IMG-LOGO

Düşünməzdim ki, o, mənim həyatımı dağıda bilər - Milyonlarını itirən dünya çempionu ilə MÜSAHİBƏ

13 Apr 2026 15:16 3 baxış
IMG
1 0

Narkotiki təkcə avara həyat tərzi yaşayan, həyatla əlaqəsini kəsən, həzz üçün yaşayan insanların qəbul etdiyini düşünürük. Lakin təəssüf ki, maraq, yanlış bərbəzəkli təsəvvürlər hətta ən uğurlu, ən sayılıb-seçilən adamları da bu yolun qurbanına çevirə bilir. Ömür boyu min bir əziyyətlə, dişi ilə, dırnağı ilə yığdıqlarını narkotik yolunda itirirlər.

Lent.az-ın əməkdaşları hazırda “12 Addım Reabilitasiya Mərkəzi”ndə reabilitasiya keçən, “ağ ölüm”ün cəngindən güc-bəla ilə xilas olan Dünya Çempionu Fuad Məmmədovla həmsöhbət olub.

- Fuad bəy, özünüz haqqında daha ətraflı məlumat verərdiniz.

- Mən, Məmmədov Fuad. 30 yaşım var, Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşam. Uzun müddət - 18 il cüdo və sambo ilə məşğul olmuşam. Cüdo üzrə dəfələrlə beynəlxalq yarışlara çıxıb, qalib olmuşam. Sambo üzrə Azərbaycan və Dünya Çempionu olmuşam. Avropa çempionatlığında ikinci yerə çıxmışam. Amma çox təəssüf ki, bu illər ərzində narkotik də həyatımın bir parçası idi. Lakin heç vaxt düşünməzdim ki, o, mənim həyatımı dağıda bilər. Maddi cəhətdən heç bir çətinliyim yox idi, işlərim qaydasında idi.

- Kifayət qədər uğurunuz olub, maddi cəhətdən də rahat idiniz. Bəs necə oldu ki, narkotik maddə qəbuluna başladınız?

- Reallıqlardan qaçırdım. Maraq məni bürümüşdü. Narkotik istənilən situasiya ilə daxil ola bilir həyatımıza: 4-5 dostunla oturub, yeyib-içəndə onlardan fərqlənmək, yaşından böyük görünmək, yaxud da kiməsə bənzəmək üçün. Bunların hamısı mənim narkotik istifadə etməyimin səbəbi idi. Mən onun fəsadlarını bilmirdim, zərrəcə ağlıma da gəlmirdi ki, sonum belə olacaq. Dostlarla kluba gedəndə içkisiz yaxud narkotiksiz orada oturmağı qəbul edə bilmirdim.  Narkotik qəbul edirdim ki, normal insanlar kimi yaşayım.

- Aydındır, lakin anidən “narkotik istifadəsinə başlamalıyam”, deməmisiniz hər halda. Sizi bu yola çəkən əsas səbəb nə idi?

- Mən Yasamalda böyümüşəm. O vaxtlar Yasamaldakı istənilən məclisdə “marixuana” olurdu. Mən elə bilirdim ki, normal olmaq üçün, insanlardan seçilməmək üçün narkotik istifadə etməliyəm. Nümunəm düzgün deyildi. Amma beynimdə narkotikin pis olmasına dair baza yox idi. Həyatı gördüyüm kimi başa düşürdüm. İstədiyim vaxt narkotiki ata biləcəyimdən o qədər əmin idim ki, özümə “narkoman” adını yaraşdırmırdım. Çox gec dərk elədim ki, mən narkotiki şəxsi həyatımdakı problemləri, uşaqlıq travmalarını, reallıqları görməzdən gəlmək üçün istifadə edirmişəm.

İdmançı idim. Adi insan 1 bakal pivə içəndə, mən 10 bakal içirdim. Çünki bizim bədənimizin hərarəti başqa cür çalışır. Bu da mənə arxayınlıq verirdi, dayandıra bilərəm deyə düşünürdüm. Amma 14 il – yəni 15 yaşımdan istifadəyə başladım.

- Lap yeniyetməlikdən istifadəçi olmusunuz. Bəs həm də necə oldu ki, bu qədər uğur qazana bildiniz?

