Son illərdə qlobal təhlükəsizlik mühiti daha çox uzunmüddətli və qeyri-müəyyən münaqişələrlə xarakterizə olunur və Rusiya–Ukrayna müharibəsi, eləcə də İran–ABŞ–İsrail gərginliyi kimi proseslər göstərir ki, müasir müharibələr adətən uzanır, çoxsaylı aktorları cəlb edir və aydın nəticə ilə yekunlaşmır.
Bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov deyib.
Onun sözlərinə görə, bu fonda Azərbaycanın 2020-ci ildə 44 gün ərzində əldə etdiyi hərbi-siyasi nəticə və 2023-cü ilin sentyabrında cəmi bir günə başa çatan antiterror əməliyyatı fərqli bir model kimi diqqət çəkir və bu modelin əsasını təşkil edən amillərin təhlili müasir münaqişələrin mahiyyətini anlamaq üçün vacibdir:
"Azərbaycanın uğurunun əsas səbəblərindən biri müharibə məqsədlərinin konkret və dəqiq olması idi. Çünki Bakı geniş geosiyasi dəyişikliklər deyil, beynəlxalq hüquqla tanınmış ərazilər üzərində suverenliyin bərpasını hədəfləmişdi və bu da həm hərbi planlaşdırmanı sadələşdirdi, həm də əməliyyatların uzanmasının qarşısını aldı. Məqsədin dəqiqliyi resursların düzgün yönləndirilməsinə və qısa müddətdə nəticə əldə olunmasına imkan yaratdı ki, bu da uzunmüddətli müharibələrdən fərqli olaraq "sürətli qələbə modeli"nin əsas xüsusiyyətlərindən biridir".
Deputat qeyd edib ki, bu nəticə spontan deyil, uzun illər aparılan sistemli hazırlığın məhsuludur:
"Enerji gəlirləri hesabına ordunun modernləşdirilməsi, yeni texnologiyaların alınması və tətbiqi, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması Azərbaycan ordusuna keyfiyyət üstünlüyü qazandırmışdı. Xüsusilə pilotsuz uçuş aparatlarının, dəqiq zərbə sistemlərinin və real vaxt rejimində kəşfiyyat imkanlarının inteqrasiyası döyüş meydanında yeni taktiki üstünlük yaratdı və bu texnologiyalar klassik müdafiə sistemlərini effektivsiz hala gətirdi. Burada əsas məqam yalnız texnologiyanın mövcudluğu deyil, onun düzgün doktrina ilə tətbiqi idi".
V.Qafarov qarşı tərəfin struktur zəifliklərinin də nəticəyə ciddi təsir göstərdiyini vurğulayıb:
"Ermənistan ordusu köhnə hərbi yanaşmaya və statik müdafiə sistemlərinə arxalanırdı və bu sistemlər müasir texnologiyalar qarşısında dayanıqlı olmadı. Üstəlik, siyasi qeyri-sabitlik və resurs məhdudluğu hərbi idarəetmənin effektivliyini azaltdı və xüsusilə 2023-cü ildə Qarabağdakı separatçı strukturların həm logistik, həm də siyasi baxımdan zəif vəziyyətdə olması əməliyyatın sürətli nəticələnməsinə şərait yaratdı".
Deputat qeyd edib ki, bütün bu proseslərdə Prezident İlham Əliyevin liderliyi xüsusi əhəmiyyət kəsb edib:
"Çünki o, uzunmüddətli strateji xətti qoruyaraq Qarabağ məsələsini dövlət siyasətinin əsas prioriteti kimi saxladı və bu istiqamətdə ardıcıl hazırlıq həyata keçirdi. Prezident İlham Əliyevin siyasi iradəsi müharibə dövründə qərarvermənin sürətində və koordinasiyasında özünü göstərdi, belə ki, siyasi, diplomatik və hərbi addımlar vahid strategiya çərçivəsində həyata keçirildi. Eyni zamanda, Prezident İlham Əliyevin ən mühüm uğurlarından biri hərbi qələbəni siyasi nəticəyə çevirmək bacarığı idi. 2020-ci ildə əldə olunan hərbi qələbə dərhal siyasi müstəvidə möhkəmləndirildi və bu da qələbənin davamlılığını təmin etdi".
Deputat bildirib ki, nəticə etibarilə, Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin bir günlük antiterror əməliyyatında əldə etdiyi sürətli qələbə bir amilin deyil, kompleks faktorların sintezinin nəticəsi idi:
"Bu faktorlar arasında hərbi modernizasiya, texnoloji üstünlük, strateji tərəfdaşlıqlar, düzgün zamanlama və rəqibin zəiflikləri mühüm yer tutur. Prezident İlham Əliyevin liderliyi isə bu amilləri bir sistem daxilində birləşdirən əsas element kimi çıxış edərək hərbi uğurun siyasi nəticəyə çevrilməsini təmin etdi. Beləliklə Azərbaycan müasir münaqişələr fonunda fərqli və effektiv bir model ortaya qoydu".

