İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan minalardan və partlamamış hərbi sursatlardan ən çox zərər çəkmiş ölkələr sırasındadır.
"Report" xəbər verir ki, bu barədə İordaniyanın "Ad-Dustour" gündəlik qəzetində "Çirklənmədən bərpaya: Azərbaycan minatəmizləmə üzrə daha qətiyyətli qlobal tədbirlərə çağırır" başlığı ilə dərc olunmuş məqalədə deyilir.
Məqalənin müəllifi vurğulayıb ki, müharibələrin başa çatmasından uzun müddət sonra da minalar, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular insanların həyatına son qoymağa, evlərinə geri qayıdışını çətinləşdirməyə və inkişafa mane olmağa davam edir.
"Azərbaycan ən çox zərər çəkmiş ölkələrdən biri olaraq qalır: onun ərazisinin 13 %-dən çoxu, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş rayonlar minalarla və müharibənin partlayıcı qalıqları ilə çirklənib. Son üç onillikdə ölkənin 3 400-dən çox vətəndaşı minaların qurbanı olub", - məqalədə vurğulanıb.
Bununla yanaşı, qeyd olunub ki, postmünaqişə dövründə də Azərbaycanda mina təhlükəsi qalmaqdadır.
"2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar var ki, bu da həmin silahların seçici olmayan xarakterini, həmçinin mülki əhaliyə qarşı davam edən təsirini vurğulayır. Bu rəqəmlər göstərir ki, hətta nisbətən dinc dövrdə də minalar səssiz qatillər kimi fəaliyyət göstərməyə davam edir", - məqalədə bildirilib.
Müəllif, həmçinin diqqəti ona cəlb edir ki, birbaşa insan itkilərindən başqa, minalarla çirklənmə bərpa və inkişaf üçün ciddi maneə yaradır:
"Münbit torpaqların geniş sahələri istifadə üçün yararsız olaraq qalır, infrastruktur layihələri ləngiyir və bütöv icmalar öz evlərinə qayıtmaq imkanından məhrumdur. Azərbaycan üçün keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı birbaşa minatəmizləmə əməliyyatlarının sürətindən və səmərəliliyindən asılıdır".
Bundan əlavə, məqalədə Azərbaycanda minatəmizləmə sahəsində görülən işlər və Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti xüsusi qeyd olunur:
"Mina probleminə cavab olaraq Azərbaycan minatəmizləmə üzrə humanitar fəaliyyətin prioritetliyini milli səviyyəyə yüksəldib. ANAMA əməliyyatların səmərəliliyini artırmaq üçün müasir texnologiyalar tətbiq edərək minatəmizləmə, risklərlə bağlı məlumatlandırma və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində intensiv səylərə rəhbərlik edir".
Eyni zamanda qeyd edilib ki, Azərbaycan gender aspektini minatəmizləmə fəaliyyətinə inteqrasiya edib və bu sahədə gender bərabərliyinin təşviqi üçün əhəmiyyətli addımlar atıb. Xüsusilə, beynəlxalq tərəfdaşların dəstəyi ilə ölkədə tamamilə qadınlardan ibarət ilk istehkamçı qrupu yaradılıb.
"Bu, potensialın artırılmasında və humanitar fəaliyyətdə (minatəmizləmə üzrə – red.) inklüziv iştirakın təmin edilməsində irəliyə doğru mühüm bir addımdır", - məqalədə vurğulanıb.
Bununla yanaşı, qeyd olunub ki, problemin miqyası davamlı beynəlxalq dəstək tələb edir: "Bu baxımdan, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, davamlı maliyyə yardımının göstərilməsi və texniki tərəfdaşlığın inkişafı tərəqqini sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir".
Yekunda vurğulanıb ki, beynəlxalq ictimaiyyət postmünaqişə ərazilərində insanların həyatını təhdid etməyə və insan hüquqlarını pozmağa davam edən mina probleminin həlli üçün səyləri birləşdirməlidir.
"Buna görə də bu təhlükənin aradan qaldırılması və hamı üçün daha təhlükəsiz gələcəyin təmin edilməsi məqsədilə koordinasiyalı, adekvat maliyyələşdirilən və prinsipial qlobal cavab zəruridir. Biz beynəlxalq ictimaiyyəti minatəmizləmə üzrə humanitar səylərə və zərərçəkənlərə yardımın göstərilməsinə dəstəyi gücləndirməyə çağırırıq. Minalardan azad gələcək davamlı sülhə nail olunması, inkişaf və insan təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır", - məqalədə qeyd edilib.