Bütün dünyada olduğu kimi, Azərbaycanda da iqlim dəyişikliyinin aqrar sektora təsiri kəskin xarakter almağa başlayıb, bu isə bitkilərin mühafizəsini və məhsuldarlıq məsələlərini sektorun əsas gündəminə çevirib. Temperaturun yüksəlməsi və yağıntı rejiminin dəyişməsi nəticəsində zərərverici növlərinin arealı genişlənir ki, bu da düzgün mübarizə aparılmadıqda məhsul itkisinə yol açır. Bəs Azərbaycanda aqrar sektor iqlim dəyişikliyi ilə bacaraqcaqmı? "Report" bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov deyir ki, hazırda Azərbaycanda ziyanvericilərə, xəstəliklərə, alaq otlarının çoxalmasına və yayılmasına, eyni zamanda məhsul itkisinə qarşı bitki mühafizəsi vasitələrindən istifadə olunur: "Mübarizə tədbirləri həm taxıl, həm də tərəvəz sahələrini əhatə edir. Ümumiyyətlə, bitki mühafizəsi vasitələrindən istifadə ətraf mühitin qorunması, əhalinin sağlamlığı, xeyirli fauna və floranın qorunub saxlanılması baxımından çox vacib bir məsələdir. Bitki mühafizəsi əsasən dövlət qurumlarının işidir, amma bu həm bələdiyyənin, həm də bütün ictimai təşkilatların, bütün təsərrüfat subyektlərinin cavabdehlik daşıdığı bir məsələdir".
Ekspertin sözlərinə görə, iqlim amili məhsul yığımına qədər olan dövrdə 30-40 % itkiyə səbəb olur: "Ona görə də, zərərvericilərə qarşı mübarizə tədbirlərinin zamanında və düzgün aparılması çox vacibdir. Bunun həm aqronomik istifadə qaydaları var, eyni zamanda da hansı zərərvericiyə qarşı hansı bitki mühafizəsi vasitəsindən istifadə olunması çox vacibdir. Eyni zamanda o, norma daxilində istifadə olunmalıdır. Təəssüf ki, pestisid, herbisid və insektisidlərdən Azərbaycanda çox istifadə olunur. Əlbəttə ki, bu ətraf mühitə, bitkiyə, torpağa və insan sağlamlığına mənfi təsir göstərən hal kimi dəyərləndirilməlidir. Bioloji üsullardan istifadə olunur, amma bu çox az miqdarda istifadə olunur. Xüsusilə qapalı təsərrüfatlarda, yəni istixanalarda bioloji üsullardan çox istifadə olunur. Amma təəssüf ki, açıq sahədə yetişdirilən bitkiçilik məhsullarının yetişdirilməsində və bitki mühafizəsi zamanı onlardan çox az istifadə olunur. Ölkəmizdə bu heç də ürəkaçan səviyyədə deyil".
O əlavə edib ki, toxumçuluq ümumiyyətlə bitkiçiliyin, yəni məhsuldarlığın 40 %-ni təşkil edən amil hesab olunur: "Təbii ki, burda quraqlığa dözümlü sortlardan istifadə olunması vacib məsələdir. Azərbaycanda bu tətbiq olunur, bizdə aqroparklarda, ümumi təcrübəli, yəni uzun müddət əkinçiliklə məşğul olan şəxslər buna xüsusi diqqət yetirirlər. Amma fərdi təsərrüfatlar və çoxsaylı ailə təsərrüfatları bu faktora çox da önəm vermirlər və onlar nəticədə çox az məhsuldarlıq əldə edirlər. Məsələn, bizdə indi ümumi statistikanın göstərdiyi rəqəmə görə, dənli bitkilərdə 31 sentner orta illik məhsuldarlıq kimi göstərilir. Bu təbii ki, ümumiyyətlə dünya inkişaf etmiş ölkələrdə olan təcrübəni də nəzərə alsaq çox aşağı bir məhsuldarlıq sayılır. Amma Azərbaycanda aqroparklar və ayrı-ayrı sahibkarlar 75 sentnerdən 92 sentnerə qədər alır. Məsələn, İsmayıllı rayonunun İvanovka kəndində keçən il 92 sentner məhsul alan təsərrüfatlar, yəni fərdi şəxslər haqqında dəqiq məlumat var".
