IMG-LOGO

"ING Group": Azərbaycanın xarici iqtisadi mövqeyi çox güclü olaraq qalır

01 Apr 2026 01:04 5 baxış
IMG

Yaxın Şərqdəki münaqişə ilə bağlı risklər fonunda Azərbaycanın ümumi xarici iqtisadi mövqeyi çox güclü olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə Niderlandın ən iri bank holdinqi olan "ING Group"un MDB ölkələrinin makroiqtisadi göstəriciləri üzrə hesabatında deyilir.

Tədqiqatda qeyd olunub ki, Yaxın Şərqdəki müharibə yanacaq qiymətlərinin artması, qlobal risk meylinin azalması, həmçinin potensial ticarət fasilələri və inflyasiyanın artması daxil olmaqla, bir neçə amil vasitəsilə MDB regionuna təsir göstərir. Neftin qiymətinin artmasının Azərbaycan və Qazaxıstanın ixrac perspektivlərini yaxşılaşdırdığı, eyni zamanda, enerji resurslarının idxalından asılı olan Ermənistana təzyiq göstərdiyi vurğulanır.

"ING" ekspertləri 2026-cı il üçün "Brent" neftinin qiymət proqnozunu bir barrel üçün 82 dollara (+20 ABŞ dolları) qaldırıblar, eyni zamanda risklərin qiymətlərin daha da yüksəlməsi istiqamətinə yönəldiyini bildiriblər. Aİ və digər inkişaf etmiş ölkələrdən, Türkiyə, İran və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrindən idxal asılılığı əsas risk olaraq qalır. Analitiklər həmçinin ƏDV-nin artırılması fonunda 2026-cı ildə Qazaxıstan iqtisadiyyatının ləngiməsini gözləyirlər.

"Yaxın Şərqdəki gərginlik qlobal inflyasiya risklərini gücləndirir ki, bu da bütün regionda ehtiyatlı yanaşmanın xeyrinədir. Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsinin sabitliyi etibarlı olaraq qalır, Ermənistan dramı isə hələ də şişirdilmiş (real dəyərindən baha) görünür. Qısamüddətli perspektivdə Qazaxıstan və Özbəkistanın milli valyutaları müsbət qiymətləndirilir", - hesabatda bildirilib.

İqtisadçılar həmçinin vurğulayıblar ki, neftin qiymətinin hər barel üçün əlavə 10 dollar artması Azərbaycanın illik ixracının dəyər ifadəsində təxminən 3 milyard dollar (ÜDM-in 4 %-i) artmasına və 1,5–2,0 milyard dollar məbləğində əlavə büdcə gəlirlərinə səbəb olur. Bununla belə, mütəxəssislər Bakının müdafiə və təhlükəsizlik xərclərini artırmaq zərurəti ehtimalını nəzərdən keçirirlər, lakin ümumi fiskal mövqe çox güclü olaraq qalır: 2025-ci ildə icmal büdcəsinin profisiti ÜDM-in 2,6 %-ni təşkil edib, suveren yığımlar isə ÜDM-in 100 %-ni ötür.

"Fiskal siyasətin həddindən artıq məhdudlaşdırıcı olmaması və ABŞ, Aİ və Çin ilə ticarət əlaqələrinin inkişafa davam etməsi şərti ilə ÜDM-in artımı 2026–27-ci illərdə yenidən 2–3 % diapazonuna qayıda bilər", - hesabatda qeyd olunub.

Tədqiqatda həmçinin qeyri-neft sektorundakı müsbət amillər vurğulanıb. Qeyd olunub ki, nisbətən yüksək sənaye inam göstəricisi fonunda korporativ kreditləşmənin artımının son vaxtlar stabilləşməsi qeyri-neft sektorunda investisiya fəallığının potensial bərpasına işarə edir.

"Azərbaycanın fiskal rentabellik nöqtəsi özünün 10 illik diapazonunda qalır. Dayanıqlı fundamental göstəricilər neftin fiskal rentabellik qiymətini bir barel üçün təxminən 59 dollar səviyyəsində sabit saxlamağa kömək edib.

2025-ci ilin inflyasiya göstəriciləri ümumilikdə tarixi orta göstəricilərə uyğun gəlsə də, 2026-cı ilin əvvəlində daxili kommunal xidmət tariflərinin artırılmasından sonra göstəricilər sürətlənib. 2024-cü ildə dezinflyasiyanın əsas amilləri olan ərzaq və xidmətlər, qismən bu daxili tarif artımları səbəbindən o vaxtdan bəri tendensiyanı dəyişib. İdxalın, demək olar, yarısının Yaxın Şərqlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan gəldiyini nəzərə alsaq, ümumi istehlak qiymətləri indeksi artım riskləri ilə üzləşir. Dünya ərzaq qiymətlərinin 10 % artması ölkədəki ümumi inflyasiyaya 1,5 faiz bəndi əlavə edir", - analitiklər qeyd ediblər.

Tədiyyə balansının cari əməliyyatlar hesabının müsbət saldosuna gəlincə, ekspertlər qeyd ediblər ki, bu, əsas payı (62 %) Aİ-nin üzərinə düşən neft-qaz ixracı hesabına əldə edilir. Bunun fonunda 2025-ci ildə ABŞ-dən idxalın artaraq 9 %-ə çatması qeyd olunub ki, bu da TRIPP layihəsi kontekstində ABŞ-nin regiona daha geniş strateji marağını şərtləndirir. Bundan əlavə, Azərbaycan idxal coğrafiyasını diversifikasiya edib, Çin ilə əlaqələrini gücləndirib (15 %) və Rusiyadan asılılığı daha da azaldıb (11 %).

Azərbaycanın ümumi xarici iqtisadi mövqeyi çox güclü olaraq qalır. Mərkəzi Bankın ehtiyatlarını və ARDNF aktivlərini daxil edən suveren aktivlər ÜDM-in təxminən 115 %-i səviyyəsindədir. Mütəxəssislərin fikrincə, bu buferlər neftin qiymətinin müvəqqəti olaraq təxminən 60 dollarlıq rentabellik həddindən aşağı düşdüyü halda belə, AZN/USD məzənnəsini 1,70 səviyyəsində qorumağa imkan verməlidir.

"Kredit strategiyası üzrə fundamental mənzərə ümumilikdə müsbətdir: Azərbaycanın reytinqləri artıq inamla investisiya kateqoriyasındadır və Yaxın Şərq münaqişəsindən mənfi yan təsirlərin müəyyən riski qalmasına baxmayaraq, "Moody's" müsbət proqnozu saxlayır. Ermənistanla davam edən sülh prosesi son illərin irəliləyişini nəzərə alaraq bu mərhələdə daha çox müsbət katalizator rolunu oynayacaq. Bu kontekstdə qiymətləndirmələr Azərbaycan üçün cəlbedici görünür və ölkə Yaxın Şərqdə daha uzunmüddətli münaqişə və neft qiymətlərinin davamlı sıçrayışı zamanı etibarlı qoruyucu aktiv kimi çıxış etməlidir", - hesabatda bildirilib.

Xəbər lenti