- Çünki o vaxtlar aludəçi yox, həvəskar istifadəçi idim. Dostlarla yığışanda, kefimiz bir az kök olanda edirdik. Yarışlara yaxın dayandırırdım, bir növ tənzimləyə bilirdim. İstifadə edəndə qəribə şeylər düşünürdüm, öz-özümə sual verirdim ki, niyə kiminsə maddi ehtiyacı olmalıdır? Niyə hamı hər şeyə sahib deyil ki? Analiz etmə qabiliyyətim tamamilə fərqli idi. Amma indi dərk edirəm ki, mən istəsəm də bütün respublikaya yardım edə bilmərəm. İstifadə etdiyim müddətdə evimi, bir neçə avtomobilimi satmışam. Hansı ki, mən onlara sahib olmaq üçün əziyyət çəkmişdim.

Asılılıq xəstəliyi xərçəng, şəkərli diabet kimidir. Ömür boyu səninlədir. Sən ömür boyu sərhədlərini qorumalısan, ondan istifadə edən insanlarla heç bir halda görüşməməlisən. Mən bu gün heç içki masasına da əyləşmirəm. Əvvəllər elə bilirdim ki, özümdən başqa heç kimə zərər vurmuram. Amma ən sevilməyən insan belə ailəsinin dəyərlisidir. Özüm istifadə etdiyim halda bacım, yoldaşım, anam əziyyət çəkdi.  

- İdmana marağınız sizi irəli aparıb.

- Bəli, hələ uşaqlıqdan idmana marağım var idi, çox dəcəl idim. Mənə idman sferasında “A-dan, Z-yə” hər şeyi Vüqar öyrədib. Böyük arenada 3000 nəfərin içərisində güləşəndə Vüqarın səsini eşidirdim. O nə deyirdisə, onu edirdim. Vüqar mənim kumirim idi. Soyadımız da eyni idi. Uşaqlıqdan beynimə qoymuşdum ki, Dünya Çempionu da olacam, Avropa çempionatlığını da udacam. Yarışa medal üçün yox, çempionluq üçün gedirdim. Ölsəm belə, çempion olmalı idim. 2-ci, 3-cü yerləri qəbul etmirdim.

- Reabilitasiyaya başlamağa necə qərar verdiniz?

- 19 aydır ki, reabilitasiyadayam. O Fuadı heç kim istəmirdi. İstifadə edəndə evdəkilər əziyyət çəkirdi, qeyri vaxtda da özüm. 4 dəfə intihara cəhd etmişəm, sirkə turşusu belə, içmişəm. Vüqarla biz həm məşq yoldaşı idik, həm də birgə narkotik istifadə edirdik. Gördüm ki, reabilitasiyanın ona təsiri var, beləcə, mən də gəldim.

Asılılığı olan adam reabilitasiyaya başlayırsa, dərk etməlidir ki, Allahın ondan gözləntisi var, onun yaşamağını istəyir.

- Ətrafınızda narkotik istifadə etdiyi üçün vəfat edən adamlar var?

- Bəli. Cavan olmaqlarına baxmayaraq, təkcə 4-5 nəfər həyatdadır. Qalan hər biri dünyasını dəyişib.

- Sağlam insan narkotikdən necə ölür? Ürəkləri dözmür, yoxsa doza həddini aşırlar?

- Narkotik istifadəsi həm immuniteti, həm də psixologiyanı məhv edir, nəticədə bədən dözmür, ölür. Hətta təcrübədə olub ki, yüksək doza istifadəçisi gəlir mərkəzə, sağalmaq üçün müəyyən vaxt keçirir, amma buradan çıxan kimi gedib köhnə həyatına qayıdır. Təmiz bədənlə yenidən yüksək doza qəbul edəndə bədən dayanır, ürək partlayır.

- Siz dediniz ki, evimi, avtomobillərimi satmışam. Narkotik almaq üçün onları satırdınız, ya niyə?

- Mənim işim var idi, maaş alırdım, imkanım kifayət qədər yaxşı idi. Heç vaxt narkotik almaq dərdi çəkməmişəm. Necəsə pul yığım deyə düşünməmişəm, axtarışda olmamışam. Amma bir dövr keçdi, avtomobilimi satdım, onun pulunu bir “dağıtdım”. Sonra işdən çıxdım, evimin birini satmalı oldum. Dərk edirdim ki, geriyə gedirəm. Əlimdə olan hər şeyi itirirəm, uçurumdayam, amma dayana bilmirdim, əvvəlki imkana sahibəm kimi hərəkət edirdim.

Sonuncu avtomobilimi də satdım, 27 gün ərzində o pul da “batdı”. Bir rus dostum var idi, deyirdi ki, sənin qəbul etdiyin dozanı at qəbul etsə, ölər.

- Bəs niyə qəbul edirdiniz?

- Ölmək üçün. Mən artıq nəyisə dəyişə biləcəyimi düşünmürdüm, hər şeyimi itirmişdim, təkcə ölmək istəyirdim. Reabilitasiyaya gələndə 51 kilo idim, indi 85.