X.Məmmədovun sözlərinə görə, Azərbaycanda quraqlığa və zərərvericilərə davamlı yerli toxum sortlarının azlığı səbəbindən hələ də əsasən idxal məhsullarına üstünlük verilir: "Quraqlığa davamlı və zərərvericilərə qarşı eyni vaxtda dözümlü olan yerli sortlar bizdə çox azdır, amma bundan istifadə olunması tövsiyə olunur. Toxumların seçilməsi, onların həm quraqlığa, həm də zərərvericilərə qarşı eyni vaxtda dözümlü olması xüsusi laboratoriya şəraitində analizdən keçmiş toxum sortları Azərbaycanda çox azdır. Əsasən toxum Azərbaycana Rusiyadan idxal olunur və yerli şəraitdə yetişdirilmiş toxumlardan istifadə olunur, bunlar da quraqlığa az davamlı və zərərvericilərə qarşı eyni vaxtda dözümlü sortlar deyil".
Bununla belə, ekspert bildirir ki, iqlim dəyişikliyinə rəğmən, ölkənin şimal və cənub zonalarında intensiv bağçılıq təsərrüfatlarının inkişafı qənaətbəxş səviyyədədir: "Meyvəçilikdə, yəni bağçılıqda da ağacların çiçəklənmə dövrü iqlim dəyişikliyi ilə bağlı olaraq qeyri-sabit keçdiyini nəzərə alaraq, zərərvericilərə qarşı mübarizə üsulları çox önəmlidir. Amma Azərbaycanda bağçılıq kifayət qədər inkişaf edib, intensiv və super-intensiv bağ təsərrüfatları çoxdur. Ailə təsərrüfatlarında bu zəifdir, amma belə deyək ki, kifayət qədər Azərbaycanda bağçılıq inkişaf etmiş hesab etmək olar. Xüsusilə şimal zonasında və cənub zonasında olan bağçılıq sahələrində bu vəziyyəti qənaətbəxş saymaq mümkündür".
"Azərbaycanda vaxtaşırı çəyirtkə sürülərinin inkubasiya dövrü zamanı onların artması və əkinlərə zərər verməsi müşahidə olunur, amma bu çox da kütləvi hal kimi qeyd edə bilmərik. İqlimin quraq keçməsi buna səbəb ola bilər. Ona görə də təsərrüfatlarda aqronomlar diqqətli olmalıdırlar, hər gün onlar sahəyə baxış keçirməlidirlər və əgər belə bir risk varsa, ona qarşı mübarizə tədbirlərindən istifadə edilməlidir. Hazırda yağıntıların qeyri-müntəzəm olması və ümumiyyətlə ilin bu dövründə yağıntının miqdarının çox olması fermerlərin dərmanlama qrafikinə diqqətli yanaşmalarını tələb edir. Bu vəziyyətdə də yenə hər gün aqronomlar, təsərrüfat sahibləri gündəlik səhər-axşam müşahidələr aparmalıdırlar və o müşahidənin nəticələrinə uyğun olaraq dərmanlama, yəni bitki mühafizə vasitələrindən istifadə edilməsi qrafiklərinə diqqətlə yanaşmalıdırlar", - deyə ekspert vurğulayıb.
Aqrar sahə üzrə digər ekspert Türkan Ağayeva isə deyir ki, iqlimin istiləşməsi, rütubət rejiminin dəyişməsi ekosistemin təbii sərhədlərini pozur: "Azərbaycanda son illərdə invaziv növlərin arealı genişlənib. Xüsusilə pomidor güvəsi, mərmər bağacığı və Amerika ağ kəpənəyi kimi növlər kütləvi xarakter alıb. İstiləşmə nəticəsində cənubdan (tropik və subtropik zonadan) şimala miqrasiya edən zərərvericilər qış aylarının mülayim keçməsi səbəbindən məhv olmur və növbəti mövsümdə daha böyük populyasiya yaradır. FAO-nun məlumatlarına və yerli monitorinqlərin nəticələrinə əsasən, iqlim dəyişikliyi ilə əlaqədar zərərvericilərin artımı məhsuldarlıqda orta hesabla 20–40 % itkiyə səbəb olur. Lakin bu rəqəm lokal səviyyədə məsələn, pambıqçılıqda sovka zərərvericisi və ya meyvəçilikdə unlu bitlər zamanı düzgün mübarizə aparılmadıqda 60–70 %-ə qədər yüksələ bilər".
