IMG-LOGO

Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ

03 Aug 2026 17:10 5 baxış
IMG
1 0

Televiziya ekranında onu görəndə çoxlarının üzündə istər-istəməz təbəssüm yaranır. İllər əvvəl "Bacanaqlar" serialı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Elməddin Cəfərov bu gün də Azərbaycan kino və televiziya məkanının tanınan simalarından biridir. Ötən illər ərzində bir-birindən fərqli obrazlara həyat verən tamaşaçı rəğbəti qazanıb.

Lent.az-ın bu dəfəki müsahibi Elməddin Cəfərovdur. 

- Yay tətiliniz necə keçir, yeni layihələrə, yoxsa istirahətə çox vaxt ayırırsınız?

- Oğullarımla gəzirik. O qədər gəzmişəm ki, artıq ayaqlarım da xamlayıb (gülür). Amma avqustun 10-dan işlərimiz başlayır. "İki qapı arasında" serialımızı davam etdirəcəyik. İçində mütləq dəyişikliklər olacaq. Sujet xəttini, sistemini dəyişəcəyik.

Yeni mövsümdən etibarən yeni aktyorlar, yeni simalar olacaq. Belə deyim, 50 faiz gedəcək, 50 faiz qalacaq. Bundan əlavə, kanalların birində şou verilişimiz başlayacaq. Həftənin hər günü yayımlanacaq. Aparıcılardan biri mənəm, digər aparıcımızla danışmışıq, amma hələlik əlavə məlumat verə bilmirəm. 

Bir film üzərində də çalışırıq. Komediya filmidir. Azər Aydəmir və mən həm produser, həm aktyor, Orxan Mərdan isə layihənin rəhbəridir. Onun da hər şeyi hazırdır, ancaq kiçik xərclər qalıb. Yəni, yeni mövsümə hazıram.

- Sözügedən layihə nə vaxt tamaşaçılara təqdim ediləcək?

- Böyük ehtimalla qısa zamanda maddi tərəf  həll ediləcək və yəqin ki, dekabrda artıq tamaşaçıların ixtiyarında olacaq.

- Maddi sıxıntı nə ilə bağlıdır?

- Bir az çəkiliş xərclərimiz qalıb. Yəni, əslində böyük ölçüdə hər şey hazırdır.

- Deyəsən, pandemiyadan sonra film sektoru hələ də özünə gələ bilməyib. Səbəb nədir - sponsor, aktyor və ya rejisor işi, maddi problemlər?

- Bu məsələ təktərəfli deyil. Problemin başlanğıcı pandemiya oldu. Kinoteatrlar gec açıldı. Film sektoru çökdü. Maddi baza onsuz da həmişə zəif olub, pandemiyadan sonra daha da sıxıntılar yarandı. Amma yenə deyirəm, təktərəfli deyil - aktyorun da zəif olanı var, senarinin də, maddi imkan məsələsi də var. 

- Bəlkə, insanların görmək istədiyi fərqli janrlar, fərqli ssenarilərdir?

- Bizdə nəsə yaxşı olanda tez üzərində basqı yaradırıq ki, bu niyə bu qədər qabağa getdi? Bir dönəm komediya filmləri daha çox hazırlanırdı və hamı da komediya filmlərinin üstünə düşmüşdü. Bəs niyə komediya filmləri daha çox hazırlanır, dram filmləri niyə azdır? Beləliklə, komediya dayandı, dram onsuz da inkişaf etmirdi. 

- Düşünürsünüz ki, insanların drama marağı yoxdur?

- Dram filmləri tək Azərbaycanda deyil, dünyada zəifdir. Çünki insanlar kinoteatrlara drama yox, daha çox komediyaya baxmağa gedirlər. Buna bir əyləncə olaraq yanaşan insan dramı yox, komediyanı izləməyi seçir. Hə, kinoteatra get, dram filmi izlə, dərdinin üstünə dərd yığ, qayıt. İnsanlar bunu istəmir. Hər kinonun öz alıcısı var, amma komediyanın alıcısı daha çoxdur. 

- Kinoteatrlardakı tamaşaçı marağı sizi qane edir? Məsələn, 5 il əvvəllə bu günü müqayisə etsək, nələr dəyişib?

- Əvvəl bilet 5 manat idi, sonra 8-12-15 manat elədilər (gülür). Əvvəl kinoteatra gedəndə 20 manat verib 4 nəfər üçün bilet alırdın, 10 manatı da su, qida üçün xərcləyirdin. Sonra suyun, meyvə şirəsinin də qiymətini bir nəfər üçün 10 manata qaldırdılar. Su satan suyun, bilet satan biletin, popkorn satan popkornun qiymətini qaldırdı. Uçurum vəziyyət yaratdılar. Bunlar başa düşmədi ki, belə etməklə kinonu öldürürlər. Axırda öldürdülər. Yəni, artıq 4 nəfər gedəndə 80 manat xərci çıxır. Artıq insanlar fikirləşməyə başladı ki, gedib 80 manata hansısa restoranda oturaram.

- Kinomuz ölüb?

