IMG-LOGO

IATA: Azərbaycan Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli aviasiya körpüsü ola bilər - MÜSAHİBƏ

03 Aug 2026 15:34 5 baxış
IMG

Azərbaycan Avropa və Asiya bazarlarını birləşdirən əsas Avrasiya nəqliyyat-logistika qovşağı kimi mövqeyini ardıcıl surətdə möhkəmləndirir. Qlobal tədarük zəncirlərinin genişmiqyaslı şəkildə yenidən qurulması, sərnişin axınının artması və Orta Dəhlizin sürətli inkişafı fonunda ölkə aviasiya sahəsinin modernləşdirilməsində nəzərəçarpacaq sürət nümayiş etdirir. Bu prosesin əsas hərəkətverici qüvvələri hava məkanının idarə edilməsi üzrə qabaqcıl strategiyaların tətbiqi, marşrut şəbəkəsinin genişləndirilməsi, yeni hava limanlarının infrastrukturunun inkişafı və regionun qlobal "yaşıl keçid" gündəliyində fəal iştirakıdır.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman "Report"a eksklüziv müsahibəsində IATA-nın Azərbaycanın tranzit potensialını necə qiymətləndirməsi, Orta Dəhlizin imkanlarını üzə çıxarmaq üçün aradan qaldırılmalı olan əməliyyat və tənzimləyici maneələr, eləcə də loukosterlərin inkişafı və ekoloji cəhətdən təmiz aviasiya yanacağı (SAF) istehsalının perspektivləri barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- IATA-nın regionda sərnişin axınının 80 % artacağına dair proqnozlarını nəzərə alaraq, 10-20 il ərzində Azərbaycanın aparıcı qitələrarası tranzit dəhlizi kimi uzunmüddətli perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanqarşıdakı 10-20 illik dövrdə qitələrarası tranzit dəhlizi rolunu gücləndirmək üçün zəruri olan bütün ilkin şərtlərə malikdir ki, bu da ölkənin Avropa və Asiyanın kəsişməsindəki əlverişli strateji mövqeyindən irəli gəlir. İnkişafın əsas istiqamətlərindən biri tranzit sərnişin axınının artırılmasıdır.

Hazırda MDB bazarlarında tranzit daşınan sərnişinlərin xüsusi çəkisi nisbətən aşağıdır ki, bu da istifadə olunmamış əhəmiyyətli potensialdan xəbər verir. "Azərbaycan Hava Yolları" QSC (AZAL) artıq özünü perspektivli regional lider kimi təsdiqləyib: onun sərnişinlərinin təxminən 20 %-i Bakıdan tranzit keçir ki, bu da hab modelinin sonrakı inkişafı üçün etibarlı təməl formalaşdırır.

Bununla paralel olaraq digər regional aviaşirkətlər – "Air Astana" və "Uzbekistan Airways" də öz fəaliyyət miqyasını genişləndirir ki, bu da regionda uçuş intensivliyinin artırılması üçün ümumi potensialın olduğunu təsdiqləyir. Bu imkandan maksimum yararlanmaq üçün aviadaşıyıcılar və aeroportlar reyslərin cədvəlini birgə əlaqələndirməli və hərtərəfli hab ekosistemi formalaşdıraraq səmərəli birləşdirici uçuşlar təşkil etməlidir. Bu, məhz tranzit trafikinin artımın əsas hərəkətverici qüvvəsinə çevrildiyi, yerli tələbatın nisbətən məhdud olduğu bazarlarda xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, bir sıra struktur xarakterli amillər həlledici rol oynayacaq: infrastrukturun real tələbata yönəlmiş, beynəlxalq aviasiya ictimaiyyəti ilə razılaşdırılmış və baş plana əsaslanan iqtisadi cəhətdən əsaslandırılmış inkişafı; fəaliyyətin genişləndirilməsinin həddindən artıq yığımlar müəyyən edilmədən inkişafa təkan verməsini təmin etmək üçün aviaşirkətlərlə dialoqun qurulması, habelə tarifləşdirmə sahəsində ICAO siyasətinin tam tətbiqi; xüsusilə də qlobal uçuş marşrutlarının dəyişməsi nəticəsində trafikin artması şəraitində hava məkanının modernləşdirilməsi və onun səmərəliliyinin artırılması; hava nəqliyyatının liberallaşdırılması, yeni aviadaşıyıcıların cəlb edilməsi, bağlantı səviyyəsinin artırılması üçün "açıq səma" siyasətinin həyata keçirilməsi; fasiləsiz tranziti və rəqabətədavamlı tranzit təcrübəsini təmin etmək üçün sərnişin prosedurlarının rəqəmsallaşdırılması və sadələşdirilməsi.

