IMG-LOGO

Ağ Evdə vurulan siyasi möhür: Bir günün dəyişdirdiyi geosiyasət

08 Aug 2026 10:00 3 baxış
IMG
0 0

Bəzən uzun illərin siyasi prosesini dəyişmək üçün bir gün kifayət edir. 8 avqust 2025-ci il Cənubi Qafqaz üçün məhz belə tarixlərdən biri oldu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda oldu, Ağ Evdə keçirilən görüşlərin sonunda isə həm Azərbaycan–Ermənistan münasibətləri, həm Azərbaycan–ABŞ əlaqələri, həm də bütövlükdə regionun gələcək geosiyasi düzəni baxımından mühüm sənədlər imzalandı.

Bir il sonra həmin günə nəzər saldıqda artıq söhbət təkcə Ağ Evdə çəkilən tarixi fotolardan və verilən bəyanatlardan getmir. 8 avqustda qəbul olunan qərarların bir hissəsi ötən müddətdə real siyasi və iqtisadi proseslərə çevrilib. Digər hissəsi isə hələ qarşıdakı mərhələnin əsas gündəliyi olaraq qalır...

Xatırladaq ki, ötən il avqustun 8-də Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri isə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in razılaşdırılmış mətnini paraflayıblar. Eyni gündə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında ayrıca Anlaşma Memorandumu da imzalanıb. 

Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsi idi. Bu danılmaz faktdır ki, dövlət başçısı hər zaman bütün məsələlərdə Azərbaycanın milli maraqlarını rəhbər tutaraq ardıcıl siyasət yürüdüb və heç nə onu prinsipial mövqeyindən geri döndərə bilməyib.

Müharibədən sonrakı dövrün siyasi möhürü

8 avqustun əsas əhəmiyyəti ondan ibarət olub ki, Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam etmiş qarşıdurmadan sonrakı yeni reallıq ilk dəfə dünyanın əsas siyasi mərkəzlərindən birində ən yüksək səviyyədə sənədləşdirilib. 

Birgə Bəyannamədə tərəflər beynəlxalq sərhədlərin toxunulmazlığı, ərazi əldə etmək məqsədilə güc tətbiqinin yolverilməzliyi və qonşuluq münasibətlərinin qurulması kimi prinsipləri təsdiqləyiblər. Sənəddə xüsusilə “düşmənçilik səhifəsinin bağlanması” və gələcəkdə revanş cəhdlərinin rədd edilməsi vurğulanıb.

Bu, diplomatik mətnlərdə istifadə olunan adi ifadələrdən daha böyük məna daşıyırdı. Çünki Azərbaycan üçün uzun illər əsas məsələ ərazi bütövlüyünün və suverenliyinin bərpası olub. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Bakı artıq danışıqlara keçmiş münaqişənin həlli deyil, iki müstəqil dövlət arasında münasibətlərin qurulması prizmasından yanaşmağa başlayıb.

Bütün bunlar Prezident İlham Əliyevin həm müharibədə, həm də sülhdə qələbəsi idi. Azərbaycanla Ermənistan arasında  ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi sayıla bilər. Çünki Ermənistan sülhə məcbur edildi və paraflanma dünyanın əsas siyasi mərkəzlərindən biri olan ABŞ-ın vasitəçiliyi ilə baş tutdu.

Bilirsiniz ki, Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, belə deyil. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları, 2023-cü ildə antiterror əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə məcbur edilməsi...

Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb. Məhz İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir. 

İkinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başçımızın sülhdə də qələbəsidir.

Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdə iş aparlması bunun nəticəsidir.

Minsk qrupu tarixə qovuşdu

8 avqust razılaşmalarının ən konkret nəticələrindən biri uzun illər Azərbaycan–Ermənistan münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk prosesinin bağlanması olub.

Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk prosesinin və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması üçün ATƏT-ə birgə müraciət ünvanladılar. Bundan cəmi bir neçə həftə sonra – 1 sentyabr 2025-ci ildə ATƏT-in bütün 57 iştirakçı dövləti bununla bağlı konsensus qərarı qəbul etdi. Noyabrın 30-da isə bağlanma prosedurları tam yekunlaşıb.

Bu hadisənin siyasi mənası böyükdür.