- Yaşayır ki? Komadadır. Qala gecələri, istehsal azdır. Açığı, sərf eləmir, onları da qınamıram. Adamlar daha keyfiyyətli iş istəyirlər, amma bilirlər ki, maksimum 20 min bilet satılacaq. Mən niyə 50 min biletlik nəsə xərcləyim? Kimə göstərirəm ki? Onsuz da film "partlayanda" məndən çox qıraqdakılar qazanır.

- Kimlər?

- Kinoteatrın sahibi, su satan, popkorn satan, digər dövlət qurumları olsun, məndən daha çox qazanır. Amma xərcləyən bir tək mən oluram. Filmin bütün xərclərini bir nəfər çəkir, amma çörəyini 10 nəfər yeyir. Tək bircə nəfər o filmin keyfiyyətini, qalan 9 nəfər gələn gəliri düşünür. Onda 9 nəfərin yerinə riski niyə tək mən etməliyəm ki? Niyə mən daha çox pul xərcləməliyəm ki? Niyə keyfiyyətli iş çıxartmalıyam ki, camaat desin, əttökən deyil? Desin də.

- Tamaşaçı xarici filmlərlə müqayisə edir, ona görə bəzən belə rəylər yazanlar olur...

- Kimsə əttökən deyəcək deyə mən 500 minlik borca girməliyəm? Bəs sonra mən xərcimi nə ilə ödəyəcəyəm? Bu, heç tamaşaçını maraqlandırmayacaq. Biz yeganə ölkəyik ki, filmi "YouTube"a pulsuz qoyub rəylərdə söyüş alırıq. Başa düşmür ki, bu filmə pulsuz baxır.

Söyüş yazıb rəydən bəyənmə yığmağa çalışır. Təşəkkür etmək yoxdur, ancaq söyüş, ancaq "əttökən" adlandırmaq. Niyə belə edirsiniz? Qanmaq var, qanmamaq var, bizdə artıq üçüncü sort yaranıb - yaxşılığa pisliklə cavab vermək. Nə bekar adamsan sən? Bu, nə xəstəlikdir? Sən niyə rəylərdə "rəy tutuzdumağa" çalışırsan?

- Kinomuz ölüb deyirsiniz, amma heç kəs irəli çıxmaq istəmir, onda diriltmək üçün pulu kim ayırsın? Gözləntiniz Mədəniyyət Nazirliyindəndir, yəqin ki...

- Mən demirəm e, nazirlik cibindən pul xərcləyib bunu yaratsın, daha sonra başlı-başına buraxsın. Yox. Yaratsın, oradan da pulunu çıxartsın. Amma bu 5 ili səbr edəcək qurum lazımdır.

- Bu gün özəl aktyor kursları da var...

- Özəl aktyor kurslaraının da bu gün maliyyə problemləri var. Yəqin ki, 5 il sonra qoyduqları əziyyəti götürə biləcəklər. Amma bunu nazirlik etsə, daha yaxşı olmazmı? Türklər qurub, iranlılar qurub, gülməlisi odur ki, qazaxlar, özbəklər qurub. Bizdə yoxdur, ümumiyyətlə, heç bu haqda fikir də yoxdur. Bəlkə, mütəxəssis yoxdur, onları da qınamıram. Bəzi şeylər istedadla olmur, sistemini bilmək lazımdır. Uşaq məktəbi yoxdur, pul ayırsan, necə olacaq ki? Onsuz da sistemi bilən adam yoxdur. 

- Siz özünüz nazirliyə müraciət etmisiniz?

- Bir neçə dəfə cəhd elədim, yaxın buraxmadılar.

- Nə dedilər?

- Mən həmişə özəl şirkətlərlə çalışmışam. Onlar belə olanda layihə kimi, aktyor kimi qəbul etmirlər. Çünki işbirliyin olmayıb. Sistem quranda özlərinin işbirliyi quracağı adamları olur. Onların da indi öz öhdəliyi var. Xarici festivala film yollamalısan - o sistemlə işləyirlər, müasir sistemə keçməyiblər. Yəni, standart gedirik. 

- İran, özbək, qazax filmlərini dediniz. Amma tamaşaçı həmişə türk serialları ilə bizim yerli seriallarımızı müqayisə edib... 

- 80 milyonluq ölkədir. Orada alıcı kütləsi çoxdur. Həm də televiziyalar sifarişçidir və böyük məbləğdə pul ödəyirlər. Bizdə belə deyil. Elə qırğın bazarımız yoxdur ki, sponsorlar arasında rəqabət olsun. Bizdə sponsor 3-5 min pul verir. Tamaşaçı deyir ki, Türkiyədə serial niyə belə güclüdür? Çünki o 200 min verir, bu 5 min. 5 minlik maşınla 200 minlik maşın arasında fərq olacaq. Necə edim? Qalan 190 mininə evimi satmalıyam? Reallıq var axı.

- Söhbət təkcə maddiyyatda deyil axı. Aktyor işindən də narazılıq var. Elə az öncə dediyiniz "əttökən" məsələsini nəzərdə tuturam. Tamaşaçı müqayisə edəndə belə deyir... 