İnfrastruktur, aviaşirkətlərin strategiyası və normativ-hüquqi baza düzgün uzlaşdırıldığı halda Azərbaycan Avropa və Asiya arasında rəqabətədavamlı körpü kimi öz mövqeyini möhkəmləndirmək üçün böyük potensiala malikdir.

- Qlobal logistika zəncirlərinin transformasiyası nəzərə alınmaqla, Avropa bazarları ticarət əlaqələrində strateji əhəmiyyətə malik alternativ kimi Orta Dəhlizə getdikcə daha çox diqqət yetirir. IATA bu dəhlizin aviasiya seqmentinin genişlənməsində Azərbaycanın rolunu necə qiymətləndirir və Avropa ilə Asiya arasındakı ticarətdə bu potensialın tam üzə çıxarılması üçün hansı əməliyyat və ya normativ maneələr aradan qaldırılmalıdır?

- Azərbaycan xüsusilə də qlobal tədarük zəncirlərinin Avropanı Asiya ilə birləşdirən daha etibarlı və şaxələndirilmiş marşrutlar axtarışı fonunda Orta Dəhlizin formalaşmasında getdikcə daha mühüm yer tutur. Ölkənin əlverişli coğrafi mövqeyi infrastruktur və logistika bazasına qoyulan irimiqyaslı investisiyalarla birlikdə onu hava yolu ilə həm yük, həm də sərnişin daşımaları üçün təbii birləşdirici qovşağa çevirir.

Logistika obyektlərinin, o cümlədən Ələt Azad İqtisadi Zonasının və yük daşımaları üçün ixtisaslaşdırılmış yeni aeroportun yaradılması ölkənin strateji planlarının bariz sübutudur. Öz növbəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanı mövcud güclərdən daha səmərəli istifadə və yeni aviadaşıyıcıların cəlb edilməsi hesabına fəaliyyətin genişləndirilməsi üçün böyük ehtiyata malikdir. Buna baxmayaraq, dəhlizin imkanlarının tam reallaşdırılması bir sıra əməliyyat və tənzimləyici məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. İlk növbədə, qiymət sahəsində rəqabətədavamlılıq mühüm əhəmiyyət kəsb edir: hava limanı yığımları və xidmət tarifləri alternativ marşrutlar və hablar fonunda cəlbediciliyini qorumalıdır, çünki şişirdilmiş xərclər aviaşirkətləri və logistika operatorlarını Bakını tranzit nöqtəsi kimi seçməkdən çəkindirə bilər. Bunun üçün tələb olunan infrastrukturun inkişafına və fəaliyyətinə zəmanət verən, həmçinin investorlara normativ mühitin proqnozlaşdırılması mümkünlüyünü nümayiş etdirən peşəkar iqtisadi tənzimlənməyə ehtiyac var.

