Son 30 ildə təbii fəlakətlər dünyada kənd təsərrüfatı sahəsinə 3 trilyon ABŞ dollarından artıq ziyan vurub.
"Report" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bu gün kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, həm də ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik baxımından strateji əhəmiyyət daşıyan əsas sektorlardan biridir: "Son illər dünyada iqlim və hava hadisələrinin xarakteri ciddi şəkildə dəyişir. Əvvəllər bu hadisələr daha çox lokal və mövsümi xarakter daşıyırdısa, bu gün onların miqyası və təsir gücü əhəmiyyətli dərəcədə artıb. Daha güclü qasırğalar, daha uzunmüddətli quraqlıqlar, genişmiqyaslı daşqınlar və digər ekstremal hava hadisələri daha tez-tez baş verir və daha geniş coğrafiyanı əhatə edir. İqlim dəyişiklikləri təkcə bu hadisələrin intensivliyini artırmır, eyni zamanda onların başvermə vaxtını və dövrlərini də dəyişir".
M.Babayev əlavə edib ki, bu isə xüsusilə kənd təsərrüfatı sektorunda planlaşdırma prosesini daha mürəkkəb edir: "Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, son 50 ildə hava və iqlimlə bağlı təbii fəlakətlərin sayı təxminən 5 dəfə artıb. Sellər bu gün ən geniş yayılmış və ən çox təsir göstərən təbii fəlakətlərdən birinə çevrilib. Son 30 il ərzində 168 ölkədə 4 700-dən çox sel hadisəsi qeydə alınıb, bu hadisələr 3,2 milyarddan çox insanı əhatə edib. Bununla bağlı ümumi iqtisadi zərər isə 1,3 trilyon ABŞ dolları təşkil edib. Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymətləndirməsinə görə isə son 30 ildə təbii fəlakətlər kənd təsərrüfatına 3 trilyon ABŞ dollarından artıq ziyan vurub. Bu, hər il orta hesabla 100 milyard ABŞ dollarından çox itki deməkdir. Bu faktlar bir daha göstərir ki, iqlim riskləri artıq yalnız ekoloji məsələ deyil, ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün ciddi çağırışdır. Ekstremal hava hadisələrinin intensivliyi və təkrarlanma tezliyinin artması erkən xəbərdarlıq sistemləri qarşısında yeni çətinliklər yaradır, kənd təsərrüfatında planlaşdırmanı mürəkkəbləşdirir və fermerlərin risklərini artırır".