Təsəvvür edin ki, elə bir ev var ki, orada heç kim qışqırmır. Oyuncaqlar dağılsa da, süd tökülsə də, uşaq zəif qiymət alsa da, heç kim səsini qaldırmır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, fantastik görünə bilər, amma psixoloqlar bildirirlər ki, bu, həm mümkündür, həm də uşağın psixikası üçün xilasedicidir. Son illərin araşdırmaları göstərir ki, qışqırmaq tərbiyə üsulu deyil, uşağın psixikasına zərbə vuran davranışdır.
Qışqırıq uşağın beynində “vur və ya qaç” reaksiyasını işə salır. Klinik psixoloq Laura Markham izah edir ki, uşaq qorxduğu anda beynin öyrənməyə cavabdeh hissələri faktiki olaraq fəaliyyətini dayandırır. Yəni uşaq valideynin dediklərini eşitmir sadəcə qorxur. Valideyn ona nəyisə anlatmağa çalışdığı halda, uşağın orqanizmi özünü müdafiəyə hazırlayır. Bu isə həm faydasız, həm də zərərlidir.
Doktor Cozef Şrand bildirir ki, qışqırmaq insanın özünü dəyərsiz hiss etməsinin ən sürətli yollarından biridir. Davamlı qışqırığa məruz qalan uşaqlarda “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi formalaşır. Bu hiss illərlə qalaraq özünəinam problemlərinə çevrilə bilər.
Qışqırıq uşağın xarakterini necə dəyişir?
Tez-tez qışqırılan uşaqlarda təşviş və depressiya riski daha yüksək olur. 40 illik təcrübəyə malik klinik psixoloq Neil Bernstayn deyir ki, təcrübəsi boyunca heç bir uşaq ona “valideynim mənə qışqırandan sonra ona daha yaxın oldum” deməyib.
Qışqırıq münasibətləri zədələyir və ailədaxili əlaqələri zəiflədir. Araşdırmalar göstərir ki, davamlı verbal aqressiya, o cümlədən qışqırıq, uşağın beyninin inkişafına təsir göstərə bilər. Belə mühitdə böyüyən uşaqlarda davranış problemləri, zəif dərs nəticələri və sosial problemlərlə üzləşmə riski daha yüksək olur.
Psixoloqların diqqət çəkdiyi başqa bir məqam isə budur: qışqıran valideynlər çox vaxt qışqıran uşaqlar böyüdür. Uşaqlar böyüklərin davranışını təqlid edir. Əgər valideyn aqressiv danışırsa, uşaq da başqaları ilə eyni şəkildə davranmağa başlayır.
Qışqırığın yerinə nə etmək olar?
Psixoloqlar emosiyaların yüksəldiyi anda bir neçə sadə üsul tövsiyə edir:
Dərin nəfəs almaq
Geriyə doğru saymaq
Əlləri silkələmək və bir neçə saniyə sakitləşmək
Özünə “uşağım bunu mənə qarşı etmir, sadəcə çətinlik yaşayır” demək
Bu düşüncə tərzi vəziyyətə münasibəti tam dəyişə bilər. Əgər valideyn yenə də özünü saxlaya bilməyibsə, uşağın qarşısında üzr istəmək vacib sayılır:
“Məni bağışla, sənə qışqırdım. Haqsız idim. Öz üzərimdə işləyəcəyəm".
Bu, uşağa səhv etməyin normal olduğunu, əsas məsələni isə səhvi qəbul edib düzəltməyin təşkil etdiyini öyrədir.
Psixoloqlar bildirirlər ki, qışqırıq olmadan böyüyən uşaqlar daha sakit, özünəinamlı və emosiyalarını idarə etməyi bacaran fərdlərə çevrilirlər. Onlar səhv etməkdən qorxmurlar, çünki daim danlanmayıblar. Dünyaya daha çox güvənirlər, çünki uşaqlıqları qorxu və qışqırıq içində keçməyib.
Mütəxəssislər valideynlərə ən azı bir həftə uşaqlarla qışqırmadan ünsiyyət qurmağı sınamağı tövsiyə edir. Onların sözlərinə görə, bu, həm evdəki atmosferi, həm də valideyn-övlad münasibətlərini nəzərəçarpacaq dərəcədə dəyişə bilər.
Uşaq uşaq tərbiyəsi valideynlik uşaqlara qışqırmaqMənbə: lent.az