Bundan əlavə, giriş maneələrini azaltmaq və yeni bazar iştirakçılarını cəlb etmək məqsədilə gömrük prosedurlarının və müşayiətedici sənədlərin optimallaşdırılmasını nəzərdə tutan tənzimləyici bazanın sadələşdirilməsi və liberallaşdırılması əsas vəzifə olaraq qalır. Rəqəmsallaşdırma və informasiya mübadiləsi də eyni dərəcədə vacib rol oynayır: IATA-nın "ONE Record" təşəbbüsü kimi qabaqcıl standartların tətbiqi logistika zəncirinin bütün mərhələlərində yüklərin şəffaflığını, operativliyini və izlənilmə mümkünlüyünü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Bununla yanaşı, Orta Dəhlizin imkanlarından istifadə etmək üçün həlledici əhəmiyyətə malik olan hava, dəmir yolu, avtomobil və dəniz nəqliyyatının hərtərəfli multimodal inteqrasiyası tələb olunur, çünki müxtəlif nəqliyyat növlərinin əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti çatdırılma müddətini azaltmağa və daşımaların proqnozlaşdırıla bilənliyini artırmağa imkan verəcək.

IATA-nın Yerüstü xidmətin təhlükəsizliyi üzrə auditi (ISAGO) kimi sahəvi proqramlar vasitəsilə əməliyyat səmərəliliyinin və keyfiyyət standartlarının yüksək səviyyədə saxlanılması isə ümumi təhlükəsizliyin, etibarlılığın və beynəlxalq logistika tərəfdaşları tərəfindən etimadın möhkəmlənməsinə kömək edəcək.

- Son illərdə qlobal aviamarşrutların yenidən qurulması fonunda Azərbaycanın hava məkanından keçən trafik rekord göstəricilərə çatıb. IATA "IATA Consulting" ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Hava Məkanından İstifadə üzrə Milli Strategiyanın (NAS) həyata keçirilməsinin aralıq nəticələrini necə qiymətləndirir? Ölkənin infrastrukturu təhlükəsizlik və əməliyyat səmərəliliyi baxımından belə yüksək axının öhdəsindən uğurla gələ bilirmi?

- Daha əvvəl də qeyd edildiyi kimi, Azərbaycanın hava məkanında trafikin əhəmiyyətli dərəcədə artması onun Avropa, Asiya və Yaxın Şərqi birləşdirən strateji tranzit dəhlizi kimi artan əhəmiyyətindən xəbər verir.

Bu kontekstdə "IATA Consulting" ilə birlikdə hazırlanmış NAS-ın tətbiqi buraxılış qabiliyyətinin gücləndirilməsi, səmərəliliyin artırılması və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. NAS-ın tətbiqinin ilkin nəticələri nikbinlik yaradır.

Təhlükəsizlik baxımından Azərbaycan yüksək standartlara riayət etməyə davam edir və çox yaxşı nəticələr nümayiş etdirir. Eyni zamanda, NAS strategiyası səmərəlilik sahəsində nəzərəçarpacaq üstünlüklər qazandırıb: marşrutların strukturu optimallaşdırılıb, uçuşların müddəti azaldılıb və hərəkət axınlarının idarə edilməsi mexanizmləri təkmilləşdirilib. Hava hərəkətinin təşkili üzrə qabaqcıl konsepsiyaların tətbiqi uğurlu inkişafın həlledici amili olacaq. Bura trayektoriyaların optimallaşdırılması və yanacaq sərfiyyatının azaldılması üçün performansa əsaslanan naviqasiya (PBN), buraxılış və uyğunlaşma qabiliyyətinin yüksəldilməsi üçün hava məkanından çevik istifadə (FUA), eləcə də daha yüksək proqnozlaşdırma qabiliyyətini və vəziyyətə dair məlumatlılığı təmin edən müasir müşahidə sistemləri və hava hərəkətinin rəqəmsal idarə edilməsi də daxildir.

Bu tədbirlər hava məkanının buraxılış qabiliyyətinin artırılmasına və əməliyyat mürəkkəbliyinin azaldılmasına kömək edəcək ki, bu da Azərbaycana hava trafikinin artan həcmlərini səmərəli şəkildə emal etməyə imkan verəcək. Bununla belə, NAS strategiyası uzunmüddətli transformasiya proqramı kimi nəzərdə tutulub və icrası 2026-cı ildə də davam edəcək. Bu cür perspektivli yanaşma buraxılış qabiliyyətinin artırılmasının, infrastrukturun inkişafının, Ələt və Laçın kimi yeni aeroportların inşasının və vahid strateji konsepsiya çərçivəsində hava məkanının layihələndirilməsinin tam uzlaşdırılmasını təmin edir.

