Cəmi bir neçə qəhvəyi ağac ilanı Sakit okeandakı Quam adasında tarixdə ən dağıdıcı invaziv növlərdən birinə çevrilib. Alimlər illərdir bu ilanların necə bu qədər sürətlə çoxalaraq bütün adanı ələ keçirdiyini araşdırırdılar. Yeni tədqiqat bu sirrin cavabını qismən üzə çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, ilanların uğurunun əsas səbəbi onların DNT-sində gizli qalmış genetik müxtəliflik olub. Bu xüsusiyyət onlara yaxın qohumlar arasında çoxalmalarına baxmayaraq sağ qalmağa, yeni mühitə uyğunlaşmağa və sürətlə çoxalmağa imkan verib. Qəhvəyi ağac ilanı (Boiga irregularis) əslən Avstraliya və Sakit okeanın cənub hissəsində yaşayır. Hesab olunur ki, bu növ İkinci Dünya müharibəsindən sonra hərbi yük təyyarələrinin göyərtəsində gizlənərək Quam adasına gəlib.
Adada məskunlaşdıqdan sonra ilanlar yerli ekosistemə ciddi zərbə vurublar. Onların səbəbindən çoxsaylı meşə quşu növləri yox olub. Bundan başqa, ilanlar elektrik dirəklərinə və avadanlıqlara dırmaşaraq tez-tez elektrik enerjisinin kəsilməsinə səbəb olublar. Bəzi ərazilərdə onların sıxlığı hər 2,5 kvadrat kilometrə 30 min ilana qədər çatıb. Bu uğur uzun illər alimləri təəccübləndirirdi. Çünki belə kiçik başlanğıc populyasiyalarda adətən genetik müxtəliflik azalır və növün yeni şəraitə uyğunlaşması çətinləşir. Buffalo Universiteti və ABŞ Geoloji Xidmətinin mütəxəssisləri uzun oxunuşlu DNT sekvensləmə üsulundan istifadə edərək ilanların genomunu araşdırıblar. Nəticədə əvvəllər aşkarlanmayan 19 mindən çox iri genetik dəyişiklik müəyyən edilib. Bu dəyişikliklər DNT hissələrinin köçürülməsi, silinməsi və ya yerinin dəyişməsi ilə əlaqədardır.
Alimlər bildirirlər ki, əvvəlki tədqiqatlar əsasən DNT-dəki kiçik dəyişikliklərə diqqət yetirirdi. Yeni texnologiya isə genomdakı daha böyük struktur fərqlərini üzə çıxarmağa imkan verib. Araşdırma göstərib ki, bu genetik dəyişikliklərin böyük hissəsi immunitet və iybilmə qabiliyyəti ilə əlaqəli genlərdə cəmləşib. Qəhvəyi ağac ilanları ovlarını tapmaq və ətraf mühiti dərk etmək üçün güclü iybilmə qabiliyyətindən istifadə edirlər. Alimlər hesab edirlər ki, bu xüsusiyyət ilanların adada bir-birini ov kimi deyil, qohum kimi tanımasına da kömək etmiş ola bilər. Bu isə yaxın qohumlar arasında çoxalma şəraitində populyasiyanın qorunub saxlanmasına təsir göstərib.
Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr yalnız invaziv növlərin deyil, həm də nəsli kəsilmək təhlükəsi altında olan heyvanların qorunması üçün yeni məlumatlar təqdim edir. Onlar bildirirlər ki, kiçik populyasiyalarda belə əvvəllər qiymətləndirilməyən genetik ehtiyatlar mövcud ola bilər. İndi alimlər bu genetik dəyişikliklərin ilanlarda Quama gəlməzdən əvvəl mövcud olub-olmadığını, yoxsa adada yaşadıqları dövrdə formalaşdığını müəyyənləşdirməyə çalışırlar. Bunun üçün Quamdakı ilanların DNT-si Avstraliya və Sakit okeanın cənubundakı təbii populyasiyalarla müqayisə ediləcək.
Maraq ilan adaMənbə: lent.az