IMG-LOGO

Boğazlar savaşı - Qlobal güclərin yeni geosiyasi cəbhəsi - ŞƏRH

14 Apr 2026 11:40 4 baxış
IMG

Bu gün dünyada və xüsusən də Yaxın Şərq regionunda baş verən hadisələr dünya siyasətinin əsas mövzusuna çevrilib. İran-ABŞ-İsrail arasında başlayan hərbi gərginlik artıq uzun müddətdir sadəcə lokal xarakter daşımır. Bu qarşıdurma qlobal iqtisadiyyatın, enerji təhlükəsizliyinin və böyük güclər arasındakı balansın birbaşa tərkib hissəsinə çevrilib. Bu prizmadan yanaşanda münaqişənin əslində əsasən Hörmüz və Bab-əl Məndəb boğazları ətrafında getdiyi üzə çıxır. Çünki hər iki boğaz qlobal enerji və ticarət marşrutları üçün əsas keçid nöqtələrindən sayılır. Elə təkcə Hörmüz boğazından dünya neft tədarükünün 20 faizi keçir.

Bab-əl Məndəb boğazı isə Avropa-Asiya ticarətinin əsas xəttidir. Bu marşrutlarla bağlı bu gün yaranan problem və blokada məsələsi dünya iqtisadiyyatına ciddi təsir edir. İran dəfələrlə bəyan edib ki, ABŞ və İsrail onun şərtləri ilə razılaşmasa, Hörmüz boğazı bağlanacaq. Bu isə dünyanın enerji bazarı üçün arzuolunmaz sayılır. Çünki 1 aydan çox davam edən münaqişə və boğazla bağlı gərginlik artıq neft qiymətlərinin 130-140 dollara qədər artmasına səbəb olub. Belə bir vəziyyət isə təkcə enerji qiymətlərini artırmır, zəncirvari reaksiya kimi dünya iqtisadiyyatına da təsir edir. Çünki paralel olaraq loqistika və nəqliyyat xərcləri artır, sənaye istehsalı bahalaşır. Xüsusən də Çin və Avropa kimi iqtisadi mərkəzlər mənfi təsirlənir. Belə bir vəziyyət isə İrana boğaz üzərində nəzarət vasitəsilə geosiyasi təzyiq aləti yaradır və rəqiblərinə qarşı strateji üstünlük qazanmasını təmin edir. Eyni zamanda İran öz neftini də baha qiymətə sataraq, böyük maddi üstünlüklər qazanır.

Nəzərə almaq lazımdır ki, bu gün Hörmüz boğazının bağlanması ABŞ-nin maraqlarına xidmət edir. Çünki hadisələri və baş verənləri diqqətlə analiz edəndə Ağ Evin qlobal iqtisadi nəzarət və rəqabət strategiyası ön olana çıxır. Məsələn, Çin gündəlik neft idxalının 40 faizini, Yaponiya, Cənubi Koreya kimi sənaye nəhəngləri isə 70 faizdən çoxunu buradan təmin edir. Bu səbəbdən də sözügedən boğaz əslində ABŞ üçün dolayı təsir mexanizminə çevrilir. Bu gün ABŞ gündəlik 12-13 milyon barel neft hasilatı ilə dünyanın ən böyük xam neft istehsalçılarından birinə çevrilib. Bu səbəbdən də belə yüksək qiymətlərdən məhz Birləşmiş Ştatlar iqtisadi fayda götürür. Donald Tramp administrasiyası dövründə formalaşan yanaşma, yəni təchizat zəncirlərinin "strateji həssaslıq nöqtələri" üzərindən rəqiblərə dolayı təzyiq göstərmək elə bu məsələdə də daha sistemli və çoxqatlı şəkildə özünü göstərir. Çünki Hörmüz boğazı ətrafında risklərin artması təkcə enerji qiymətlərinin artımı demək deyil. Bu, Ağ Ev üçün həm də uzunmüddətli geoiqtisadi üstünlük alətidir. Bunun səbəbi isə gərginlik fonunda dünya bazarında bir barel xam neft qiymətinin 100 dolları ötməsi halında ABŞ-nin LNG və xam neft ixracının daha rəqabətli olmasıdır. 2020-ci illərin əvvəlindən etibarən ABŞ gündəlik 3-4 milyon barel neft və neft məhsulları ixrac edən və eyni zamanda dünyanın ən böyük LNG tədarükçülərindən birinə çevrilən ölkə kimi bu vəziyyətdən birbaşa iqtisadi dividend əldə edir.

ABŞ-nin əzəli rəqibi olan Çin üçün də enerji qiymətlərinin artımı risk yaradır. Çünki bazarda baş verən dalğalanmalar və boğazın bağlanması Çin iqtisadiyyatında enerji xərclərinin artmasına səbəb olur. Bu da öz növbəsində məhsulların qlobal bazarda qiymət üstünlüyünün zəifləməsi ilə nəticələnir. Oxşar vəziyyəti Hörmüz boğazından enerji məsələsində asılı olan Yaponiya və Cənubi Koreya üçün də deyə bilərik.

Paralel olaraq isə belə bir vəziyyətin yaranması Avropa İttifaqında da enerji təhlükəsizliyi problemini yenidən gündəmə gətirir. Xüsusilə Rusiyadan idxal edilən xam neft və təbii qaza tətbiq edilən sanksiya qeyri-müəyyənliklərə səbəb olur. Buna görə də Avropa ölkələri LNG idxalını artıraraq ABŞ ilə enerji əməkdaşlığını genişləndirmək məcburiyyətində qalırlar. Elə son iki il ərzində Avropa bazarlarında ABŞ LNG payının 40-50 faizə qədər artması bunun bariz nümunəsidir. Ağ Ev isə bu vəziyyətdən həm də siyasi təzyiq və təsir aləti kimi istifadə edir.