Gələcəkdə ən yüksək təhlükəsizlik standartlarına riayət edilməklə buraxılış qabiliyyətinin tələbata mütənasib olaraq ardıcıl surətdə artırılması prioritet olaraq qalacaq. Bura qonşu dövlətlərin aeronaviqasiya xidməti provayderləri ilə transsərhəd koordinasiyanın dərinləşdirilməsi, hava hərəkətinin idarə edilməsi proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, kadr hazırlığı və hava hərəkətinin idarə edilməsi üzrə mütəxəssislərin ixtisasının artırılması daxildir. Bütövlükdə Azərbaycanın hava məkanı artan trafik yükünün öhdəsindən uğurla gəlir, NAS strategiyası isə davamlı inkişaf üçün etibarlı təməl formalaşdırır. Aeroport infrastrukturunda olduğu kimi, burada da sistemin maliyyə dayanıqlığını təmin edən müstəqil iqtisadi tənzimlənmə, eləcə də layihələrin və onların maliyyələşdirilməsinin beynəlxalq aviasiya ictimaiyyəti ilə əvvəlcədən razılaşdırılması çox mühüm rol oynayır.

- Cənab Şvartsman, Avropa aviasiyası əhəmiyyətli dərəcədə sərt rəqabət və aşağıbüdcəli aviaşirkətlərin (loukosterlərin) xidmətlərinin əlçatanlığı ilə müəyyən edilir. IATA Azərbaycanda aviasiya bazarının cari liberallaşma səviyyəsini necə qiymətləndirir? Avropanın aşağıbüdcəli aviaşirkətlərinin Azərbaycanın Gəncə, Qəbələ və ya Lənkəran kimi regional hava limanlarında mövcudluğunun genişləndirilməsi üçün potensial görürsünüzmü?

- Azərbaycan öz aviasiya bazarının açılmasında irəliləyiş əldə etsə də, burada gələcək liberallaşma üçün hələ də əhəmiyyətli potensial mövcuddur. Bazarın açıqlığı və ədalətli rəqabət şərtləri ilk növbədə, aşağıbüdcəli avidaşıyıcılar üçün hava əlaqələrinin genişləndirilməsinin əsas hərəkətverici qüvvələri kimi çıxış edir.

Hazırda Azərbaycanda loukosterlərin fəaliyyəti Avropa və qonşu bazarlarla müqayisədə nisbətən məhdud olaraq qalır ki, bu da genişlənmə üçün perspektivlərin mövcudluğundan xəbər verir. Avropanın aşağıbüdcəli aviaşirkətləri gələcəkdə fəaliyyət üçün müvafiq şərait yaradıldıqda, təkcə Bakıda deyil, həm də regional əhəmiyyətli aeroportlarda - Gəncə, Qəbələ və Lənkəranda da əməliyyat fəaliyyətini inkişaf etdirmək iqtidarındadır.

Bu cür artımı stimullaşdırmaq üçün vacib olan amillər bunlardır: "Açıq səma" modellərinə keçidlə müşayiət olunan hava əlaqəsi haqqında sazişlərin gələcəkdə liberallaşdırılması, şəffaflıq, aviaşirkətlərlə məsləhətləşmələr və səmərəliliyə yönəlmiş iqtisadi tənzimləmə hesabına əldə edilən rəqabətədavamlı aeroport və aeronaviqasiya xidməti (ANSP) tarifləri, nöqtədən nöqtəyə marşrutlar üzrə səmərəli reyslər nəzərə alınmaqla layihələndirilmiş müvafiq aeroport, ilk növbədə, regional aeroport infrastrukturu, eləcə də aviaşirkətlərin bazara daxil olmasına və onların əməliyyat fəaliyyətini həyata keçirməsinə töhfə verən sadələşdirilmiş və proqnozlaşdırıla bilən normativ-hüquqi mühit.