Onun sözlərinə görə, Azərbaycanda bioloji mübarizə hazırda "keçid" mərhələsindədir: "İstixanalarda, xüsusilə pomidor istehsalında Bombus arıları və Makrolofus kimi faydalı həşəratlar tətbiq olunsa da, bu geniş yayılmayıb. Açıq sahə əkinlərində (pambıq, taxıl, meyvə bağları) bioloji laboratoriyalardan hələ tam potensialı ilə istifadə edilmir. Dövlət dəstəyi ilə bu sahədə innovativ biotexnologiyaların tətbiqi getdikcə genişləndirilir. Azərbaycanın zəngin genofondunda quraqlığa və zərərvericilərə dözümlü yerli sortlar sortlar mövcuddur. Məsələn, taxılçılıqda yerli "Qobustan" və "Əzəmətli-95" buğda sortları quraqlığa nisbi dözümlülüyü ilə seçilir. Üzümçülükdə yerli aborigen sortlar (məsələn, Bayanşirə) yerli iqlim streslərinə qarşı xarici sortlardan daha adaptivdir. Lakin seleksiya elminin qarşısında duran əsas məsələ bu dözümlülük genlərini müasir yüksək məhsuldarlıq göstəriciləri ilə sintez etməkdir".
Ekspert qeyd edib ki, çiçəkləmə dövrü bitkinin ən həssas mərhələsidir və bu zaman aqressiv kimyəvi preparatlar tozlandırıcı həşəratları, arıları məhv edə bilər: "Bu səbəbdən zərərvericinin sayını tənzimləmək üçün tələlərin quraşdırılması, mikrobioloji preparatların tətbiqi, bitki mənşəli insektisidlərin istifadəsi, immunostimulyatorlar vasitəsilə bitkinin özünümüdafiə qabiliyyətinin artırılması tövsiyə olunur".
Aqronom həmçinin bu ilin aprel ayının ötən ilə nisbətən yağıntılı və sərin keçdiyini qeyd edib: "Keçən ilin quraqlığından fərqli olaraq, bu ilin aprel ayı Azərbaycanda olduqca yağıntılı və nisbətən sərin keçir. Bu, çəyirtkə sürüləri üçün "iki tərəfli qılınc" effekti yaradır. Sərin hava torpağın isinməsini ləngidir, bu isə çəyirtkələrin çıxışını gecikdirir. Bol yağıntı sahələrdə zəngin bitki örtüyü yaradır. Çəyirtkələr çıxdıqdan sonra bu, onların yaxşı qidalanması və sürətlə böyüməsi üçün ideal zəmin hazırlayır. Bu il çəyirtkə təhlükəsi aradan qalxmayıb sadəcə, may ayına doğru "partlayış" üçün enerji toplanır. Bundan əlavə, rütubət bitkilərdə göbələk xəstəliklərini də tətikləyəcək. Qeyri-sabit hava şəraiti fermerlər üçün dərmanlama üçün uyğun "pəncərə vaxtı" tapmağı çətinləşdirir. Yağışdan dərhal sonra tətbiq edilən dərman yuyulur, bu da həm maliyyə itkisinə, həm də ətraf mühitin çirklənməsinə yol açır. Bunun üçün sistemli, bitkinin daxilinə nüfuz edən preparatlara üstünlük verilməlidir. Adyuvantlardan (yapışdırıcılardan) istifadə mütləqdir, bu, dərmanın yarpaq səthində qalma müddətini artırır".
T.Ağayevanın sözlərinə görə, dərmanlamanın effektivliyi üçün yağışdan əvvəl ən azı 4–6 saatlıq quru müddətin gözlənilməsi vacibdir: "Bu ilki qeyri-sabit hava şəraitində fermerlər üçün ən kritik məqam dərmanlama ilə yağış arasındakı "təhlükəsiz zaman pəncərəsi"ni düzgün tutmaqdır. Müasir rəqəmsal aqrometeostansiyaların məlumatlarına əsasən, kontakt təsirli preparatların yarpaq səthində tam quruması və sistemli preparatların bitki toxumalarına nüfuz etməsi üçün yağıntıdan ən az 4–6 saatlıq quru interval olmalıdır. Əgər yağıntı bu müddətdən daha tez baş verərsə, tətbiq olunan kimyəvi maddənin böyük hissəsi yuyulur. Bu həm iqtisadi itkiyə, həm də ətraf mühitin həddindən artıq toksikləşməsinə səbəb olur. Müasir kənd təsərrüfatı artıq təkcə əkinçilik deyil, həm də dəqiq riyazi hesablama və iqlimə adaptasiya elmidir. Əsas məqsədimiz ekosistemi qorumaqla ərzaq təhlükəsizliyini təmin etməkdir".