Bununla yanaşı, belə böhranlar ABŞ-nin qlobal dəniz yollarında, xüsusilə Fars körfəzi və Hind okeanı hövzəsində hərbi mövcudluğunu legitimləşdirir. ABŞ donanmasının bu regionlarda daimi patrul fəaliyyəti və müttəfiqlərlə birgə təhlükəsizlik təşəbbüsləri, faktiki olaraq, beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyində Vaşinqtonun "zəruri aktor" kimi mövqeyini möhkəmləndirir. Bu isə yalnız hərbi deyil, həm də geosiyasi təsir mexanizmi kimi çıxış edir: yəni enerji və ticarət axınlarının təhlükəsizliyi məsələsi ABŞ-nin qlobal liderlik arqumentinin əsas sütunlarından birinə çevrilir. Qısası, Hörmüz boğazı ətrafında baş verən gərginlik əslində ABŞ-yə müəyyən üstünlüklər yaradıb və Ağ Ev bundan uzun müddət faydalanmaq niyyətindədir. Birincisi, enerji bazarlarında iqtisadi qazanc, ikincisi, rəqib iqtisadiyyatlarının, xüsusən də Çin və Avropa İttifaqının xərclərinin artırılması, üçüncüsü isə qlobal təhlükəsizlik arxitekturasında lider mövqeyini gücləndirmək. Buna görə də son günlər ABŞ-nin "Hörmüz boğazını blokadaya alırıq" mesajı anlaşılandır.

Münaqişələrin dolayı səhnəsi olan Bab-əl Məndəb boğazı da bu gün dünya iqtisadiyyatına təsir edən boğazdır. Boğaz üzərində əsas oyunçular Yəmən, Səudiyyə Ərəbistanı və İrandır. Əgər Bab-əl Məndəb boğazı bağlansa və ya blokadaya alınsa, bu da öz növbəsində qlobal ticarət sisteminə ciddi zərbə olacaq. Birincisi, hər gün 6-7 milyon barel neft və neft məhsulları ilə yanaşı, Asiya və Avropa arasındakı yük daşımalarının mühüm hissəsi buradan keçir. Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır. Buna görə də əgər boğaz bağlansa, gəmilər Afrikanın cənubundakı Ümid burnundan keçmək məcburiyyətində qalacaqlar ki, bu da öz növbəsində həm xərcləri 50 faizə qədər artıracaq, həm də marşrutun müddəti 15 günə qədər uzanacaq. Belə bir vəziyyət qlobal ticarəti gecikdirməklə yanaşı, logistika qiymətlərini yüksəldir. Bu isə ixracyönümlü iqtisadiyyatlar, xüsusilə Çin üçün əlavə təzyiq yaradır. Belə bir vəziyyət isə təbii ki, ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda Bab əl-Məndəb boğazı ətrafında gərginliyin artması Avropanın alternativ və daha təhlükəsiz enerji mənbələrinə yönəlməsini sürətləndirir ki, bu da ABŞ LNG-sinə tələbatı artırır. Paralel olaraq isə, qeyd etmək yerinə düşər ki, Qırmızı dəniz və Hind okeanı qlobal ticarətin əsas arteriyalarından biridir. Belə bir təhlükəsizlik vakuumunun yaranması ABŞ-nin hərbi-dəniz qüvvələrinin rolunu artırır. Belə bir vəziyyətdə Vaşinqton beynəlxalq koalisiyalar quraraq, təhlükəsizlik təminatçısı kimi çıxış edib müttəfiqləri üzərində təsir imkanlarını genişləndirmək imkanı əldə edir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu yolla ABŞ qlobal ticarət marşrutlarının qorunmasında əvəzolunmaz aktor statusunu gücləndirərək geosiyasi çəkisini artırır.

Eyni zamanda belə böhranlar ABŞ üçün maliyyə və ticarət baxımından da əlavə imkanlar yaradır. Bu tip böhranlarda kapital axınları ABŞ bazarlarına yönəlir, sığorta və logistika sektorunda qiymətlər artır. Bu da əlavə likvidlik deməkdir.

Amma qeyd etmək yerinə düşər ki, belə bir vəziyyət ABŞ-də inflyasiya riskini artırır, daxili bazarda yanacaq və logistika qiymətlərini artırır. Bu da amerikalı seçicinin həssas yanaşdığı məsələdir. Yəni belə bir vəziyyət ABŞ üçün iki tərəfi də kəsən qılınc kimidir. Qlobal nizamda fayda, üstünlük, qazanc əldə etsə də, daxili bazarda müəyyən təzyiqlərlə üzləşir.

Qısacası, bu gün Hörmüz və Bab-əl Məndəb boğazları ətrafında baş verən proseslər qlobal iqtisadi nizamın yenidən formalaşdırılması cəhdidir. Bu keçidlər üzərində nəzarət uğrunda mübarizə enerji axınlarının, ticarət marşrutlarının və nəticə etibarilə dünya iqtisadiyyatının ritminin kim tərəfindən idarə olunacağını müəyyən edir. Bu isə sübut edir ki, müasir dünyada müharibələr əsasən logistika, enerji və dəniz yolları üzərində aparılır.

Beləliklə, Yaxın Şərqdəki bu proseslər təkcə bu günün böhranı deyil, həm də gələcək dünya nizamının necə qurulacağının siqnallarını verir. Kim bu strateji keçidlər üzərində təsir imkanlarını genişləndirə biləcəksə, o da qlobal iqtisadi və siyasi sistemdə daha güclü mövqe qazanacaq.

Kamil Məmmədov

Xəbər lenti