- IATA-nın məlumatlarına görə, turizm sektorunun və hava nəqliyyatı əlaqəsinin inkişafı bir-birinə sıx bağlıdır. Sizcə, Qərbi və Mərkəzi Avropanın paytaxt şəhərlərindən Bakıya birbaşa sərnişin axınının daha sürətli artmasının qarşısını alan başlıca maneə nədir? Bu, uçuş tezliyi, aviabilet qiymətləri, yoxsa istiqamətin tanınma dərəcəsi ilə bağlıdır və IATA bu bazarların canlanmasına necə kömək edə?

- Hava nəqliyyatı əlaqəsi ilə turizm sektoru qarşılıqlı sıx asılılıq içindədir və Azərbaycan kontekstində konkret bir "dar boğaz"dan söz açmaq mümkün deyil - burada Qərbi və Mərkəzi Avropa ölkələri tərəfindən tələbata təsir göstərən qarşılıqlı əlaqəli amillər toplusundan bəhs etmək lazımdır.

Aviadaşıyıcıların yeni marşrutların açılması və daşıma həcminin genişləndirilməsi barədə qərarlarını formalaşdıran ümumi xərc rəqabətliliyi mühüm rol oynayır. Bu zaman yalnız aviabilet tarifləri deyil, həmçinin əməliyyat məsrəfləri, o cümlədən hava limanı rüsumları və aeronaviqasiya xidmətinə görə haqqlar da nəzərə alınır. Bununla yanaşı, reyslərin mütəmadi icra olunması və marşrut şəbəkəsinin genişliyi əsas əhəmiyyət daşıyır.

Səyahətçilər adətən çevik və əlverişli uçuş qrafikinə malik istiqamətlərə daha çox üstünlük verirlər. Ölkənin turizm istiqaməti kimi imicinin möhkəmləndirilməsi və hədəf bazarlarda populyarlaşdırılması da vacib amildir. Azərbaycanın güclü turizm imkanlarına baxmayaraq, əsas Avropa bazarlarında istehlakçılar arasında onun tanınma səviyyəsinin artırılması məsələsi bu gün də olduqca aktual olaraq qalmaqdadır.

Tələbatın yaradılması nöqteyi-nəzərindən tarif quruluşunun müxtəlif sərnişin kateqoriyalarına diqqətlə uyğunlaşdırılması da vacib məsələdir. Həm turizm, həm də biznes seqmentində tələbatın artırılmasına istiqamətlənmiş qiymət siyasətinə düşünülmüş və elastik yanaşma aviaşirkətlərin maliyyə dayanıqlığını və rentabelliyini qorumaqla yanaşı, səfərlərə olan marağın yüksəlməsinə şərait yaradacaq.

- Cənab Şvartsman, Heydər Əliyev Beynəlxalq Hava Limanı sürətlə əsas regional haba çevrilir. Sizcə, Bakının Avropa ilə Asiyanın qovşağında fəaliyyət göstərən digər böyük nəqliyyat mərkəzləri ilə uğurla rəqabət aparması üçün onun uzunmüddətli baş planının əsasını hansı prioritetlər formalaşdırmalıdır? Bu kontekstdə Avropa aeroportlarının idarəçiliyi sahəsində hansı qabaqcıl təcrübələr daha geniş tətbiq edilə bilər?

- Avropa ilə Asiyanın qovşağında fəaliyyət göstərən lider hablarla effektiv rəqabət qurmaq məqsədilə Bakı Beynəlxalq Hava Limanının uzunmüddətli inkişaf strategiyası iqtisadi rentabellik, əməliyyat funksionallığı və pilləli genişlənmə imkanı prinsipləri üzərində qurulmalıdır.

Bu zaman artan tələbatla mövcud buraxılış qabiliyyəti arasında balansı təmin etmək üçün aviadaşıyıcılarla mütəmadi məsləhətləşmələr prosesin ayrılmaz hissəsinə çevrilməlidir.