- Biz hələ yeni-yeni öyrənirik ki, bu rolu filan aktyora vermək olar, ya yox. Uşağı olmayan qadına ana rolu veririk. O, özü bu duyğunu blmir. Türklər isə 50 ildir ki, bu mərhələni keçiblər. Nazirliyin də bir xətti yoxdur ki, aktyor, ssenarist, rejissorları xaricə təcrübəyə göndərsin. İndi yoxdur, heç olmasa, gələcək xilas edilsin. O da yoxdur, təməl yoxdur. Bunu etsələr, bilərsən ki, 5 il sonra 5 aktyor, 5 ssenarist, 5 rejissor gələcək. Etmirlər. Orada yeni aktyorları yetişdirməkdə dövlət bilirsiniz, necə maraqlıdır? Yetişdirir, bazara çıxarır və pul qazanır. 

- Bəs o zaman Türkiyədən gələn təklifləri niyə qəbul etməmisiniz?

- Düzdür, Türkiyədən dəfələrlə təklif gəlib. İlk vaxtlarda məni qəbul eləmədilər, sonra elədilər. Azərbaycanda ən bahalı aktyor idim, ən çox filmə dəvəti mən alırdım. Pikdə, yüksəlişdə idim. TV 8-də niyə aparıcılıq etməli idim? Belə də dedim. Mənə Azərbaycanda işləmək, yaratmaq daha rahat idi. Geriyə baxıram və deyirəm, yaxşı ki bu qərarı vermişəm. Həm də 0-dan başlamaq istəmədim. 

- Yəni, risk etmək istəmədiniz...

- Yox, elə deməzdim. Amma ora gedib nə əldə edəcəkdim? Mən artıq hər şeyə burada nail olmuşdum. Ora mənə nə verəcəkdi? Çox pul? Qazanırdım. Şan-şöhrət? Varım idi. Azərbaycanda komfortda idim.

- Azərbaycanda serialın gündəlik büdcəsi nə qədərdir?

- 2 min. İki min manata da 30 nəfər insan işləyir. İşığı, suyu, qidalanmanı çıxanda geriyə bir şey qalmır. Bir də yaradıcılığa pul xərcləməlisən. Yaxşı, hansı pulu? 2 minin içində yaradcılığa hara sıxışdırım? İlk başda çox yaxşı idi, dövlət dəstəyi var idi. Sistemləşmə var idi. Sonra pandemiyanın başlaması ilə də həmin ərəfədə televiziyaya, seraiala aid olmayan adamlar gəlməyə başladı. Onlar da çox böyük ziyan vurdular. Bəziləri qalıb, bəziləri gedib, amma artıq sistemin özü çöküb axı. 

- Bir az da keçmişdən - "Bacanaqlar" serialından danışaq. Dövrünə görə çox baxılıb sevilirdi. Amma bildiyim qədərilə, bir az da tənqidlərə dözmədi...

-"Bacanaqlar" yeni yayımlandığı vaxtlarda hamı pisləyirdi, tənqid edirdi. Dayandırlandan sonra hamı əl-ayağa düşdü ki, bəs niyə bağlandı? Niyə davam elətdirmədiniz? Axı sizin özünüz tənqid edirdiniz. Bu serial mənfi obrazı belə komediya janrında insanlara sevdirə bilmişdi.  

- Yenidən davam etdirmək istəyirsiniz?

- Xeyr. O enerji düşəndən sonra mümkün deyil, Üstəlik, yaşım da keçib. O yaşda deyiləm. O vaxt mən şəhərə çıxanda heç kəs Elməddin demirdi, hamı Taleh deyə çağırırdı. Aktyorun rolu sevilirdi.

- Yaxınlarınız da elə müraciət edirdi?

-Evdə Elməddin idim. Amma sizə şöhrətin pik həddində olduğum dönəmdən danışım. "Xoxan"ın qala gecəsindən sonra evə gələndə yoldaşım dedi ki, Elməddin çörək aldın? Kostyumda, şöhrətin pik həddində başa düşdüm ki, mən Elməddinəm. 

- Son olaraq, komada olduğunu dediyiniz kinomuzu, sizcə necə ayıltmaq olar?

- Vicdan məsələsi çox önəmlidir. Bu gün əksər Avropa ölkələrində "parkovka", "parkovşik" yoxdur. Avtobus yolu var, amma kamera qurulmayıb. Hər şey insanların öz vicdanına qalıb. Avtobus yoluna girmək olmaz da, buna görə kamera qoymalıdırlar?

Mənim bunu anlamaq üçün başım işləmir?! Mən vicdanla özümü düzəltməliyəm. Orada adamlara 100 min veriləndə hamısını filmə xərcləyirlər, amma bizdə elə olmur axı. Dövlət 1 milyon verəndə onun 500 minini yeyəcək. Pulu götürəcək, gedəcək özünə qıraqda villa tikəcək, yeyinti edəcək. Biz ancaq görsənən tərəfini deyirik, həllini yox. Fərdi problemimiz var. Fərdlər düzəlməsə, alınmayacaq.

Elməddin Cəfərov müsahibə

Mənbə: lent.az

Xəbər lenti