Bəşəriyyət tarixinin ən qaranlıq dövrü deyiləndə, çoxlarının ağlına dağıdıcı epidemiyalar və ya keçmişin qanlı müharibələri gəlir. Lakin müasir tədqiqatçılar hesab edirlər ki, insanların ən böyük əzablarla üzləşdiyi dövr tamam başqa zaman olub.
Lent.az xəbər verir ki, Harvard Universitetinin arxeoloqu və tarixçisi Maykl Makkormikin fikrincə, bəşər tarixinin ən pis ili eramızın 536-cı ili olub. Həmin vaxt insanlıq adi silahlı münaqişələrlə deyil, daha genişmiqyaslı və təhlükəli təbii fəlakətlə üzləşib.
Planetin böyük bir hissəsi təxminən 18 ay ərzində toz və aerozollardan ibarət sıx, müəmmalı dumanla örtülüb. Nəticədə Avropa, Yaxın Şərq və Asiyanın geniş əraziləri kifayət qədər günəş işığı və istilik ala bilməyərək qaranlığa qərq olub.
Alimlərin fikrincə, bu hadisə bütün canlılar üçün misli görünməmiş sınaqlar dövrünün başlanğıcı olub. Həmin vaxt Bizans imperiyasına artıq 10 il idi ki, imperator I Yustinian rəhbərlik edirdi və o, əvvəllər çiçəklənən torpaqların sürətlə tənəzzülə uğramasının şahidi olub.
Qlobal fəlakətin əsas səbəbi “vulkanik qış”a gətirib çıxaran güclü vulkan püskürmələri olub. Atmosferə atılan tonlarla kül və qaz Günəş şüalarının Yer səthinə çatmasının qarşısını alıb, planetin temperaturunu kəskin aşağı salıb və həyatın adi axarını pozub.
Alimlər qədim fəlakətin inandırıcı izlərini İsveçrə və İtaliya sərhədində yerləşən Kolle-Nifetti buzlağından götürülən buz nümunələrində aşkar ediblər. Nümunələrin ətraflı kimyəvi analizi VI əsrdə baş verən hadisələrlə eyni dövrə təsadüf edən genişmiqyaslı atmosfer çirklənməsini təsdiqləyib.
Həmin dəhşətli hadisələrin şahidləri yaşanan xaos barədə tutqun yazılı məlumatlar da qoyublar. Bizans salnaməçisi Prokopi Kesariyalının qeydlərinə görə, Günəş bütün il ərzində zəif işıq saçıb, tutulma zamanı Ayı xatırladıb və dünyanı adi parlaq şüalarından məhrum edib.
Kəskin soyuqlar və uzunmüddətli günəş işığı çatışmazlığı qaçılmaz olaraq qlobal aclığa səbəb olub. Sərt hava və ərzaq qıtlığı insanların gündəlik həyatını yaşamaq uğrunda ümidsiz mübarizəyə çevirib.
Antarktidadan götürülən buz nümunələri və Qrenlandiyadakı qədim ağacların halqaları 540 və 547-ci illərdə də güclü vulkan püskürmələrinin baş verdiyini göstərir. Bu hadisələr artıq ağır olan iqlim böhranını daha da dərinləşdirib və yaşayış olan dünyanın böyük hissəsinə təsir edib.
Nəticədə son 2300 ilin ən aşağı temperatur göstəricilərindən biri qeydə alınıb. Bütün bunların üzərinə 541-ci ildə Aralıq dənizi hövzəsini Yustinian taunu bürüyüb və xəstəlik hər həftə on minlərlə insanın ölümünə səbəb olub.
Pandemiya onilliklər ərzində müxtəlif bölgələrdə davam edərək zəifləyən imperiyanın son qüvvələrini də tükədib.
Yalnız əsrlər sonra buzlaqlarda aşkar edilən gümüş izləri iqtisadi fəaliyyətin və sivilizasiyanın tədricən bərpa olunmağa başladığını göstərən kiçik ümid işarəsi kimi qiymətləndirilib.
dünyadan xəbərlər tarix alimlər elmi araşdırmalarMənbə: lent.az