Başlıca prioritetlərdən biri məhz terminalın buraxılış qabiliyyəti baxımından əsas məhdudlaşdırıcı amil olduğunun dərk edilməsidir. İnfrastrukturun perspektiv inkişafının hər şeydən əvvəl iddialı memarlıq layihələrinin gerçəkləşdirilməsinə deyil, sərnişin hərəkətinin optimallaşdırılmasına, emal potensialının yüksəldilməsinə, genişləndirmə imkanlarının yaradılmasına, rəqabətqabiliyyətli tariflərin saxlanılmasına və əməliyyat effektivliyinin artırılmasına istiqamətlənməsinə zəmanət verilməlidir.

Avropanın ən yaxşı praktikası aydın şəkildə göstərir ki, ən müvəffəqiyyətli aviasiya qovşaqları ilk növbədə əməliyyat nəticələrinə və iqtisadi effektivliyə fokuslanır ki, bu da son nəticədə onların böyüməsinin və rəqabət üstünlüklərinin möhkəmləndirilməsinin əsas hərəkətverici qüvvəsinə çevrilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, aeroport rüsumları yaradılmış infrastrukturun dəyərini birbaşa olaraq əks etdirir.

Terminal güclərinin genişləndirilməsinə dair gələcək layihələrin icra edilməsi zamanı əlavə kapital qoyuluşlarının rüsumların yüksəlməsinə gətirib çıxara biləcəyi ilə bağlı ciddi risk mövcuddur ki, bu da potensial olaraq aeroportun aviaşirkətlərin cəlb olunması və marşrut şəbəkəsinin genişləndirilməsi sahəsindəki mövqelərini zəifləyə bilər. Bu səbəbdən, iqtisadi cəhətdən əsaslandırılmış və faktiki tələbata uyğunlaşdırılmış inkişafın təmin olunması vacib şərtdir. Həmin məqsədə nail olmaq üçün adekvat iqtisadi tənzimləmə çərçivəsi tətbiq edilməlidir. Belə bir mexanizm dövləti və aviadaşıyıcıları artıq infrastruktur xərclərindən qorumaqla yanaşı, fəaliyyətin həyata keçirilməsində daim ədalətli, sabit və proqnozlaşdırıla bilən şərtlərə üstünlük verən investorlarda etimad formalaşdırır.

- Hazırda Ələt Azad İqtisadi Zonasının ərazisində yeni yük aeroportu inşa edilir və onun hava hərəkətini rəqəmsal idarəetmə sisteminə daxil edilməsi nəzərdə tutulur. IATA-nın bu layihədən gözləntiləri nələrdir və Bakı Yeni İpək Yolunda əsas yük hablarından birinə çevrilə bilərmi?

- Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış yük hava limanının yaradılması Azərbaycanın Orta Dəhliz və Yeni İpək Yolu boyunca mövqelərinin gücləndirilməsinə yönəlmiş irimiqyaslı strateji qərarıdır. Ölkənin əlverişli coğrafi mövqeyi və multimodal infrastruktura yatırılan sərmayələr sayəsində bu layihə Azərbaycanın Avropa və Asiyanı əlaqələndirən regional logistika mərkəzinə çevrilməsi üçün böyük imkanlar açır. Bununla yanaşı, Ələtdəki yük aeroportunun uzunmüddətli uğuru bir sıra mühüm amillərdən asılı olacaq.

Ən mühüm aspektlərdən biri layihənin iqtisadi səmərəliliyi, xüsusilə yalnız yük aeroportu modelinin səmərəli əməliyyat fəaliyyətini dəstəkləmək üçün yetərli və davamlı yük axınını təmin etmək bacarığıdır. Bunun üçün bazar tələbi, rəqabətədavamlı mövqeləndirmə və Ələtin daha geniş regional yük ekosistemindəki yeri dərindən təhlil edilməlidir.