2019-cu ildən etibarən ağır idmanı özümə qadağa etmişdim ki, sakit, rahat istirahət edə-edə yaşayım.

Mən bura gələndə gördüm ki, “bomj” həyatı yaşayıb, səhərdən-axşama qədər butulka yığanlar olub. Bunu ona görə ediblər ki, satıb narkotik alsın. Düzünü desəm, özümdə təkəbbür yarandı. Öz-özümə dedim ki, “a kişi, mən bu adamlarla necə bir yerdə sağala bilərəm? Mənim yaşadığım həyat hara, bunlarınkı hara?”. Amma gəlib, kömək istədim, dedim ki, mən təmizliyə çox fikir verirəm, onlarla eyni yerdə qala bilməyəcəm. Mənə dedilər ki, o butulka yığan oğlanın valideynləri Bakıya brilyant gətirən ikinci, üçüncü adamlar olublar. O oğlan o qədər mal-mülki “dağıdıb”, bu vəziyyətə düşüb. Mənə bunları danışdıqca, özümü gözümün önünə gətirdim. Mən də evi, avtomobili satdım. Hələ ki, butulka satmırdım, sonrasını bilmirəm axı... Bura gəlməsəydim nəinki butulka yığıb, satmaq, bəlkə də zibilqabının içində yatardım. Çünki bu yolun 3 sonluğu var – ölüm, psixiatriya mərkəzi ya da həbsxana.

- Bəs reabilitasiya olmadan “mən istifadə etməyəcəm”, - deyib, dözmək olar?

- Xəstəliyi (narkomaniyanı) tanımadan istifadəni ömür boyu saxlamaq mümkünsüzdür. Reabilitasiya olmadan, sən burada nə üçün olduğunu dərk etmədən heç vaxt özünə “dur” deyə bilməzsən. 20 ay, 30 ay ayığam, mən artıq istifadə etmərəm deyə, bir anlayış yoxdur. Özün anlamalısan ki, o yola üz tutsan, uduzacaqsan.

- Yeyib-içdiyiniz dostlarınız siz uçuruma düşəndə yanınızda idilər?

- Rəhmətlik əmimin bir sözü var, “Allah sənin etibar elədiyin, amma heç də etibarlı olmayan adamları sənə hansısa formada tanıdırsa, otur şükür elə ki, başqa cür xəyanətlə rastlaşmadın”. Mənim yanımda mərkəzdəkilər durdu. İnanın ki, hər adam o bəladan dönə bilmir.

- Bəs siz nə zaman buradan çıxacaqsınız?

- Əslində mənim reabilitasiya müddətim bitir, 2 ilə yaxındır ki, bəladan uzağam. Amma buradakı doğmalarımı qoyub getmirəm. Mərkəzdə həm mütəxəssis, həm də ikinci mərhələnin rəhbəri kimi çalışıram.

- Bəs ailənizlə görüşürsünüz?

- İki gün burada işləyirəm, iki gün evdə oluram.

- İlk sağalma günü necə olur?

- O qədər ağrılar yaşamışdım ki, buradakı ən çox ağrı da mənə şirin gəlirdi. Məqsədim birmənalı olaraq sağalmaq idi.

- Ən çox nəyə heyfsilənirsiniz?

- 10 dəfə udduğum bir nəfər var. Amma bu gün onun həyatına baxıram, bir də özümə. Narkotik həyatımda olmasaydı indi haralarda olacağımı düşünürəm, heyfsilənirəm. Çox ağır hisdir, hər şeyim var idi, hamısını itirdim. Amma narkotik istifadə etdiyim zamanla indiki halıma baxanda da, şükür edirəm. Ən azından indi həyatdayam, indi qazanmağa doğru gedirəm.

- Bəs idman? Onu davam etdirməyi düşünürsünüz?

- İdmandan heç vaxt çıxa bilmərəm. Burada da bütün “narkoman”ları idmançı etmişik. Amma böyük yarışlara artıq çıxa bilmərəm. 20 yaşımda olan sürətim indi yoxdur. İçimdən keçir ki, qayıdım, böyük yarışlara hazırlaşım. Amma anlayıram ki, yenidən formalaşmaq üçün mənə vaxt lazımdır. Mövcud vəziyyətdə qarşıya baxmaq lazımdır, heyfsilənmək heç bir fayda vermir.

 

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Dünya çempionu Fuad Məmmədov Narkomaniyanın fəsadları Narkotik asılılığı Narkomaniyanın qurbanı Dünya çempionu Fuad Məmmədov

Xəbər lenti