarılması, imkan olduqda isə vakuum paketindən istifadə edilməsi tövsiyə olunur.
Qarpızı pürə və ya şirə halında da dondurmaq mümkündür.
Ən vacib xəbərdarlıq isə qarpızın bütöv şəkildə dondurulmamasıdır. Çünki donarkən su genişlənir və bu, qarpızın dondurucunun içində çatlamasına, hətta partlamasına səbəb ola bilər. Dondurulmuş qarpızın 6-12 ay ərzində istifadə edilməsi məsləhət görülür. O, meyvə salatları üçün uyğun olmasa da, smuzi, süd kokteyli, dondurma və müxtəlif soyuq içkilərin hazırlanması üçün ideal seçim sayılır.
Bundan əlavə, qarpız sağlamlıq üçün də faydalıdır. Onun tərkibində damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edən L-sitrulin amin turşusu, iltihabəleyhinə xüsusiyyətlərə malik likopin, həmçinin C vitamini, kalium və maqnezium var. Bu maddələr ürək-damar sisteminin normal fəaliyyətini dəstəkləməyə kömək edir.
Maraq qarpızMənbə: lent.az