Hər hansı bir uğurlu yük habının müəyyənedici rəqabət üstünlüyü kimi əməliyyat səmərəliliyi və ilk növbədə, gömrük rəsmiləşdirilməsi və məlumat mübadiləsi sahəsində rəqəmsallaşdırma çıxış edir. Bu kontekstdə IATA-nın ONE Record təşəbbüsünün tətbiqi və aviadaşıyıcılar, aeroportlar, ekspeditor şirkətləri və gömrük orqanları arasında proseslərin razılaşdırılması şəffaflığı əhəmiyyətli dərəcədə artıra, yüklərin emal müddətlərini azalda və əməliyyatların etibarlılığını gücləndirə bilər.

Səmərəli və rəqəmsallaşdırılmış gömrük prosedurları qlobal logistika sahəsində getdikcə həlledici rəqabət üstünlüyünə çevrilir.

- Avropa İttifaqının sərt ekoloji standartları, xüsusən də "ReFuelEU Aviation" proqramı çərçivəsində Avropa ölkələrinə uçuşlar həyata keçirən aviadaşıyıcılar yeni uyğunluq qaydalarına adaptasiya olmağa və maliyyə yükü ilə üzləşməyə məcbur olurlar. "Yaşıl transformasiya"nın Bakı ilə Avropa istiqamətləri arasındakı marşrutların iqtisadi səmərəliliyinə mənfi təsir göstərməməsi üçün IATA Aİ hüdudlarından kənardakı aviaşirkətlərə (o cümlədən AZAL-a) hansı tənzimləyici və məsləhət dəstəyi göstərir?

- Aviasiya sənayesi 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq hədəfini tam bölüşür və "ReFuelEU Aviation" kimi proqramlar dayanıqlı aviasiya yanacağının sürətli tətbiqi istiqamətində əhəmiyyətli addımlardır. Bununla yanaşı, bu transformasiyanın qlobal koordinasiya əsasında, ayrı-seçkiliyə yol verilmədən və bütün aviaşirkətlər, o cümlədən AZAL kimi Aİ-yə daxil olmayan dövlətlərin aviadaşıyıcıları üçün iqtisadi dayanıqlılıq qorunmaqla həyata keçirilməsi prinsipial əhəmiyyət kəsb edir.

Diqqətəlayiq məsələ ondan ibarətdir ki, Avropa İttifaqına üzv olmayan ölkələrin aviaşirkətləri Avropaya reyslər yerinə yetirərkən, Avropanın təyinat nöqtələrinə uçuşların sayından asılı olaraq "ReFuelEU" normalarına riayət etmək məsuliyyəti daşıyırlar. Təcrübədə bu, Avropa hava limanlarında dayanıqlı aviasiya yanacağının tədarükü və istifadəsi zərurətini nəzərdə tutur ki, bu da əlavə əməliyyat mürəkkəbliyi və maliyyə yükü yaradır.

SAF-ın maya dəyərinin hələ də standart reaktiv yanacağın qiymətini xeyli aşdığını nəzərə aldıqda, bu vəziyyət marşrutların rentabelliyinə birbaşa təsir edə bilər. Gələcəkdə əsas çıxış yolu SAF-ın dünya miqyasında istehsalının genişləndirilməsindən, istismar effektivliyinin artırılmasından və həm dekarbonizasiya prosesini stimullaşdıracaq, həm də sektorun uzunmüddətli inkişafını təmin edəcək ekoloji strategiyanın hazırlanmasından keçir.

- IATA-nın Aviasiya Enerji Forumunun Azərbaycanın paytaxtında təşkili ölkənin aviasiya sahəsinin ekoloji transformasiyasının fəal iştirakçısı kimi mövqelərini gücləndirdi. Xəzər və Qafqaz regionu SAF istehsalını yaratmaq və onun iqtisadi səmərəliliyini təmin etmək üçün hansı konkret tədbirləri görməlidir?