1990-cı illərdə yaradılan və təxminən üç onillik ərzində münaqişənin həlli ilə məşğul olan bir mexanizm artıq mövcud deyil. Azərbaycan uzun müddət Minsk qrupunun fəaliyyətini nəticəsiz hesab edib. 2025-ci ildə isə məhz Bakı və İrəvanın birgə müraciəti ilə həmin səhifə hüquqi baxımdan da bağlanıb.

Beləliklə, regionda yeni mərhələnin əvvəlki münaqişə institutları üzərindən deyil, Azərbaycan və Ermənistanın birbaşa münasibətləri üzərindən qurulması üçün siyasi zəmin yaranıb.

Xəritədəki yol geosiyasi layihəyə çevrildi

Vaşinqton görüşünün ən çox müzakirə edilən nəticələrindən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı məsələsi olub.

Birgə Bəyannamədə Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi ayrıca qeyd edilib. Layihə yalnız Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi kimi nəzərdə tutulmur. Məqsəd daha böyükdür: Cənubi Qafqazdan keçən Şərq-Qərb ticarət xəttinə yeni qol əlavə etmək, Orta Dəhlizin imkanlarını genişləndirmək və regionu beynəlxalq logistikanın mühüm qovşaqlarından birinə çevirmək.

Məhz burada 8 avqust razılaşmasının iqtisadi və geosiyasi tərəfləri birləşir.

Azərbaycan üçün Naxçıvanla quru bağlantısının yaradılması strateji əhəmiyyət daşıyır. Ermənistan üçün isə uzun illər qapalı qalan regional nəqliyyat sisteminə qoşulmaq, tranzit ölkəyə çevrilmək və iqtisadi təcriddən çıxmaq imkanları yaranır.

Sülh ilk dəfə yük maşınlarında və yanacaq çənlərində görünməyə başladı

Siyasi razılaşmaların real dəyəri onların gündəlik həyata nə qədər təsir etməsi ilə ölçülür.

Vaşinqton görüşündən sonrakı aylarda Azərbaycan və Ermənistan münasibətlərində əvvəllər təsəvvür edilməsi çətin görünən addımlar atılıb. Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Üçüncü ölkələrdən Ermənistana göndərilən taxıl və digər məhsullar Azərbaycan ərazisindən keçməyə başlayıb. Daha sonra Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Prezident İlham Əliyev 2026-cı ildə Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı on minlərlə ton yükün Azərbaycan ərazisindən Ermənistana çatdırıldığını, həmçinin benzin və dizel ixracının başladığını bildirib.

Bu addımların iqtisadi həcmindən daha çox siyasi-psixoloji əhəmiyyəti var.

Onilliklər ərzində bir-birini təhlükə kimi görmüş iki ölkə arasında sülhün ilk konkret əlamətlərindən biri məhz sərhədlərdən keçən mallar olub. Diplomatik sənədlərdə yazılan “normallaşma” sözü ilk dəfə iqtisadi münasibətlərdə görünməyə başlayıb.

Vaşinqton Bakının ABŞ-la münasibətlərini də dəyişdi

8 avqust yalnız Azərbaycan–Ermənistan gündəliyi ilə məhdudlaşmayıb.

Prezident İlham Əliyev və Donald Tramp həmin gün Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Prezident Tramp həmçinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı sərəncam imzalayıb.

Cəmi altı ay sonra – 10 fevral 2026-cı ildə Bakıda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəddə enerji, tranzit, iqtisadi əməkdaşlıq, təhlükəsizlik, texnologiyalar və regional bağlantılar əsas istiqamətlər sırasında yer alıb. Xartiyada TRIPP layihəsinin əhəmiyyəti də ayrıca təsbit edilib.

Beləliklə, avqustda Ağ Evdə imzalanan memorandum yalnız siyasi niyyət olaraq qalmayıb, bir neçə ay sonra daha geniş strateji əməkdaşlıq çərçivəsinə çevrilib.

Bu isə Cənubi Qafqazdakı qüvvələr balansına da təsirsiz ötüşmür.

Uzun illər regiondakı proseslərdə Rusiya əsas xarici aktorlardan biri hesab olunurdu. Vaşinqton razılaşmalarından sonra ABŞ həm Azərbaycan–Ermənistan normallaşmasında, həm də gələcək nəqliyyat və iqtisadi layihələrdə daha fəal mövqe qazanıb. Eyni zamanda Bakı normallaşma prosesinin Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda davam etdirilməsini önə çəkir.

ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası 

Bayden Administrasiyası dövründə ABŞ-ın Azərbaycana tendensioz münasibəti, həmin dövrə kimi ikitərəfli münasibətlərdə əldə olunmuş uğurlu nəticələrə ciddi zərbə vurmuşdu. Bayden senator olanda belə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olub. Prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulub. Uzun dövr ərzində regionda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanıb.

Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməyib. O, ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttini inkişaf etdirib. 

Donald Tram Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərə rəvac verdi. Bayden administrasiyasından fərqli olaraq Preizdent Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütməyə başladı. Bunun tərkib hissəsi kimi o, ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirdi, bu əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürdü və həyata keçirməyə başladı. 

Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması bir birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir.

Sülh əldə olunub, bəs müqavilə niyə hələ imzalanmayıb?

Bir ildən sonra ən mühüm sual məhz budur.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılıb və paraflanıb, lakin yekun sənəd hələ imzalanmayıb.

Bakı qarşıda qalan əsas maneələrdən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların aradan qaldırılmasını göstərir. Söhbət Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə edilən istinaddan gedir.

Bu səbəbdən Vaşinqtondan bir il sonra paradoksal görünən vəziyyət yaranıb: tərəflər arasında genişmiqyaslı hərbi qarşıdurma yoxdur, ticarət başlayıb, tranzit açılıb, dövlət rəhbərləri birbaşa görüşür, sülh sazişinin mətni razılaşdırılıb, amma onun üzərində son imzalar hələ yoxdur.

Başqa sözlə, siyasi sülh müqavilə sülhünü qabaqlayıb.

8 avqust niyə tarixi tarixə çevrilib?

8 avqust 2025-ci ilin əhəmiyyətini yalnız həmin gün imzalanan sənədlərin sayı ilə ölçmək düzgün olmazdı.

Əsas dəyişiklik regionun siyasi məntiqində baş verib.

Otuz ildən çox Cənubi Qafqaz haqqında danışarkən əsas sözlər “münaqişə”, “atəşkəs”, “vasitəçilik”, “işğal”, “danışıqlar” və “Minsk qrupu” olub. İndi isə gündəlikdə “tranzit”, “ticarət”, “sərhədlərin delimitasiyası”, “kommunikasiyaların açılması”, “strateji tərəfdaşlıq” və “regional bağlantı” kimi anlayışlar daha çox yer tutur.

Bu dəyişiklik özü-özlüyündə baş verməyib.

Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişib, 2023-cü ildə bütün ərazisində suverenliyini bərpa edib, bundan sonra isə gündəliyin mərkəzinə sülh müqaviləsini və regional əməkdaşlığı gətirib. Vaşinqton görüşü həmin prosesin beynəlxalq diplomatik mərhələsi olub.

Bir il ərzində Minsk prosesinin bağlanması, Azərbaycan və Ermənistan arasında ticarət elementlərinin yaranması, tranzitin başlaması, TRIPP layihəsinin konkret müzakirə mərhələsinə keçməsi və Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi 8 avqustun yalnız simvolik tarix olmadığını göstərir.

Əgər bu proseslər tamamlanarsa, 8 avqust 2025-ci il gələcəkdə təkcə Ağ Evdə sənədlərin imzalandığı gün kimi xatırlanmayacaq.

O gün Cənubi Qafqazda təxminən 30 il davam etmiş münaqişə dövrünün siyasi baxımdan bağlandığı və regionun müharibə gündəliyindən iqtisadi əməkdaşlıq gündəliyinə keçməyə başladığı əsas dönüş nöqtələrindən biri kimi tarixə düşəcək.

Prezident İlham Əliyev Nikol Paşinyan Donald Tramp sülh sazişi Azərbaycan-Ermənistan münasibətləri sülh sazişinin paraflanması Zəngəzur dəhlizi TRIPP Azərbaycan-ABŞ münasibətləri ATƏT

Mənbə: lent.az

Xəbər lenti