- Bakıda Aviasiya Enerji Forumunun keçirilməsi Azərbaycanın 2050-ci ilə qədər aviasiyada sıfır karbon emissiyasına nail olunmasına töhfə verməyə hazır olduğunu nümayiş etdirən əlamətdar hadisə oldu. Xəzər və Qafqaz regionu xüsusilə enerji sahəsində əldə olunmuş təcrübə və əlverişli coğrafi mövqe sayəsində ekoloji cəhətdən təhlükəsiz aviasiya yanacağı istehsalının artırılmasında iştirak etmək üçün böyük potensiala malikdir.

Planlaşdırma mərhələsindən həyata keçirmə fazasına keçmək üçün aydın siyasi və normativ-hüquqi baza yaradılmalıdır: hökumətlər SAF-ın istehsalı və tətbiqi üçün uzunmüddətli tənzimləyici çərçivələr və həvəsləndirmə sistemi formalaşdırmalı, tənzimləmədə şəffaflığı, sertifikatlaşdırma prosedurlarını və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq standartlara uyğunluğu təmin etməlidir.

Bundan başqa, mövcud enerji potensialından istifadə etmək məqsədəuyğundur, çünki regionun enerji istehsalı sahəsindəki təcrübəsi SAF-ın istehsal zəncirlərinin yaradılmasına yönəldilə bilər. Bura əlçatan yerli resurslar və texnoloji cəhətdən reallaşdırılma mümkünlüyü nəzərə alınmaqla, elektrik enerjisindən yanacaq sintezi texnologiyaları (power-to-liquid), bioloji və sintetik yanacaq da daxildir. Bununla yanaşı, sahə iştirakçılarının razılaşdırılmış fəaliyyəti vasitəsilə tələbatın formalaşdırılmasına ehtiyac var: aviadaşıyıcılar, aeroportlar, yanacaq operatorları və dövlət qurumlarının sıx qarşılıqlı əlaqəsi sənaye həcmlərində SAF istehsalını təmin edə biləcək davamlı istehlak mühitinin yaradılmasında həlledici rol oynayır.

Eyni zamanda, layihələrin iqtisadi məqsədəuyğunluğuna zəmanət vermək lazımdır, çünki əsas maneələrdən biri hələ də SAF və ənənəvi reaktiv yanacaq arasında əhəmiyyətli qiymət fərqidir və maliyyə alətlərinin - stimullaşdırıcı tədbirlərin, tərəfdaşlıq proqramlarının və uzunmüddətli satınalma müqavilələrinin formalaşdırılması bu qiymət fərqinin azaldılmasında həlledici rol oynayacaq.

Bununla yanaşı, vəsaitlərin infrastruktur və logistika zəncirlərinə yönəldilməsi vacibdir, çünki aeroportlar SAF inteqrasiyasını dəstəkləmək məqsədilə yanacağın saxlanması, qarışdırılması və paylanması üçün müvafiq güclər yaratmalıdır. Bundan başqa, rəqəmsallaşdırmaya və şəffaflığın təmin edilməsinə töhfə vermək lazımdır, çünki SAF tədarük zəncirlərində yanacağın mənşəyinin izlənilməsi imkanı getdikcə daha böyük əhəmiyyət kəsb edəcək və rəqəmsal alətlər sertifikatlaşdırma, monitorinq və hesabatlığın təqdim edilməsi ilə bağlı tələblərin yerinə yetirilməsini təmin edə biləcək.

Nəticə etibarilə, Azərbaycan qlobal tələbatı qarşılamaq və SAF-ı səmərəli şəkildə ixrac etmək, yaxud qitələrarası aviaşirkətlər tərəfindən istifadə olunması üçün "Jet-A1" qlobal standartlarına tam cavab verən yanacaq istehsalı həcmlərini dəfələrlə artırmalı olacaq. Dövlət dəstəyi, investisiya aktivliyi və sahələrarası qarşılıqlı əlaqənin düzgün şəkildə uzlaşdırılması şəraitində Xəzər və Qafqaz regionu SAF üzrə dünya ekosisteminin aparıcı iştirakçısına çevrilmək üçün bütün ilkin şərtlərə malikdir.

Mənbə: report.az

Xəbər lenti